TürkPA türkdilli ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır

 

 Noyabrın 3-də  Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq əlaqələr komissiyasının birinci iclasının iştirakçıları ilə görüşdü.

Qonaqları salamlayan Milli Məclisin Sədri TürkPA-nın yaradılması ilə bağlı görülmüş işlərdən danışdı, təşkilatın fəaliyyətini yüksək qiymətləndirdi. Oqtay Əsədov qeyd etdi ki, TürkPA türkdilli ölkələr arasında əlaqələrin inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Bu fəaliyyət hazırda uğurla davam etdirilir və inanırıq ki, TürkPA parlament diplomatiyasının inkişafında bundan sonra da çox işlər görəcək.   Milli Məclisin Sədri TürkPA-nın yaxın vaxtlarda nüfuzlu beynəlxalq təşkilata çevriləcəyinə əminliyini də vurğuladı.

Görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin deputatları Məhərrəm İncə, Ülker Güzel, Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının ilk iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, TürkPA-ya üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı təkcə türkdilli ölkələr deyil, bütün dünya üçün səmərə verəcək. Həmçinin TürkPA-nın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusu alması, BMT Baş Məclisində də müşahidəçi statusu alması məsələsinin Baş Məclisin gündəliyinə salınması yüksək qiymətləndirildi.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə münasibət bildirən qonaqlar bunu bütün türk dünyasının qələbəsi kimi qiymətləndirdilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.

 

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S.  1.