Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

 Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 2.2-ci bəndinə əsasən, "Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 7 iyun tarixli qərarının icrasının təmin edilməsi məqsədilə və Təhsil, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi nazirliklərinin təkliflərini nəzərə alaraq "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

Həmçinin "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 2.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edilmişdir.

"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edilmişdir.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nın təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

Qərarlar imzalandığı gündən - 2011-ci il oktyabrın 31-dən qüvvəyə minmişdir.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 15-ci hissəsinə əsasən, Təhsil Nazirliyinin təklifini nəzərə alaraq "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" də qərar qəbul etmişdir.

Qərar 2011-ci il noyabrın 3-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  1.