Ölkəmizin konkret məsələlərlə bağlı fikirlərinə hər kəs qulaq asacaqdır

 

Xəbər verildiyi kimi, oktyabrın 24-də Azərbaycan böyük səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Azərbaycan diplomatiyasının bu böyük qələbəsi ilə əlaqədar agentliyimizin xüsusi müxbiri ölkəmizin BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyevdən məxsusi müsahibə almışdır.

- Cənab səfir, Azərbaycanın gərgin və davamlı mübarizəsi nəticəsində BMT Təhlükəsizlik Şurasının (TŞ) 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsindən artıq bir həftədən çox vaxt keçir. İndi, ehtirasların bir qədər səngidiyi bir vaxtda bunun necə baş verdiyi, seçkilərə hazırlığın və seçkilərin necə keçdiyi barədə danışmağınızı xahiş edirik. Seçkilər həmişə belə gərgin keçir?

- Çox düzgün qeyd etdiniz. Seçkilər həqiqətən də gərgin və davamlı mübarizədə keçdi. Bu heç də hər zaman belə olmur. Çox zaman hər regional qrup üçün ayrılmış yerlərin sayı namizədlərin sayı ilə üst-üstə düşür. Bu halda qeyd edilən namizədlər praktiki olaraq problemsiz ümumi razılıq əsasında seçilirlər. Bu il Latın Amerikası Dövlətləri Qrupundan savayı, bütün qruplar üzrə alternativ əsasda seçkilər keçirildi. Asiya Dövlətləri Qrupundan (1 yerə) Pakistan və Qırğızıstan, Afrika Dövlətləri Qrupundan (2 yerə) Mərakeş, MavritaniyaToqo, Şərqi Avropa Dövlətləri Qrupunda (1 yerə) isə Azərbaycan, Sloveniya və Macarıstan idi. Əgər digər qruplarda qaliblər birinci raundda müəyyən olmuşdularsa, bizim qrupda mübarizə 17-ci raunda qədər davam etdi. TŞ-yə seçkilərdə yazılmamış qayda vardır. Əgər namizədlərin arasında səs sayında fərqlər ciddi şəkildə böyükdürsə, o zaman az səs toplayan namizəd geri çəkilir. Bizim halda isə Sloveniya arada olan səs fərqinin onlarla ölçülməsinə baxmayaraq, mübarizəni davam etdirməyə çalışırdı. Lakin biz Sloveniyanı 41 səs qabaqladıqdan sonra onlar anladılar ki, səsvermənin nəticələri artıq müəyyənləşmişdir və öz namizədliklərini geri götürdülər. Başqa sözlə, Sloveniyanın bu qərarı Azərbaycanın qələbəsinin şübhə doğurmadığı səbəbindən verilmişdir, hər hansı prosedurya digər səbəblərdən yox.

Seçkilər zamanı bütün bu gərginliyə baxmayaraq, gülməli epizodlar da baş verirdi. Ermənistanın BMT yanında daimi nümayəndəsi bizi əyləndirirdi. Belə ki, hər raundun əvvəlində və sonunda o, bir daimi nümayəndənin yanından digərinin yanına qaçır, gülməli pozalarda duraraq, Azərbaycanın lehinə səs verməməsi üçün yalvarır və xahişlər edirdi. Bu isə bizdə olan gərginliyi azacıq da olsa, azaldırdı.

- Bir sıra xariciyerli KİV-lər TŞ-nin qeyri-daimi üzvləri arasında rotasiya qaydası barədə yazırlar.

- Bəli, mən bu barədə oxumuşam. Xüsusilə bu barədə ermənilər canfəşanlıq edirlər. Bu bəyanat onu göstərir ki, həmin adamlar vəziyyətdən agah deyillər və yaxud obyektiv analizlə ümumən heç bir əlaqəsi olmayan fikirlərə əsaslanırlar. Bütün məsuliyyətimlə bəyan edirəm: BMT TŞ-yə üzvlüklə bağlı heç bir rotasiya yoxdurheç vaxt olmayıb. BMT üzvü olan hər bir dövlət dünyanın taleyini həll edən bu əsas beynəlxalq orqana seçilməyi özünə şərəf bilir!

Qeyd edə bilərəm ki, yüzdən artıq ölkə vardır ki, Azərbaycandan çox öncə BMT-nin üzvüdür, lakin bir dəfə də olsun bu şərəfə nail olmayıbdır. Mən hələ demirəm ki, biz MDB dövlətlərindən birinci olaraq (BMT TŞ-nin daimi üzvü olan Rusiyanı və bu təşkilat yaranandan sonra onun üzvü olan Ukraynanı çıxmaq şərtilə) bu hüquqa nail olmuşuq.  Beləliklə, mən belə "peşəkarlara" anlamadıqları məsələlərə dair şərh verməkdən çəkinməyi məsləhət görərdim.

- Biz səsvermənin gedişini diqqətlə izləyirdik. Lehinə 155 səs ciddi nəticədir.

- Bəli, say bilən hər kəs görə bilər ki, dövlətlərin böyük əksəriyyəti Azərbaycanın lehinə səs vermişlər. Buraya Avropanın çox sayda dövlətləri olmaqla bütün regionları təmsil edən ölkələr daxildir. Bunu mən xüsusilə qeyd edirəm ki, Azərbaycanın namizədliyinə dəstək verənlərin yalnız müsəlman dövlətlərinin olduğu fikrini səsləndirənlərə cavab olsun. Biz namizədliyimizə dəstək verən İslam Əməkdaşlığı Təşkilatının üzvləri olan dostlarımıza minnətdarıq, eyni zamanda, qeyd etmək lazımdır ki, İƏT-in 50-dən bir az çox üzvü vardır, lakin Azərbaycanın namizədliyinə 155 ölkə səs vermişdir. Seçki kampaniyasının ilk günündən biz onun keçirilməsi, xarici tərəfdaşlarımızla üzrə düzgün taktika seçmişdik. Hər bir ölkə ilə bütün səviyyələrdə ayrılıqda aparılırdı, respublika rəhbərliyi səviyyəsində, XİN-lər səviyyəsində, xaricdəki səfirliklərimiz səviyyəsində və əlbəttə ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi səviyyəsində. Qeyd etmək lazımdır ki, bu oktyabrın 24-də səsvermənin bitməsinə qədər bir dəqiqə də olsun dayanmamışdı. Yalnız oktyabrın 21-dən 24-dək, yəni səsvermə gedərkən Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən minədək məktub və notalar göndərilmişdi. Mən hələ xarici dövlətlərin nümayəndələri ilə şəxsi görüşlər və telefon danışıqlarını demirəm. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bizim seçki kampaniyasının gedişində yüksək fəallığın digər nəticəsi o idi ki, bir çoxları Azərbaycan və regionumuz ilə daha yaxından tanış oldular.

- Bundan sonraolacaq?

- Biz 2012-ci ilin yanvar ayının 1-dən BMT TŞ-də öz yerimizi tutacağıq. O vaxtda qədər burada da, Bakıda da hazırlıq işləri aparılacaqdır. İş çoxdur. Bir çox qurumlarla qısa müddət ərzində vacib məsələləri həll etmək, TŞ üzvləri və Katibliklə məşvərətlər keçirmək lazımdır. Əsas hər işi vaxtında yerinə yetirməkdir.

- BMT TŞ-nin fəaliyyəti haqda bir qədər danışa bilərsinizmi?

- BMT TŞ, demək olar ki, hər gün iclas keçirir. Ümumiyyətlə, TŞ-nin günü reqlamentləşdirilməyib. Lazım olduğu təqdirdə, TŞ-nin iclasları qeyri-iş günləri, gündüz və gecə çağırıla bilər. Şuranın üzvü olan hər dövlət ardıcıl olaraq, bir ay ərzində TŞ-yə sədrlik edir. Sədrliyin ardıcıllığı əlifba sırası ilə müəyyənləşdirilir.

Azərbaycan ilk dəfə 2012-ci ilin mayında, daha sonra isə 2013-cü ilin sentyabrında TŞ-yə sədrlik edəcəkdir. TŞ-nin hər üzvü fövqəladə iclas çağıra bilər. Bunun üçün o, Şurada sədrlik edən dövlətə müraciət edir. Fövqəladə iclaslar, həmçinin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yarandığı zamanmüvafiq qaydada prosedurlarda nəzərdə tutulmuş hallarda da çağırıla bilər. Öz sədrliyi dövründə hər bir ölkə BMT üzvləri üçün maraqlı olan məsələlər üzrə açıq müzakirələr çağıra bilər və s. Qarşılıqlı razılıq yaradan həll üzrə məşvərətlər kimi formasından TŞ-də fəal şəkildə istifadə olunur.  Əgər razılıq əldə olunmursa TŞ-nin birya bir neçə daimi üzvü veto hüququndan istifadə edərək, qərarın qəbulunun qarşısını ala bilər.

- Siyasi sahədə BMT TŞ-yə üzvlüyün bizə nə verməsi ilə bağlı çox suallar vardır. Özünün TŞ-də üzvlüyündən istifadə edərək Azərbaycan hər hansı siyasi dividendlər ala bilərmi?

- Azərbaycan TŞ-yə üzv seçilməyi ilə artıq böyük siyasi dividendlər əldə etmişdir. TŞ-yə seçilmək ilk növbədə, Azərbaycan dövlətinin bərabərhüquqlu etibarlı tərəfdaş kimi qəbulunun və siyasi çəkisinin göstəricisidir. Axı, dövlətlər hər hansı dövləti TŞ-yə seçməklə ona öz etimadını göstərir və ciddi beynəlxalq problemlərin həlli üçün səlahiyyətləndirirlər. TŞ-nin hərhansı dövləti Azərbaycanın konkret məsələlərlə bağlı fikirləri ilə razı olaya olmaya bilər, lakin ona hər kəs qulaq asacaqdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin ardıcıllığının və məntiqliliyinin qəbul edilməsidir.

Praktiki sahədə, bizim BMT TŞ-də üzvlük müddətində fəaliyyətimiz ölkə rəhbərliyi tərəfindən qarşımızda qoyulan Azərbaycanın və xalqımızın maraqlarının qorunması və təmin edilməsinə yönəlmiş məqsəd və prioritetlərin bundan sonra da uğurla həyata keçirilməsinə maksimum sərf olunacaqdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  3.