«Sehrli
qutu»nun əbədiyaşar
sirləri
Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə də, "sehrli qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi də davam edir. Respublikamızda radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də "Bakı" studiyası adı ilə efirə çıxıb. Sovet dövründə yalnız bir Azərbaycan televiziya və radiosu fəaliyyət göstərirdi. Sonralar əlavə olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. Radionu da, televiziyanı da insanlar ilk dəfə heyrətlə qarşılayaraq onu "sehrli qutu" adlandırıblar. Yaranmasından yüz il də ötə, min il də keçə, bu "qutu" öz sehrini saxlamaqdadır. Onun cazibəsinə milyonlar yığışır.
Mərkəzi televiziyanın ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) nəzdində fəaliyyət göstərən iki müstəqil kanal - "İdman-Azərbaycan", Mədəniyyət kanalları artıq tamaşaçılar tərəfindən maraqla izlənilir. O cümlədən, ATV, ANS, İTV, "Xəzər", "Lider", "Space" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Bundan başqa, xaricdə Azərbaycandilli televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri fəaliyyət göstərirlər.
Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fondun"dan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir. Özünəməxsus ənənələrə, səriştəyə, peşəkarlığa, təcrübəyə malik olan bu şirkəti mütəxəssislər "Mərkəzi televiziya" adlandırmaqda haqlıdırlar. Əski sovetlər zamanında müttəfiq respublikalar üçün bu missiyanı Moskva televiziyası yerinə yetirirdi. Təbii ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra teleradio verilişləri sahəsində gedən inkişaf və kanalların çoxluğu imkan verir ki, biz öz qədim, şərəfli tarixi olan sevimli televiziya şirkətimizi iftixarla bu cür təqdim edək.
Mərkəzi televiziyanın maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalar və montaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri də yeni və müasir avtomobillərlə zənginləşdirilib. 2006-cı ilin avqustunda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri vəzifəsinə təyin olunan Arif Alışanov burada köklü islahatlar apardı. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edildi. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.
Ötən illər ərzində AzTV-də mövzu dairəsi də kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlarla müşahidə edilir: "Xəbərlər", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "Əsas məsələ", "Şəxsən siz", "Unudulmayanlar", "Sələflər, xələflər", "Ədəbi abidələr", "Oğuznamə", "Tərəf-müqabil", "Unudulmayanlar", "Ovqat", "Səadət", "Əsgər anı", "Azərbaycan Respublikasına xidmət edirəm", "Əbədiyyət", "Azərbaycan, yurdum mənim", "Səhər", "Bizim planet", "Yada düşər xatirələr", "Kənd saatı", "Yurd yeri" və s.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, eləcə də AzTV-nin təşkilatçılığı ilə Bakıda "Muğam müsabiqəsi-2007" və "Muğam müsabiqəsi-2011" televiziya müsabiqələri keçirildi. Müsabiqə iştirakçılarının istedadını SMS-lər deyil, peşəkar musiqiçi və xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirdi. Bu müsabiqələr zamanı bütün nüanslar - ifaçıların oxuduqları muğam parçalarından, qəzəllərdən tutmuş danışıqlarına, geyimlərinə qədər hər məqam nəzərə alındı. Muğam müsabiqələri ölkə daxilində və xaricində böyük tamaşaçı marağına, rəğbətinə səbəb oldu. Bunu həm Heydər Əliyev Fonduna, həm də AzTV-nin elektron ünvanına gələn məktublar da təsdiq etdi.
Cəmiyyətin tanınmış şəxslərinin, nüfuzlu insanların böyük məhəbbətlə AzTV-yə üz tutması bu telekanallarda müxtəlif verilişlər aparılmasını da Mərkəzi televiziyanın öz kökünə - maarifçi ənənələrinə qayıdışından xəbər verir. Hazırda AzTV və "Mədəniyyət" kanalının efiri öz sahəsində peşəkarların, sənətkarların ixtiyarındadır. AzTV-də xalq yazıçısı Anar "Poeziya", görkəmli alim Vasif Məmmədəliyev "Haqqın dərgahı", Milli Məclisin deputatı, tanınmış filoloq Nizami Cəfərov "Azərbaycan dili", tarixçi-alim Kərim Şükürov "Azərbaycan tarixi" verilişlərini aparırlar.
Son illərdə AzTV-nin
studiyalarında maraqlı
teletamaşalar da çəkilib. Vaxtilə geniş populyarlıq
qazanmış "Evləri
köndələn yar"
tamaşasının (ssenari
müəllifi Anar) ikinci hissəsi də çəkildi.
Mirzə Fətəli
Axundzadənin 200 illik
yubileyi münasibətilə
rejissor Ramiz Həsənoğlu "Mürafiə
vəkilləri"nə ekran
həyatı verdi. Milli serialların çəkilməsi
də müntəzəm
davam edir. Ənvər Seyidovun qələmə aldığı "Gürzə",
"Ünvansız eşq"
(quruluşçu rejissor
Məhərrəm Bədirzadə)
kimi seriallar tamaşaçılara təqdim
edilib. Dövlət
başçısının sərəncamına əsasən,
serialların çəkilməsinə
ayrılan maddi vəsait burada çalışanların da
iş üslubuna yeni sürət gətirib. Növbəti ildən geniş
fəaliyyət proqramının
həyata keçirilməsi
nəzərdə tutulub.
2006-cı ildən 2011-ci ilədək "Telefilm"
Yaradıcılıq Birliyi
190-dan çox sənədli
film çəkib. Bu filmlərin arasında
"Ermənilər. Riyakarlığın
anatomiyası", "Tarixin
izi ilə... Yaqub Mahmudov", "Zəngəzur", "Sumqayıt
salnaməsi", "Tərcümeyi-hal:
Bəkir Nəbiyev",
"Bəstəkar Ramiz
Mirişli", "Tarzən
Ramiz Quliyev", "Elturan Avalov". "Molla Pənah Vaqif", "Aşiqlər",
"Şamaxı abidələri",
"Vaxt gözləmir",
"Möcüzələr adasının sakini" və s.
Ədəbi dram verilişləri redaksiyası
da həmişəki kimi sənədli filmlər çəkməkdə
ənənəsini uğurla
davam etdirir. Bu redaksiyanın
əməkdaşları tərəfindən
ekran həyatı almış "Şərqdə
doğan günəş",
"Mirzə Cəlil
möcüzəsi", "Naxçıvanın baharı",
"Böyük yolun
adamı", "Bir
ömrün xatirəsi"
adlı sənədli
filmlər tamaşaçılar
tərəfindən maraqla
izlənilib.
"İdman-Azərbaycan" telekanalının obyekti məlumdur. Yarandığı gündən ölkədə
və xaricdə keçirilən beynəlxalq
və yerli yarışların, turnirlərin
əksəriyyətini yayımlayır.
İdmanın müxtəlif növləri
üzrə keçirilən
yarışlardan canlı
reportajlar, maraqlı proqramlar da nümayiş
etdirilir. Bu gün "İdman-Azərbaycan"
gənclərin sevimli
kanalına çevrilib.
Onlar "sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda, Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münhendə, Moskvada, Pekində keçirilən
müxtəlif idman yarışlarından xəbər
tuturlar. Kanalın özünün
yayımladığı xüsusi
verilişlər də
diqqət çəkir.
Məsələn, "Çempionlar
klubu", "İdman
ensiklopediyası", "Arena", "Flaqman", "İdman sağlamlığın rəhnidir"
və s. "Şahmat
klubu" adlı proqram isə Azərbaycan televiziyasının
ən uzunömürlü
verilişlərindən sayılır.
Bu kanalın yayım
hüdudu təkcə
bölgələrimizi deyil,
Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini ustalıqla
əhatə edir.
Azərbaycan televiziya məkanının
ən təzə mavi ekranı Mədəniyyət kanalıdır. Barlı-bəhrəli, qocaman bir ağacın
- AzTV-nin çəmənində
göyərən bu pöhrənin yenilikləri
çoxdur. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar,
yubileylər, görüşlər
bu kanalda hazırlanan müxtəlif
verilişlərdə əhatəli
şəkildə əks
olunur. "Buta"
mədəniyyət xəbərləri",
"Teatr", "Xatırlanan
ömürlər", "Nobel" mükafatçıları, "Kino ulduzları" və s. verilişlər artıq tamaşaçıların diqqətini
çəkib. Bu kanalda dünya kinosunun və musiqisinin ən dəyərli nümunələri
təqdim olunur. Yeni kanalda ədəbiyyatşünas
Kamal Abdulla "Sözün
sirri", kulturoloq Fuad Məmmədov "İdrak", yazıçı-publisist
Akif Əli "Zaman və məkan",
Füzuli Bayat "Klassik irsimizdən" verilişlərinin aparıcılarıdırlar.
6 noyabr həm də radio işçilərinin bayramıdır. Televiziyada aparılan islahatlar bu sahədə də müşahidə olunur. Bu ilin əvvəlindən
milli radiomuz tam şəkildə kompyuterləşməyə
və servis xidmətinə keçib.
Azərbaycan radiosunun
"Lirika dəftəri"ndən,
"Bulaq", "Muğam
saatı", "Elm və
həyat", "Radio teatrı"
kimi veriliş və proqramları neçə nəslin sevimlisi olub.
Hazırda "Gəl səhərim",
"Bağçada güllər",
"Addım-addım", "Ustad nəfəsi",
"Kino səltənəti", "Xeyrə qənşər",
"Şah misralar",
"Nağıl axşamı".
"Ünvanımız Azərbaycandır",
"Vətən sənə
oğul dedi",
"Yadigar səslər",
"Duyğu yarpaqları",
"Sabaha pəncərə"
və s. verilişlər
dinləyicilərə təqdim
edilir.
Azərbaycan efirində bu il 70 yaşı
tamam olan Beynəlxalq radio də fəaliyyət göstərir.
Bu radio türk, ərəb,
fars, erməni,
ləzgi, talış,
kürd və gürcü dillərində
verilişlər yayımlayır.
Beynəlxalq radio uzun illərdir
ki, "Cənubi Azərbaycan" redaksiyası
vasitəsilə bütün
dünyaya səpələnmiş
soydaşlarımız üçün
vahid ünvana çevrilib.
Azərbaycan radiosu böyük xəzinəyə malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov adına Xalq
Çalğı Alətləri
Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına
Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangirov adına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru daxildir.
Bir məsələni
də qürurla qeyd etmək lazımdır ki, "Azərbaycan Televiziya və Radio Verilişləri"
QSC həmişə dövlətçiliyin,
xalqın, millətin keşiyində ayıq-sayıq
dayanıb. Təqdim etdiyi verilişlər
əxlaqımıza, mənəvi
dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə
söykənib. Yüngül şoulardan, şit, zövqsüz, əsəbgətirici
söhbətlərdən uzaq
olub. Maarifçilik əsas ideyasıdır.
Elə bu uğurlu fəaliyyətinə görədir
ki, Mərkəzi televiziyamız 2007-ci ildə
Avropaya yayımın texniki müvafiqliyinə görə "Avropa keyfiyyəti" medalına
layiq görülüb.
Eləcə də, Avropa
Biznes Assambleyası
2010-cu ildə Azərbaycan
televiziyasını "Teleradio
yayım sahəsində
ən yaxşı şirkət" mükafatına
təqdim edib. Bu
ilin mayında AzTV-də yayımlanan
"Sovet imperiyasının
gizlinləri, Ariqoryanın
işi" adlı üçhissəli sənədli
filmə görə Mədəniyyət və
Turizm Nazirliyinin, "Bakılı" Beynəlxalq
Mədəniyyət Cəmiyyəti
və "Humay" Milli Mükafatı Akademiyasının təsis
etdiyi "Humay" mükafatını alıb.
Burada çalışan
əməkdaşların əksəriyyəti
ölkə başçısının
sərəncamına əsasən
müxtəlif fəxri
adlara, mükafatlara, Prezident təqaüdünə
və s. təltiflərə
layiq görülüb.
Bu günlərdə Mərkəzi Televiziyanın
ünvanına bir şad xəbər də qanadlandı. Oktyabrın sonlarında Kiyevdə keçirilən
"TEFİ-Sodrujestvo"nun I beynəlxalq festivalında
"Azərbaycan Televiziya
və Radio Verilişləri"
QSC tərəfindən çəkilən
"Toğrul Nərimanbəyov"
və "Eyni səma altında" filmləri mükafata layiq görülüb.
Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında
televiziyanın rəhbərliyinin,
yaradıcı heyətinin
xüsusi əməyi
vardır. Şübhəsiz, son illər aparılan
islahatlar da öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün də xoşdur ki, Mərkəzi televiziyamız
öz ənənəsinə
sadiqliyi ilə seçilir, milli-mənəvi
dəyərlərimizin qorunmasında,
təbliğində yorulmadan
axtarışlar aparır.
Təqdim olunan hər bir verilişdə
dilimizin saflığı
qorunur, maarifçilik
aşılanır, vətənpərvərlik
məhəbbəti təsirli
şəkildə tamaşaçının
ruhuna hopur!
6 noyabr Televiziya və Radio İşçiləri Günüdür. Bu münasibətlə bütün elektron KİV-də çalışan həmkarlarımızı ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayırıq. Ürəyimizdən o da keçir ki, torpaqlarımızın düşməndən - erməni işğalçılarından azad olunması xəbərini - Qələbə müjdəsini də biz elə ilk dəfə Mərkəzi televiziyamızın ekran və efirindən eşidək!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 4 noyabr.- S. 4.