Ölkəmizdə ilk dəfə «Bayraq festivalı» keçirilmişdir

 

 Noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayraq festivalı" keçirilmişdir.

AzərTAc xəbər verir ki, festival Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə təşkil olunan festival çərçivəsində tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər. Eyni zamanda, gənclər arasında "Dövlət bayrağı" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. İlk üç yeri tutmuş gənclərə xatirə hədiyyələri təqdim olunmuşdur. Festivalda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr, gənclər təşkilatlarının üzvləri, hərbi xidmətdə olan əsgərlər, məktəblilər və internat evlərindən olan uşaqlar iştirak etmişlər.

Sonda Dənizkənarı Milli Parkda səmaya Azərbaycan bayrağını əks etdirən hava şarları buraxılmışdır. Festival Azərbaycan Prezidenti İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 2009-cu il 17 noyabr tarixli sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədilə həyata keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  7.