Azərbaycanın rus və yəhudi icmaları Rusiya Prezidenti Dmitri Medvedevə müraciət etmişlər

 

2011-ci il noyabrın 1-də Rusiyanın "Vesti FM" radiostansiyasının efirində "Vladimir Solovyovla səhər. Tam əlaqə" proqramında Azərbaycan Respublikasının və Azərbaycan xalqının ünvanına  açıq-aşkar təhqiramiz ifadələr işlədilmişdir. Bununla əlaqədar, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və parlamentin deputatı, Azərbaycanın Yəhudi  İcmasının nümayəndəsi Yevda Abramov hər iki icma adından  birgə bəyanatla çıxış etmiş və Rusiya Prezidenti Dmitri Medvedevə, Ümumrusiya Dövlət Teleradio Verilişləri  Yayım  Şirkətinin (ÜDTVYŞ) başçısı Oleq Dobrodeyevə bəyanatla müraciət etmişlər.

Bəyanatda deyilir: "V.Solovyov jurnalist etikasının bütün normalarını pozaraq azərbaycanlıları "bir damla erməni qanını vəhşi qeyri-insani və heyvani nifrət predmeti hesab edən tərəf" adlandırmışdır. Birbaşa efirdə azərbaycanlıların ünvanına  "tökülüşüb gələnlər", "bazarları viran qoyanlar", "mədəniyyətimizə tüpürənlər", "vurnuxan qara quzğunlar" və s. kimi yolverilməz  və təhqiramiz ifadələr səslənmişdir. Azərbaycanlı dinləyicilərin  tamamilə haqlı hiddətinə cavab olaraq V.Solovyov onları "murdar ağızlarını RF vətəndaşlarına açmış əclaflar" adlandırmışdır. Azərbaycanı "irqçi ölkə" kimi təqdim etməyə çalışan aparıcı azərbaycanlıları və onların biznesini açıq şəkildə boykot etməyə çağırmışdır. Həmçinin Rusiya Yəhudi Konqresinin idarə heyətinin üzvü olan  V.Solovyov azərbaycanlıların ermənilərə olan münasibətini  "Holokost" və "yəhudi xalqının faciəsi" ilə müqayisə etmişdir.

Biz, Azərbaycanın rus və yəhudi icmalarının nümayəndələri, V.Solovyovun davranışı və çoxmillətli Azərbaycan xalqının ünvanına səslənmiş təhqirlərlə bağlı öz etirazımızı bildiririk. Hesab edirik ki, onlarca millətin nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşadığı ölkəni irqçilikdə ittiham etmək böyük həyasızlıqdır. Şübhə yoxdur ki, belə təxribatlar iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinin pisləşməsinə yönəldilmişdir. Təhqiramiz ifadələrin, millətlərarası ədavətin açıq-aşkar qızışdırılmasına yönəldilmiş ekstremist çağırışların RF-nin iri dövlət  media-korporasiyasına - ÜDTVYŞ-a daxil olan radiostansiyanın efirində səslənməsi faktı xüsusilə məyusedicidir. Bununla əlaqədar olaraq, birbaşa efirdə Azərbaycan xalqının ünvanına təhqirlərə yol vermiş "jurnalist" barəsində  tədbirlər görməyi Sizdən xahiş edirik. Ümidvarıq ki, antiazərbaycan kartını işə salmağa, habelə Azərbaycan və Rusiya arasında təfriqə yaratmağa çalışan qüvvələr layiqli cavab alacaqlar".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-5 noyabr.- S. 1.