Azərbaycan rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan olunmuşdur

 

 Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan rabitəsinin yaranmasının 130 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edilmişdir.

KİVDF-dən AzərTAc-a bildirmişlər ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək vermək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqə 7 mövzu üzrə - "Medianın inkişafında İKT-nin rolu", "Azərbaycan telekommunikasiyası inkişaf yolunda", "Azərbaycanda İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin təminatı", "Azərbaycan poçtunun dünəni və bugünü", "Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökumət", "Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri" və "Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək" mövzuları üzrə keçirilir.

Müsabiqədə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilərlər. Təqdim edilmiş yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazılar şəxsən bu il noyabrın 5-dən dekabrın 1-dək KİVDF-yə təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazılar üçün mükafat məbləği I yer üçün 1000 manat, II yer 800 manat, III yer 600 manat, həvəsləndirici mükafat isə 300 manat müəyyənləşdirilmişdir.

Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə də təltif olunacaqlar.

 

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  5.