Yefim Pivovar: Bakı Beynəlxalq Humanitar Forumu nadir hadisədir

 

 Bakı Beynəlxalq Humanitar Forumu nadir hadisədir. Dünyada elm, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün belə məkanlar olduqca azdır. Humanitar, siyasi forumlar vardır, lakin Bakıda təqdim edildiyi və həyata keçirildiyi kimi, ümumiyyətlə, olmamışdır. Bu sözləri AzərTAc-a müsahibəsində forumun iştirakçısı, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Yefim Pivovar demişdir.

Onun fikrincə, bu tədbir fundamental elmlə mədəni dəyərlərin vəhdəti olmuşdur: "Tamamilə müxtəlif humanitar aspektlərin belə birləşməsi ilk dəfə təşkil edilmişdir və Nobel laureatlarının, görkəmli mədəniyyət xadimlərinin və siyasətçilərin iştirak etdikləri belə aksiyalar üçün getdikcə daha əlverişli məkana çevrilən Azərbaycanda baş vermişdir".

RDNH-un rektoru, həmçinin vurğulamışdır ki, multikulturalizm mövzusu forumun aparıcı mövzusu olmuşdur və onun moderator olduğu panel ən kütləvi panellərdən biri sayılmışdır. O demişdir: "Paneldə müxtəlif qitələrdən 450 nümayəndə iştirak etmişdir. Çıxış edənlər arasında Azərbaycan, Rusiya, Qazaxıstan nümayəndələri ilə yanaşı, Argentina, İsrail, İran, Almaniya ekspertləri olmuşdur". Pivovar qeyd etmişdir ki, forum həm də ona görə faydalı olmuşdur ki, burada siyasi və multimədəni mühitdə hakimiyyətin və cəmiyyətin qarşılıqlı fəaliyyət təcrübəsi təqdim edilmiş, bu təcrübəyə yiyələnməklə cavab verilməsi tələb olunan çağırışlar müəyyən edilmişdir.

Sonda Bakının sürətlə inkişaf edən şəhər olduğunu vurğulayan Y.Pivovar demişdir: "Binalar inşa edilir, şəhər abadlaşır. Əlbəttə, regional münaqişənin həll olunmaması, məcburi köçkünlər problemləri vardır. Buna baxmayaraq, cəmiyyət dinamik və olduqca səmərəli inkişaf edir".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-3 noyabr.- S.  3.