ATƏT-in baş katibi: «Türkiyə
Dağlıq Qarabağ münaqişəsinin
həllində mühüm rol oynaya biləcək»
ATƏT-in baş katibi Lamberto Zannyer "TodayTs Zaman" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mühüm rol oynaya biləcəyini vurğulamışdır.
Türkiyəni regionun mühüm bir ölkəsi adlandıran baş katib qeyd etmişdir ki, onun məsələyə siyasi töhfə vermək imkanı vardır.
Qəzetdə qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, əsasən etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ və onun ətrafındakı erməni əhalinin yaşamadığı yeddi rayon keçən əsrin 90-cı illərində Ermənistan tərəfindən işğal edilmişdir.
Müsahibədə ATƏT-in Minsk qrupunun rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlara toxunan L.Zannyer etiraf etmişdir ki, bu prosesdə dinamika çatışmır.
Türkiyənin münaqişənin nizamlanmasında oynaya biləcəyi rola diqqətçəkən baş katib bildirmişdir ki, burada rəsmi formatın olması şərt deyil. Türkiyə Azərbaycan və Ermənistan ilə həmsərhəd olan dövlət kimi real təsir imkanlarına, eləcə də tərəflər arasında dialoqun inkişaf etdirilməsində şərait formalaşdırmaq gücünə malikdir.
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərinə toxunan L.Zannyer səslənən bəzi tənqidləri qəbul etmədiyini demişdir. Baş katib vurğulamışdır ki, Dağlıq Qarabağ və digər münaqişələrin həlli məsələsini müəyyən beynəlxalq qurumlara ötürmək çağırışları münaqişələri həll etməyəcək: "Problem məsələnin mahiyyətindədir. Çox şey tərəflərin iradəsindən asılıdır. Biz lazımi şərait yaratmağa, vəziyyətin nəzarət altından çıxmamasına çalışırıq. Lakin təhlükəsizlik məsələlərinə gələndə vəziyyət qəlizləşir".
Sonda baş katib vurğulamışdır ki, əgər hazırkı mərhələdə münaqişəni həll etmək mümkün olmursa, görüləcək ən yaxşı iş vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır.
Elgün Niftəliyev,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.- 2011.- 3 noyabr.- S. 7.