Azərbaycanın
şanlı oğlu xatirələrdə yaşayır
Noyabrın 1-də Moskvada tanınmış azərbaycanlı biznesmen və xeyriyyəçi Aydın Qurbanovun "Azərbaycan dünyası" ("Mir Azerbaydjana") beynəlxalq jurnalının və "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun təsis etdiyi "Vətən Övladı" qızıl ordeni ilə təltif edilməsi (ölümündən sonra) mərasimi keçirilmişdir. Təltif mərasiminin tarixi heç də təsadüfi seçilməmişdir - Aydın Qurbanov düz səkkiz il bundan əvvəl, 50 yaşının tamam olmasına cəmi bir neçə gün qalmış dünyasını dəyişmişdir.
Təltif mərasimində görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan İctimai təşkilatlarının rəhbərləri, tanınmış sahibkarlar, Aydın Qurbanovun doğmaları və yaxınları iştirak etmişlər. Mərasimdən əvvəl tədbirin bütün iştirakçıları Kuntsevo qəbiristanlığında Aydın Qurbanovun məzarını ziyarət etmiş, Azərbaycanın şanlı oğlunun xatirəsini hüznlə yad etmişlər.
"Vətən Övladı" qızıl ordeninə cəmiyyətin ən yaxşı nümayəndələri layiq görülür. İndiyə qədər müxtəlif illərdə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan və digər ölkələrin ictimai-siyasi xadimləri, elm, mədəniyyət və biznes nümayəndələri bu ordenlə təltif edilmişlər.
Aydın Səməd oğlu Qurbanov bu mükafata cəmiyyətin rifahı naminə fədakar fəaliyyətinə, Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına verdiyi sanballı töhfələrə görə layiq görülmüşdür.
Azərbaycan torpağı həmişə ehtiyacı olanlara kömək etmək, istedadları dəstəkləmək, ölkənin elm və mədəniyyətinə töhfələr verməyə hazır olan nəcib və səxavətli insanlar yetişdirmişdir. Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi böyük Azərbaycan mesenatlarının şöhrəti və xatirəsi unudulmur. Müasirimiz Aydın Qurbanovun adı da belə insanlar sırasındadır.
Aydın Qurbanov Bakıda anadan olmuş, orta məktəbi bitirdikdən sonra 17 yaşında Moskvaya getmiş, Plexanov Akademiyasına daxil olmuşdur. Aydın Qurbanov olduqca istedadlı və fəal insan idi. Məhz əməksevərliyi və əzmkarlığı sayəsində o, tezliklə məşhur sahibkar kimi tanınmış, eyni zamanda ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Aydın Qurbanov məhz onun təşəbbüsü ilə yaradılmış Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti idi. O, Azərbaycan ilə Rusiya arasında siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına kömək edir, bu istiqamətdə müxtəlif proqramları dəstəkləyir və reallaşdırırdı.
2001-ci ildə Aydın Qurbanov Moskvanın və Bütün Rusiyanın Patriarxı İkinci Aleksinin xeyir-duası ilə Bakıda Müqəddəs Miradaşıyan Qadınların Pravoslav kilsəsinin bərpası ilə əlaqədar bütün xərcləri öz üzərinə götürmüşdür. Rəmzi haldır ki, əsaslı təmirə ehtiyacı olan, bərpası Aydın Qurbanovun qismətinə düşmüş bu məbədin tikintisində onun məşhur və xalq arasında sevilən sələfi Zeynalabdin Tağıyev iştirak etmişdir. Azərbaycanda pravoslav kilsə həyatının dirçəldilməsinə və Kafedral Kilsənin bərpasına verdiyi böyük töhfəyə görə Patriarx İkinci Aleksi Aydın Qurbanovu Müqəddəs knyaz Daniil kilsə Moskovski ordeni ilə təltif etmişdir.
Aydın Qurbanov uşaq evlərinə, veteranlara, pensiyaçılara, əlillərə hərtərəfli kömək göstərir, təhsil və tibb müəssisələrini maliyyələşdirirdi. Bir sözlə, onun dəstəyinə və diqqətinə ehtiyacı olanlardan heç birini unutmur, onlara yardım göstərməkdən imtina etmirdi. İstər həmyerlisi və ya qohumu olsun, istərsə tanımadığı bir adam.
"Dədə Qorqud" Milli Xeyriyyə
Fondunun prezidenti, "Azərbaycan dünyası" ("Mir
Azerbaydjana") beynəlxalq jurnalının təsisçisi
və baş redaktoru Eldar İsmayılov mükafatı
Aydın Qurbanovun oğlu Səmədə təqdim edərək
demişdir: "Biz Azərbaycanın şanlı oğul və
qızlarını həmişə yüksək qiymətləndirmişik
və xeyriyyəçilik ənənələrinin
şanlı davamçısı, öz vətənini və
xalqını ürəkdən sevən Aydın Qurbanovun da mənsub
olduğu gözəl insanlar pleyadası ilə fəxr edirik.
Bu gün mən bu mükafatı Aydın Qurbanovun layiqli varisi
olan oğluna böyük məmnuniyyətlə təqdim edirəm.
Əminəm ki, bizim ən böyük sərvətimiz neft və
digər təbii sərvətlər deyil, ölkəmizin gələcəyi
olan gənclərdir".
Səməd Qurbanov bu mükafata və atasının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Eldar İsmayılova, Ali Ağsaqqallar Şurasının üzvü Yevgeni İvanova və onların şəxsində "Azərbaycan dünyası" ("Mir Azerbaydjana") jurnalına və "Dədə Qorqud" Fonduna təşəkkürünü bildirmişdir. Bu diqqətdən ruhlandığını etiraf edən Səməd Qurbanov tədbir iştirakçılarını əmin etmişdir ki, atasının bütün həyatı boyu sadiq qaldığı amallara görə layiq görüldüyü mükafat onun Rusiya və Azərbaycanın maraqlarına xidmət etməsi üçün böyük stimul olacaqdır.
Bu gün Aydın Qurbanov aramızda yoxdur, lakin onun nurlu xatirəsi yaşayır və şanlı əməllərində, xalqının, doğma diyarın qəlbində daim yaşayacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 5 noyabr.- S. 4.