TERENA-nın 25 illiyi qeyd olunmuşdur
26-27 oktyabr 2011-ci il tarixlərdə
Brüsseldə (Belçika) TERENA (Trans-European Research and
Education Networking Accociation) Baş Assambleyasının 36-cı
toplantısı keçirilmişdir.
Tədbirdə
ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev
təmsil etmişdir. Toplantı çərçivəsində
təşkilata üzvlük və dəyişikliklər,
maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və
konfranslar, katibliyin gələcək fəaliyyəti və s.
məsələlər müzakirə olunmuş, TERENA-nın
yaranmasının 25 illik yubileyi təntənəli şəkildə
qeyd edilmişir.
Avropa
ölkələrinin akademik araşdırma mərkəzləri
və universitetlərinin şəbəkələrini əhatə
etməklə elm və təhsilin maraqlarına cavab verən
yüksək keyfiyyətli beynəlxalq informasiya-kommunikasiya
infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil
mühitləri əsasında vahid, qlobal fəzanın
formalaşmasına xidmət edən TERENA 1986-cı ildə fəaliyyətə
başlayıb.
TERENA-nın
fəaliyyətinin əsas məqsədi assosiasiyaya üzv olan
təşkilatların maraqlarını təmsil etməklə
elmi məqsədlər üçün istifadə olunan beynəlxalq
şəbəkənin təkmilləşdirilməsi məsələlərinin
təşkilidir. Qurum digər təşkilatlarla əməkdaşlıq
əlaqələri qurur, mütəmadi olaraq beynəlxalq
şəbəkənin inkişafı, bu sahədə
mövcud problemlərin həlli və s. məsələlərə
həsr olunmuş müxtəlif səpkili konfrans və
seminarlar təşkil edir. Təşkilatın əsas
orqanları Baş Assambleya, İcraiyyə Komitəsi, Texniki
Komitə, Texniki Məsləhət Şurası və
Katiblikdir.
Azərbaycan
Milli Elmlər Akademiyası 2010-cu ildə TERENA-nın Baş
Assambleyasının illik iclasında təşkilatın
tamhüquqlu üzvü seçilmişdir. Qeyd edək
ki, respublikamızda formalaşan e-Azərbaycanın bir seqmenti
olan e-elmin şəbəkə platforması və infrastrukturu
AzScienceNet Elm kompyuter şəbəkəsi YUNESKO-nun Xüsusi
Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata
alınmışdır. Şəbəkənin istismarı,
idarə olunması və inkişafı AMEA İnformasiya
Texnologiyaları İnstitutu tərəfindən həyata
keçirilir.
Azərbaycan.- 2011.- 4 noyabr.- S. 7.