Bakıda «Xəzər: ətraf mühit üçün texnologiyalar» mövzusunda beynəlxalq sərgi açılmışdır

 

 Noyabrın 2-də Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün texnologiyalar" (CTE-2011) beynəlxalq sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Argentinanın elm, texnologiyaproduktiv innovasiya naziri Lino Baranoa 13 ölkədən 75 şirkətin qatıldığı sərgi ilə yaxından tanış olmuşlar.

Sərginin əhəmiyyətindən və ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən layihələrdən danışan nazir H.Bağırov bildirmişdir ki, bu gün dünyanı bürüyən iqtisadi böhran bir çox ölkələrin iqtisadiyyatına ağır zərbələr vurmuşdur. Ancaq  Azərbaycanın dinamik inkişaf strategiyası və düşünülmüş siyasət kursu yarana biləcək çətinliklərin qarşısını almışdır. Odur ki, Azərbaycanda həyata keçirilən bütün proqramlar və beynəlxalq layihələr uğurla davam etdirilir.

Azərbaycanın ev sahibliyi ilə son illər müxtəlif mövzularda beynəlxalq sərgi və konfransların çox yüksək səviyyədə keçirildiyini söyləyən H.Bağırov bu sərgini də şirkətlər arasında əməkdaşlıq baxımından əhəmiyyətli adlandırmışdır.

Nazir, həmçinin təbiətə ziyan vuranlara qarşı cəza tədbirlərinin sərtləşdiriləcəyini, bununla bağlı təkliflər hazırlandığını da diqqətə çatdırmışdır.

Argentinanın elm, texnologiyaproduktiv innovasiya naziri Lino Baranoa çıxışında Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.

Sərgidə Azərbaycan, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən təbii ehtiyatlardan səmərəli istifadə, alternativ enerji mənbələri, suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdirilir. Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da məhsullarını sərgiyə çıxarmışlar.

"CTE-2011" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaqdır. Sərgi çərçivəsində noyabrın 3-də "Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.

Sərgi noyabrın 4-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 3 noyabr.- S.  3.