Tələbələrimiz
Berkli Universitetində təhsil almaq şansı qazandılar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universiteti ilə ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin arasında rəsmi müqavilə imzalanmışdır.
Son illər Azərbaycan dövlətinin və ölkə başçısı İlham Əliyevin xüsusi diqqət mərkəzində olan sahələrdən biri də təhsilin səviyyəsinin artırılması, kadrların peşə hazırlığının optimal yüksəldilməsi məsələsidir. Prezidentin 2006-cı il 19 oktyabr tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı gənclərimizin xaricdə təhsil almasını, ölkənin elmi-texniki potensialının möhkəmlənməsi prosesində yaxından iştirak etməsini, modern texnologiyalara birbaşa çıxışını təmin etmək məqsədini reallaşdırdı. Bu sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" öz növbəsində istedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasına təkan verdi.
Cənubi Qafqazda iqtisadi inkişafa görə lider dövlət kimi tanınan Azərbaycanda xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına mükəmməl yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan artan tələbatın ödənilməsi zərurəti yaranmışdır. Dünyanın qabaqcıl təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni mərhələdə olduğu zamanda prioritet məsələlərdən biridir. Ölkəmizdə texniki kadrların hazırlanması sahəsində zəngin təcrübəsi olan, dünyanın bir sıra nüfuzlu universitetləri ilə geniş əməkdaşlıq edən Azərbaycan Texniki Universitetinin təkcə ABŞ-da deyil, bütövlükdə bütün dünyada ən aktual elmi problemlərin tədqiqi sahəsində yüksək göstəricilər qazanmış Berkli Universiteti ilə imzaladığı müqavilə bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir.
Amerika Birləşmiş Ştatlarının Berkli Universiteti hərtərəfli, mükəmməl inkişaf etmiş və yüksək idarəetmə mexanizminə malik olan, dünya üzrə digər nüfuzlu elm və təhsil müəssisələri ilə geniş əməkdaşlığı həyata keçirən fundamental elmi tədqiqat işləri ilə məşhurdur. Bu ilin may ayında ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetində Azərbaycan Respublikası tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Texniki Universitetin rektoru Havar Məmmədov, Berkli Universiteti tərəfindən dünya şöhrətli azərbaycanlı alim-professor Lütfi Zadə, Berkli Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-kansleri Ron Qronski və digər nüfuzlu alimlər arasında danışıqlar aparılmışdır. Müzakirələr olduqca faydalı və konstruktiv keçmişdir və Berkli Universiteti, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında üçtərəfli rəsmi müqavilənin imzalanması ilə məntiqi sonluğuna çatmışdır. Bu müqavilənin ölkəmizin elm salnaməsində əlamətdar iz qoyacaq böyük hadisə olduğu artıq şəksizdir.
Müqavilədə universitetlər arasında fakültə tədqiqatçıları, magistr və tələbələrin təhsili, mədəniyyət və elm mübadiləsinin artırılması üçün münasibətlərin yaradılması nəzərdə tutulmuşdur. Bütün xərclər göndərən universitetlər tərəfindən ödəniləcəkdir. Müqavilə 5 il ərzində qüvvədədir. Müqaviləyə əsasən, mübadilə olunan tələbə 2 semestr müddətinə göndərilə bilər. Magistrlər, doktorantlar, gənc alimlər, müəllim-professor heyəti və tədqiqatçı-vizitorların Berkli Universitetində ixtisaslarlaşmaları Azərbaycanın beynəlxalq səviyyədə təhsil və elm sahələrində yaratdığı əməkdaşlıq tellərində, xüsusən də tələbə mübadiləsi prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onu da qeyd edək ki, Azərbaycan Texniki Universiteti Berkli Universitetinin rəsmi saytında qeyd olunmuş yeganə Cənubi Qafqaz ölkəsidir.
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Berkli Universiteti 100 ən yaxşı ali məktəb arasında 39-cu yerdədir. Berkli Kaliforniya Universiteti Amerika Universitetləri
Assosiasiyasının yaradıcılarından biridir.
Berkli Kaliforniya Universitetinin müəllim və məzunları
arasında ümumilikdə Nobel
mükafatına layiq görülmüş
65 şəxs var. Məzunlardan "Apple",
"Intel", "Google", "MySpace", "Adobe
Systems", "Electronic Arts", "VMware", "HTC
Corporation", "Qualcomm", "Sun Microsistems"
kompaniyalarının yaradıcıları
və rəhbərlərini
qeyd etmək olar.
Berkli Universitetinin kansleri, professor Robert Birgeneau rəhbərlik etdiyi ali təhsil ocağını belə xarakterizə edir: "Berkli təpələrindən
qərbə tərəf
günəşin batmağını
müşahidə edərkən
qızılı rəngə
boyanmış Sater qapısını, universitetin
geniş qərb sərhədlərini görmək
mümkündür. Lakin
Berkli Kaliforniya Universiteti bu gün coğrafi sərhədlərindən daha
çox intellektual sərhədlərinin genişləndirilməsində
maraqlıdır. Nümunəvi
dövlət universiteti
kimi Berkli Kaliforniya Universitetinin rolu o qədər önəmlidir ki, onun ən yüksək
səviyyəyə çatması
üçün biz əlimizdən
gələni etməliyik.
Tədris və tədqiqatlarda yol verilən istənilən uğursuzluq təkcə universitetin nüfuzunun deyil, eləcə də dövlətin təhsil standartlarının
aşağı düşməsinə
səbəb olur".
Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin
dosenti,
Lütfi Zadə adına Beynəlxalq
Müasir Elmlər
Akademiyasının həqiqi
üzvü
Azərbaycan.- 2011.-3 noyabr.- S. 7.