İqtisadi İnkişaf Nazirliyi ilə Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır
Noyabrın 2-də Azərbaycanda səfərdə olan Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadi İnkişaf Nazirliyində görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Argentina arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın perspektivləri müzakirə edilmiş, əlaqələrin inkişafında prioritet investisiya sahələrinin müəyyənləşdirilməsinin və bu sahədə məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanmışdır. Bundan başqa, biznes forum, təqdimat və sərgilərin təşkili, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Argentinanın aidiyyəti qurumları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyəti qeyd edilmişdir.
Görüş çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi arasında elmi, texnoloji tədqiqat və innovasiya sahələrində Anlaşma Memorandumu imzalanmışdır. Sənədi iqtisadi inkişaf naziri Şahin Mustafayev və argentinalı nazir Lino Baranao imzalamışlar.
Sənəddə elmi-tədqiqat, texnologiya və innovasiya
sahələrində əməkdaşlıq, birgə elmi-tədqiqat
və innovasiya layihələrinin
hazırlanması, bu sahədə seminar və "dəyirmi masa"ların təşkili
nəzərdə tutulur.
Azərbaycan.- 2011.- 3 noyabr.- S. 3.