Azərbaycan
Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi
Qafqaz üzrə regional direktorunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul etmişdir.
Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əsəd Alam təmsil etdiyi qurumun Azərbaycan ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirdi.
Dünya Bankının Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini bildirdi.
Görüşdə 2011-ci ildə ölkəmizin qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulandı, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olundu, sosial infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dünya Bankının vitse-prezidentinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 4 noyabr.- S. 1.