Türk tarixinin ən qədim səhifələri açılır

 

 Bu günlərdə filologiya elmləri doktoru, BDU-nun professoru Qara Namazov ümumtürk dünyasının və onun ayrılmaz bir parçası olan Azərbaycanın indiyədək heç kəsə məlum olmayan ən qədim tarixini öyrənmək baxımından çox böyük əhəmiyyətə malik "Ceyms Çorçvodun tarixi kəşfləri" kitabı ilə oxucuların görüşünə gəlib. Türk və Azərbaycan tarixşünaslığına əvəzsiz bir töhfə olan bu əsər 1990-cı ildə türk Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəxsi arxivi açılarkən oradan məşhur ingilis alimi Ceyms Çorçvodun ortaya çıxmış 4 kitabındakı dünya sivilizasiyasının ilkin dövrlərinə dair zəngin tarixi faktlara istinadən aparılmış araşdırmaların bəhrəsidir. Bu əsər 30 min il böyük okeanda yaşamış, 12 min il bundan əvvəl isə dəhşətli bir zəlzələ nəticəsində 60 milyon insanla birlikdə okeana qərq olmuş, indiki Amerika qitəsinin özəyində qərar tutan 9500 kilometr uzunluğunda, sahəsi Avstraliya qitəsindən bir neçə dəfə böyük bir qitənin - uyğur türklərinin ulu vətəni Mu ölkəsinin - Günəş imperiyasının tarixinin dərin qatlarına enib öyrənilməsi baxımından Azərbaycan tarixşünaslığında atılmış ilk uğurlu addımdır. Kitabda qeyd olunduğu kimi, on min illərcə bundan öncə Qafqazda dəhşətli buzlaşma getdiyindən qədim türklərin ulu babaları Orta Asiyaya, oradan tədricən Sibirə, Alyaskaya süvar etmiş, nəhayət, soyuq iqlimin təsirindən can qurtarmaq üçün Amerikanın orta və cənub rayonlarında məskunlaşmaq məcburiyyətində qalmışlar.

Müəllifin qeyd etdiyi kimi, C.Çorçvod 1886-cı ildən 1936-cı ilədək tam yarım əsr planetimizin bütün qitələrini qarış-qarış gəzmiş, ayrı-ayrı ölkələrin məşhur arxeoloqları, geoloqları, hidroloqları, antropoloqları, etnoloqları, tarixşünasları ilə görüşüb söhbətləşmişdir. Hindistanın, Birmanın, Yunanıstanın, Tibetin, Amerikanın və Avropanın monastrlarında fəaliyyət göstərən din xadimləri ilə sıx əlaqə yaradaraq zəngin lotoqrafik, hiyeqrafik, xüsusən də rəmzi və həndəsi yazılar toplamış, kilsələrdə gizli saxlanılan tabletlərdəki (gil lövhələrdəki) həmin rəmzi yazıların şifrələrini açmaqla həyatın yaranmasının daha dərin qatlarına üz tutmuşdur. Ayrı-ayrı ölkələrdə rast gəldiyi xarabalıqları, qədim tikililəri, piramidaları, Amerikada böyük mədəniyyət yaratmış türklərə məxsus Maya səltənətinin, əslən uyğur türkləri olan qızıldərililərdən qalmış möhtəşəm sarayların qalıqlarının şəkillərini çəkmiş, qədim dünya sivilizasiyasının bir neçə dönəmini izləməyə müvəffəq olmuşdur. Hətta qədim maddi mədəniyyət abidələrimiz olan Naxçıvandakı Gəmiqayanın, Qobustandakı qayaüstü təsvirlərin də yaşam tarixinin bəzi arxeoloqlarımızın təxmin etdiyi kimi, 5 min il bundan əvvələ deyil, daha qədimlərə, yəni 20 min il bundan öncəyə gedib çıxdığı, həmin dövrlərdə belə bu ərazilərdə bizimlə eyni soykökünə mənsub uyğur türklərinin yaşadıqları dəqiq faktlarla təsdiqlənir. Kitabda qeyd edildiyi kimi, bu gün Amerika qitəsində yaşayan qızıldərililərlə, yəni qədim türklər olan hindularla Asiyada yaşayan türk xalqlarının Novruz bayramı mərasimlərində və digər adət və ənənələrində də bir eynilik mövcuddur. Onlar da Azərbaycanda olduğu kimi, martın 21-ni - Novruz bayramını "Otlar bitən ay", aprel ayını "Düyələr doğan ay", yazın birinci ayını "Oğlaq ayı" adlandırırlar.

Türk dünyasının ilk doğuluş tarixinə parlaq güzgü tutan, zəngin faktlarla dolu bu qiymətli əsərin oxucular tərəfindən böyük maraqla qarşılanacağına əminik. 

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2011.- 3 noyabr.- S.  5.