Fuad Ələsgərov: «Ştrasserin bəyanatı onun
obyektivliyinə ciddi şübhələr
yaradır, Azərbaycana qarşı qərəzli münasibət
bəslədiyini göstərir»
Azərbaycan Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov APA-ya verdiyi müsahibədə AŞ PA məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfəri ətrafında yaranmış ajiotajla bağlı fikirlərini açıqlayıb.
- Son vaxtlar mətbuatda siyasi məhbuslar problemi çox geniş müzakirə olunur. Buna səbəb AŞ PA-nın məruzəçisi
Kristof Ştrasserin Azərbaycana səfərini
təxirə salması,
həmçinin qəzetlərdən
birinə verdiyi müsahibədir. Həmçinin bu məsələ ilə bağlı mövqelər kifayət qədər haçalaşır.
Baş verənlərlə bağlı
mövqeyinizi bilmək
istəyərdik.
- İlk olaraq qeyd etmək lazımdır ki, məruzəçi Ştrasserə
Azərbaycana səfər
etmək üçün
viza verilməsindən
imtina edilməsi barədə məlumat həqiqətə uyğun
deyil. Məruzəçi viza verilməsinə
dair rəsmi rədd cavabı almayıb. O, ölkəmizə
noyabrın 4-də gəlmək
niyyətində idi, lakin oktyabrın 28-də məruzəçinin Azərbaycan
tərəfinin razılığı
olmadığına görə
səfərdən imtina
etməsinə dair xəbər yayıldı.
Razılaşın ki, planlaşdırılan
səfərə müəyyən
qədər vaxt qalsa da, onun
müraciətinə cavab
verilməməsi ilə
rəsmi rədd cavabı verilməsi eyni şeylər deyil. Bu tarixlərdə,
yəni oktyabrın
28-29-da cənab Ştrasserin
müsahibəsi dərc
olunub. Müsahibədə elə fikirlər
səslənib ki, bu fikirlər təkcə heyrət doğurmur, həm də məruzəçinin
statusu ilə qətiyyən bir araya sığmır və AŞ PA komitəsinin
qərarı ilə ziddiyyət təşkil edir.
- Söhbət hansı qərardan gedir?
- Bu il oktyabrın
5-də AŞ PA-nın Hüquq
məsələləri və
insan haqları komitəsi həmin məsələ ilə bağlı hazırlanacaq
hesabatın adının
dəyişdirilməsi barədə
qərar qəbul edib. Əgər hesabat ilkin olaraq "Siyasi məhbusların müəyyənləşməsi
Azərbaycanda siyasi məhbuslar məsələsinə
baxılmasının davamı"
adlanırdısa, indi
"Siyasi məhbuslar
məsələsinə yenidən
baxılması" adlanır.
Yəni müvafiq olaraq hesabatda təkcə Azərbaycanda deyil, Avropa Şurasına üzv bütün ölkələrdə vəziyyətə
toxunulacaq. Azərbaycan dəfələrlə
bəyan edib ki, Avropa Şurası
öz fəaliyyətində
ayrı-seçkiliyə və
ikili standartların tətbiqinə yol verməməli, yəni öz prinsiplərinə dönmədən sadiq qalmalıdır. Siyasi məhbuslar
məsələsi ya istənilən ölkəyə
nəzərən qaldırılmalı,
ya da ümumiyyətlə,
qaldırılmamalıdır. Biz uzun illər
ərzində bu mövqeyimizdə ardıcıl
olaraq israr etmişik. Bununla əlaqədar hesab
edirəm ki, AŞ PA-nın hesabatın adını dəyişdirmək
və onun digər ölkələrə
də şamil edilməsi barədə qərarı sağlam düşüncənin qələbəsi,
problemə daha obyektiv yanaşmanın təzahürüdür. Lakin AŞ PA-nın bu qərarına
baxmayaraq, cənab Ştrasser öz müsahibəsində bəyan
edib ki, hazırlanacaq hesabat yalnız Azərbaycana şamil olunacaq. Bundan başqa, o əvvəlcədən
heç bir materiala baxmadan bəyan edib ki, hesabat ölkəmiz
üçün müsbət
olmayacaq. Məruzəçinin bu bəyanatı onun obyektivliyinə ciddi şübhələr
yaradır, Azərbaycana
qarşı qərəzli
münasibət bəslədiyini
göstərir.
- Məruzəçi
müsahibəsində bəyan
edib ki, Azərbaycan siyasi məhbuslar məsələsinin
qaldırıldığı yeganə ölkə deyil. O xatırladıb ki, "siyasi məhbus" anlayışı
və onu müəyyənləşdirən kriterilər Ermənistana münasibətdə də
tətbiq olunub.
- Əgər biz məsələnin
tarixinə baxsaq, görərik ki, 2001-ci ildə Avropa Şurası baş katibinin təyin etdiyi ekspertlər, doğrudan da, Ermənistanla bağlı
iki işə baxıblar. Hər iki halda işləri araşdırılan
şəxslər siyasi
məhbus kimi tanınmayıb. AŞ PA daha heç vaxt Ermənistanda siyasi məhbuslar məsələsinə qayıtmayıb,
baxmayaraq ki, Ermənistanda baş verən hadisələr dəfələrlə buna
əsas verib. 2001-ci ildən sonra
AŞ PA Ermənistanda siyasi
məhbuslarla bağlı
bir sənəd belə qəbul etməyib. Eyni sözü kriterilərə
də şamil etmək olar. O kriterilər yalnız Ermənistanda və Azərbaycanda siyasi məhbus sayılan şəxslərin işinə
baxmaq üçün
qəbul olunub. Artıq qeyd etdiyim kimi, 2001-ci ildə iki iş
istisna olmaqla bu kriterilər Ermənistana qarşı tətbiq olunmayıb, baxmayaraq ki, Azərbaycan AŞ PA-da Ermənistanda baxılması
tələb olunan işlərin olduğuna dair dəfələrlə
məsələ qaldırıb.
Avropa Şurasının heç
bir digər üzvü bu kriterilərin özünə
qarşı tətbiq
olunmasına razılıq
verməyib. Uzun illər
ərzində bu kriterilərin tətbiq olunduğu yeganə ölkə faktiki olaraq Azərbaycandır.
Bununla belə, tamamilə aydındır ki, əgər siyasi məhbuslar məsələsi ilə bağlı hesabat istənilən Avropa Şurası ölkəsini
əhatə edəcəksə,
onda bütün ölkələr AŞ PA vasitəsilə
mövcud kriterilərə
münasibətini ifadə
etməli, ya onların tətbiq olunması ilə razılaşmalı, ya da bütün ölkələr üçün
eyni yeni kriterilər hazırlanmalıdır.
- AŞ PA komitəsinin
siyasi məhbuslarla bağlı hesabatının
adını dəyişməsini
nəzərə alsaq,
Sizcə, məruzəçinin
yenilənmiş mandatı
necə olmalıdır?
- Hesab edirəm ki, Assambleya mümkün kriterilərlə
bağlı fikirlərini
ifadə etdikdən sonra məruzəçi
AŞ PA-nın siyasi məhbusların olduğunu
düşündüyü bütün ölkələrdə
vəziyyəti dəyərləndirməlidir.
Düşünürəm ki, hesabat ən azı bütün Cənubi Qafqaz regionunu əhatə etməlidir.
Yeri gəlmişkən, bu tək mənim deyil, bir sıra
yerli və xarici hüquq-müdafiə
təşkilatlarının mövqeyidir. "Human Rights House Tbilisi"
hələ 2010-cu ildə
bir sıra beynəlxalq QHT-nin adından AŞ PA sədri
Mövlud Çavuşoğluna,
AŞ PA-nın baş
katibi Tyorborn Yaqlanda, Avropa Şurasının insan haqları komissarı Tomas
Hammarberqə, Avropa Komissiyasının sədri
Joze Manuel Barrozuya və Avropa Parlamentinin sədri Erji Buzekə ünvanladığı açıq
məktubu dərc edib. Məktubda qeyd olunur ki, həmin vaxt Gürcüstanda 60-a yaxın siyasi məhbus olub. QHT Avropa Şurasını
Gürcüstana müstəqil
ekspertlər göndərməyə,
həmçinin 2010-cu ilin
sonuna kimi AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisini hər
üç Cənubi Qafqaz ölkəsinə göndərməyə çağırıb.
- Ştrasserin
müsahibəsində səsləndirdiyi
bəyanatlara qayıtmaq
istərdik. O, digər məsələlərlə
yanaşı, qeyd edib ki, Azərbaycan
bəzi lobbistlər vasitəsilə AŞ PA-nın
Hüquq məsələləri
və insan haqları komitəsinin üzvlərinə və digər şəxslərə
rüşvət verməyə
cəhd edir. Bu bəyanatı
necə şərh edirsiniz?
-
Artıq qeyd etdim ki, məruzəçi Ştrasser öz
müsahibəsi çərçivəsində dəfələrlə
ölkəmizə qarşı qərəzli mövqeyini
nümayiş etdirib. Lakin onun bu sözləri təkcə qərəzli
münasibətin təzahürü deyil. O, bütün
ölkələrin qanunvericiliyinə və beynəlxalq
sazişlərə uyğun olaraq cinayət hesab olunan əməlin
törədilməsi barədə bəyan edir. Bu cür bəyanatla
çıxış edən istənilən şəxs ya
fikirlərini sübut etmək üçün
inandırıcı dəlillər təqdim etməli, ya da
öz əsassız iddialarına görə cavab verməlidir.
Azərbaycan.- 2011.- 5 noyabr.- S. 4.