Rusiyanın nüfuzlu elmi jurnalının xüsusi əlavəsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinə həsr edilmişdir

 

 Yaşadığımız informasiya cəmiyyəti dövründə İT sahəsində aparılan elmi tədqiqatların işıqlandırılması, əldə olunan nəticələrin dəstəklənməsi və beynəlxalq səviyyədə müzakirəyə çıxarılması məqsədlərinə xidmət edən müxtəlif nəşrlər fəaliyyət göstərir. Belə nəşrlərdən biri də Rusiyanın "İnformaüionnıe texnoloqii" nüfuzlu elmi-texniki jurnalıdır.

Riyazi modelləşdirmə, kompyuter qrafikası, proqramlaşdırma metodları, əməliyyat sistemləri, telekommunikasiya və hesablama şəbəkələri, informasiya təhlükəsizliyi, tibb və təhsildə informasiya texnologiyaları və s. istiqamətlər üzrə fəaliyyət göstərən jurnalın dünyanın nüfuzlu elmi-texniki profilli universitet və elmi-tədqiqat institutlarında əldə edilən elmi nəticələrə həsr olunmuş əlavələri də dərc olunur. Dərginin 9-cu sayına olan xüsusi əlavəsi bu dəfə bütünlüklə AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinə həsr edilmişdir.

Jurnalda həmçinin institutun bir sıra alimlərinin məqalələri də yer almışdır. Məqalələrdə "Text mining metodları vasitəsilə mətn tipli spam-məlumatların analizi", "Sənədlərin referatlaşdırılmasının modifikasiya olunmuş p-median məsələsi kimi modelləşdirilməsi və optimallaşma məsələsinin həlli üçün adaptiv qarışqa alqoritmi", "İT mütəxəssislərin seçimi üzrə qərarların qəbulunun dəstəklənməsi üçün qeyri-səlis çoxmeyarlı metodlar", "Multibiometrik sistemlərdə klassifikatorlar ansamblının nəticələrinin birləşdirilməsi metodları" mövzularından bəhs edilmişdir, məsələlərin həlli yollarına dair riyazi modellər, metod və alqoritmlər təklif edilmiş, əldə edilmiş elmi nəticələr verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S.  7.