«Azərbaycan
xalçaları» jurnalının ilk nömrəsinin təqdimatı
olmuşdur
Noyabrın 4-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında "Azərbaycan xalçaları" jurnalının ilk nömrəsinin təqdimatı olmuşdur. Jurnalın baş redaktoru "Azərilmə"nin direktoru, professor Vidadi Muradovdur.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin deputatları və tanınmış elm və mədəniyyət adamları iştirak etmişlər.
Tədbirdə çıxış edən Vidadi Muradov bildirmişdir ki, respublikamızın həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan mədəniyyətinin, o cümlədən onun ayrılmaz hissəsi olan xalçaçılığın inkişafı və təbliği sahəsində də böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı nəticəsində xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. Heydər Əliyev Fondunun prezidenti,V xoşməramlı səfir Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan xalçası UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycanda xalçaçılığın inkişaf tarixi və bugününə dair fundamental nəşrlər hazırlanmış və dünyada geniş yayılmışdır. Bu böyük qayğı və diqqətin nəticəsidir kiV bu gün biz Azərbaycan xalçaçılığı tarixində daha bir unudulmaz hadisəni qeyd edirik. Bu günlərdə ilk dəfə olaraq mədəni sərvətimizdən - xalçalardan bəhs edən "Azərbaycan xalçaları" adlı elmi-bədii dərginin birinci sayı işıq üzü görmüşdür. Jurnalın nəşrində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaqdır.
Bildirilmişdir ki, dərginin birinci sayında bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçı qadınlar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer almışdır. Eyni zamanda, burada incəsənətin xalçaçılıqla bağlılığı olan digər sahələri - təsviri sənət, memarlıq, zərgərliyə də diqqət yetirilmişdir.
Bunlarla birlikdə oxucular türk mədəniyyətinin "milli rəmzi" sayılan qədim Pazırık xalçası, xalçalarımızda geniş istifadə edilən "Həyat ağacı" naxışının sirri, miniatürçü rəssam Sultan Məhəmmədin yaradıcılığından bəhs edən məqalələrlə də tanış ola biləcəklər. Dərgidə yer alan "Qazax xalçası üzərində qətl", "Antoni Cenkinsonun Şirvan səfəri" məqalələri də oxucularda maraq doğuracaqdır. Fransa kinosunun canlı əfsanəsi, dünya şöhrətli aktrisa Katrin Denövün dərgiyə eksklüziv müsahibəsi isə oxucularımıza əsl hədiyyədir.
"Azərilmə"nin direktoru vurğulamışdır ki, dərgimizin Azərbaycan dili ilə bərabər ingilis və rus dillərində də, nəşri onun bütün dünyada yayılmasını, tanınmış mütəxəssis və ekspertlərin də onun işində iştirakını təmin edəcəkdir.
Tədbirdə çıxış edən
xalçaçı-rəssam Məmmədhüseyn
Hüseynov, Milli Məclisin deputatı Qənirə Paşayeva
və başqaları jurnalın hazırlanmasında zəhməti
olan bütün insanlara minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.- 2011.-5 noyabr.- S. 5.