Bir ailənin faciəsi
Şəmkir mahalının Koltəhnəli kəndinin ağsaqqalı Namazalı kişi 1880-ci ildə rəhmətə gedəndə oğlu Məhəmmədin yeddi yaşı təzə tamam olmuşdu. Bacısı Səkinə yaşca Məhəmməddən böyük olsa da, əkin-biçin və mal-qara işlərinin ağırlığı Məhəmmədin üstünə düşmüşdü. Bığ yeri tərləyəndən həmkəndliləri ilə Gəncəyə bazarlığa da gedib-gəlirdi. Bir dəfə də Gəncəyə gedəndə yolda morullu Əhməd ağa Bədirbəyli ilə tanış olur. Bu tanışlıq onu o vaxt yenicə təşkilatlanmaqda olan "Müdafiə" və "Müsavat" partiyasının Gəncə təşkilatlarınadək aparıb çıxarır. Az sonra o, Gəncədə yaradılan "Xeyriyyə Cəmiyyəti"nə üzv yazılır. Cəmiyyətin sədri Xosrov bəy Sultanovla, katibi şair Əhməd Cavadla, habelə Nəsib bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Nağı bəy Şeyxzamanlı və digər ziyalılarla tanış olur. Müsavat partiyasının və cəmiyyətin ictimai-siyasi və xeyriyyə tədbirlərində yaxından iştirak edir. Xalqın maariflənməsi, azadlığı, Azərbaycanın müstəqilliyi və milli dövlət quruculuğu yolunda son parasını da əsirgəmir.
Məhəmməd Namazalı oğlu Qurbanov bu amala görə sovet hökuməti tərəfindən 1937-ci ildə "xalq düşməni" elan olunaraq güllələnir.
***
Məhəmmədin atasından qalma əkin sahəsi, xeyli mal-qarası və qoyun-quzusu var idi. O, bu təsərrüfatı daha da genişləndirmiş, mal-qaranın sayını birə iki, birə üç artırmışdı. Gəncəbasarda hamı bilirdi ki, Məhəmməd nə qədər varlıdırsa, o qədər də səxavətlidir, kasıba, kimsəsizə, sadə kənd adamlarına qayğı göstərəndi. Hüzürü düşən imkansızların məclisini yola verirdi. Kimsənin ləyaqətinin hansısa qolu zorlu, yaxud pullu tərəfindən tapdalanmasına qətiyyən yol verməzdi. Oğul-qız toyuna hazırlaşanlara "sən hazırlığını gör, çatışmayan nə olsa, mənim boynuma..." deyib, onları daha da ruhlandırırdı.
Həyat yoldaşı Bəyim xanım Koltəhnəliyə gəlin gələndən hamı ona "Seyidə Bəyim bacı" deyə müraciət edirdi. Çünki o, Gədəbəydə ağır seyidlərdən sayılan Qasım ağanın qızı idi. Nəinki Koltəhnəlidə, ətraf kəndlərdə də seyid qızına xüsusi hörmət və ehtiram var idi. Ən inadkar, ən çətin adamların qonum-qonşu münaqişəsinə səbəb olan ailə-məişət çəkişmələrində kimin qapısına getsəydi, o adam Seyidə Bəyim xanımın sözündən çıxmazdı.
Eldə-obada xüsusi hörmət sahibi olan Məhəmmədin sovet hökumətini qəbul etməyənlərlə əlaqəsindən duyuq düşən bolşeviklər Məhəmmədi aradan götürməyi qərara alırlar... Gecənin bir yarısı Məhəmmədin həyətindən səs gəlir.
Səsə hövlnak yuxudan ayılan Məhəmməd Osmanlı tüfəngini götürüb həyətə çıxmaq istəyəndə Seyidə Bəyim xanım qabağını kəsir:
- Dayan, sən çıxma, qoy görüm kimdir?
Məhəmməd nə qədər cəhd etsə də, Seyidə Bəyim xanım "Qoymaram, əvvəl məni öldür, sonra çölə çıx, ya da mən özüm çıxacam" deyib, qapını açmağa qoymur.
Məhəmməd:
- Ay arvad, səni vurub, evə girərlər. Məni qapının dalında görsələr, camaat içində biabır olaram. Deyəcəklər düşmən qabağına...
- Mənə heç nə eləməyəcəklər, kənara dur, xata sovuşacaq, -deyib, ərini qabaqlayır.
Lampanın işığını bir az da artırıb qapının arxasındakı çarpazı dəmir bağlantını şaqqıltı ilə açıb, ötkəm səslə soruşur:
- Ay adam, kimsən, nə istəyirsən?
- Məhəmməd lazımdır, hanı o?
- Evdə yoxdur, gecənin bu vaxtı neynirsiz onu?!
Bolşeviklərin silahdaşı Çaparlı Qasım yanındakılara deyir:
- Bu Seyid qızıdır, ona güllə atanın axırı yaxşı qurtarmaz, qayıdın gedək!
Bolşeviklərin sağ əli olan Çaparlı Qasımın dəstəsinin aradan götürə bilmədiyi Məhəmmədi Şura hökumətinin fəalları Rüstəm Əliyev, Həmid Sultanov, Müseyib Əliyev, Rəhim Hüseynov və Teymur Hacıyev Koltəhnəli kəndində özlərinə ən sərfəli "dayaq nöqtəsi" seçdilər. Təbliğat və qorxu mexanizmini işə saldılar. Onun əkin-biçin yerini, pambıq sahəsini, mal-qarasını, pul-parasını əlindən alıb yeni hökumətin hesabına keçirdilər. Daha sonra "antisovet fəaliyyətinə" və "müsavatçılarla əlaqəsinə" görə həbsxana həyatı da yaşamağa məcbur etdilər.
1920-ci ilin sonlarında Məhəmməd Qurbanovun torpağı, mal-qarası Şura hökuməti tərəfindən əlindən alınandan sonra onu firqəyə üzv də yazdırdılar. Bundan bir neçə ay sonra - 1921-ci ildə isə onu Koltəhnəli kəndinə sovet sədri təyin etdilər...
Əhməd Cavad 1922-ci ildə Qusardan Bakıya köçəndən hərdən Gəncəyə, oradan da Şəmkirə, Seyfəliyə, Könüllüyə, Təzəkəndə qohum-əqrəbanı görməyə gedərdi. Bir dəfə bundan xəbər tutan Məhəmməd şairin görüşünə gəlir, başına gələnləri Əhməd Cavada danışır. Qonşu həmkəndlisi Vəli Xuluflunun, Hacı Rəhim Bayramovun morullu Əhməd ağa Bədirbəylinin və digər əqidə dostlarının da bu işlərdən xəbəri olduğunu açıqlayır.
Məhəmməd Qurbanov beş il Koltəhnəli kənd sovetinin sədri, 1925-ci ilin iyunundan 1931-ci ilin fevralınadək Zəyəm pambıq qəbulu məntəqəsinin müdiri işləyir. 1932-ci ildə Dəllər MTS-in direktor müavini təyin edilənə kimi rayon tədarük məntəqəsinə rəhbərlik edir. 1933-cü ilin iyul ayından 1936-cı ilin may ayına kimi Şəmkir stansiyasında pambıq qəbulu məntəqəsinin müdiri vəzifəsində çalışır. Bura onun həm də son iş yeri, ailə faciəsinin başlandığı ilk ünvan olur.
Məhəmməd Qurbanov hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə bir əli xalqının azadlığı, bir əli ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparanların üstündə olub. Bəy, mülkədar, kulak, pantürkçü, panislamçı adıyla həbs olunan, sürgün edilən, güllələnən insanların ailələrinə, uşaqlarına hökumətdən xəbərsiz qayğı göstərirdi. Bolşeviklərin haqsızlığından cana doyaraq eldən-obadan baş götürüb meşələrdə qaçaqçılığı "taleyin qisməti" kimi qəbul edənlərə ərzaq, isti pal-paltar, silah-sursat çatdırırdı, ailələrinə yardımlar edirdi...
Arxiv sənədlərindən məlum olur ki, Məhəmməd Qurbanov ikinci dəfə həbs edilməmişdən əvvəl, 1936-cı ilin may ayında işdən çıxarılıb. Adətən, bu vaxtlar aran yerinin əksər ailələri Gədəbəyə yaylağa gedir. Məhəmməd də hər il olduğu kimi, ailəsini Əyrimçədə yaylaq dostlarının yanında yerbəyer etdi, on-on beş gün sonra səhhəti ilə əlaqədar Yesentukiyə yola düşdü.
Amma orada çox qala bilmədi. Narahatçılığını
kimsəyə bildirmədən uşaqlarının yanına
qayıtdı. Bir neçə gün sonra
yaylaq qonşuları ilə bərabər Əyrimçəni
tərk edib, Şəmkir stansiyasına gəldi.
NKVD işçiləri onun hər addımını izləyir,
yeni quruluşu bəyənməyənlərlə əlaqəsini
öyrənirdilər. Bundan Məhəmməd də, Seyidə Bəyim
xanım da duyuq düşmüşdülər.
1936-cı ilin payızı öz yerini 1937-ci ilin
qışına verdi, həmin ilin yazı
da gəldi. Üzdə heç nə hiss olunmasa da, gizlində
gərgin iş gedirdi. Siyasi işlərdə həmişə
öndə olan, bölgə partiya konfranslarına dəfələrlə
nümayəndə seçilən, Azərbaycan K(b)P Şəmkir rayon təşkilatının
büro üzvü kimi tanınan, ictimaiyyət arasında
böyük nüfuz sahibi Məhəmməd Qurbanova ögey
münasibət rəsmi dairələrdə daha qabarıq hiss
olunurdu. Gündüz birini, gecələr bir
neçəsini "xalq düşməni" elan edən
NKVD-nin əməllərinə az-çox bələd olan Məhəmməd
özünü və ailəsini burulğandan salamat
çıxarmaq üçün hər addımını
ölçüb-biçib atırdı. Beləcə,
Novruz bayramını başa vurdu, uşaqlar məktəbdən
yay tətilinə buraxılan kimi ailəsini götürüb
yenə Əyrimçə yaylağına qalxdı.
Köhnə yaylaq qonşuları hamısı gəlmişdi,
yalnız Əhməd Cavadla Şükriyyə xanımdan
başqa. Əhməd Cavad 1935-ci ildə Gəncədən
Bakıya köçdüyündən gələ bilməmişdi.
Amma yaylaq qonşularına söz vermişdi ki,
bu yay mütləq gələcək. Odur
ki, yaylaqdakıların hamısı şairi, Şükriyyə
xanımı, Niyazini, Aydını çox görmək istəyirdilər.
İyun ayının əvvəllərində
şairin yaxın qohumu Məşədi Məhəmmədin
oğlu İlyas Gəncədən xəbər gətirdi ki,
söz-söhbət gəzir ki, şairi xalq düşməni
adıyla həbs ediblər.
Gözlənilməz
xəbərdən gecəni narahat yatan Məhəmməd
sübh tezdən durub
Seyidə Bəyim xanıma dedi:
- Gün
qızmamış gedim kəndə dəyim, görüm evdə
nə var, nə yox?! Axşama qayıdacam.
Məhəmməd
rayon mərkəzində bir neçə dost-tanışla
görüşdü, sonra Təzəkənddəki evinə
baş çəkdi. Qonşusu, pambıq qəbulu məntəqəsinin
baş mühasibi İslam Tağıyevin "hər şey
qaydasındadır, elə bir narahatçılıq
yoxdur" deyəndən sonra daxilən bir az
sakitləşdi, evin qapısını bağlayıb, həmişəki
kimi ehtiyat açarı İslam kişiyə verdi.
Qayıdandan
sonra Bəyim xanıma:
- Gərək
getməyəydim, sakitlikdi, - dedi. Başına
yığışan qonşulara da bildirdi ki, Əhməd
Cavadın tutulması xəbəri doğrudur. Hüseyn
Cavidi, Salman Mümtazı, Mikayıl Müşfiqi, həmyerlimiz
Vəli Xuluflu və Hacı Kərim Sanılını da
onunla bir gecədə həbs edib aparıblar.
Məhəmməd adətən, həftədə bir dəfə
Şəmkirə bazarlığa gedərdi. İyul
ayının sonları idi. Bu dəfə gedəndə
Seyidə Bəyim xanıma:
- Gedirəm
kəndə, bəlkə gec gəldim.
Hadisənin
canlı şahidi Məhəmməd Qurbanovun qızı Süsən xanım o günləri
belə xatırlayır:
- Biz
yaylağa getməmişdən 15-20 gün əvvəl
hökumət adamları gəlib gecəynən Koltəhnəli
kəndindəki evimizdə axtarış aparmışdı, əmlakımızı
siyahı eləmişdilər. Axtarışdan sonra evimizə
gəlib-gedən qohumlara, dost-tanışa anam deyirdi ki, ürəyimə
damıb, kişini tutacaqlar...
Atam neçə gün idi Şəmkir
stansiyasındakı evimizdə qalırdı. Bir də xəbər
gəldi ki, onu həbs ediblər, təcili evimizə
qayıtdıq. Çatanda gördük
ki, mənzilimizin qapısına möhür vurub
surquçlayıblar. Açmaq nədi,
anam heç qoymadı ki, qapıya əl vuraq.
NKVD-nin
qorxusundan bizə yaxın gələn olmadı, qaldıq
çöldə,
anam axırda məcbur olub,
axşamçağı bizi piyada Koltəhnəli kəndinə
gətirdi. O zaman böyük bacım bu kəndə təzəcə
gəlin köçmüşdü. Bacım və
həyat yoldaşı Kərim hadisədən dilxor olsalar da,
bizə ürək-dirək verdilər.
Atam tutulandan təxminən altı ay sonra - 5 yanvar 1938-ci
ildə Gəncədə SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının səyyar sessiyası onu "əksinqilabi-millətçilik"
fəaliyyətinə görə güllələnməyə
məhkum etdi.
Hökmə əsasən
"xalq düşməni"nin həyat yoldaşının
sürgünə göndərilməsi, azyaşlı
övladlarının isə uşaq kaloniyalarına verilməsi
qərara alındı.
Onda Vəli
bir il idi ki, Moskva Dövlət Universitetinin
tələbəsi idi. Şəhər və rayon mərkəzindən
uzaq Koltəhnəli kəndi kimi əyalət yerində orta məktəbi
rus dilində əla qiymətlərlə bitirən, universitetdə
imtahanlardan daim beş qiymətlər alan nümunəvi tələbəni "Xalq
düşməni"nin oğlusan, sənin kimilərə
sıralarımızda yer yoxdur" - deyə, bir günün içində həm
universitetdən, həm də yaşadığı tələbə
yataqxanasından qovdular.
Orta məkəbi
əla qiymətlərlə
bitirəndən atasının tövsiyəsi ilə
"Ulduz" kolxozunda mövsümi işlərdə
çalışan Əlini isə idarə heyəti
şurasının qərarı ilə kolxozdan
uzaqlaşdırdılar, Bəhlulla Süsəni məktəbə
buraxmadılar...
Məhəmmədin
ölüm hökmü icra olunmamışdan bir gün əvvəl Gəncədən
gələn qara rəngli "M-1" Koltəhnəli kəndində
onun dədə-baba mülkünün qabağında
dayandı. Gələnlərdən biri meşin gödəkcəli
zabit əmiranə tərzdə Bəyim xanıma dedi:
-
Yığış, bizimlə getməlisən!..
Bəyim xanım tapşırığa əsasən
köhnə bir yorğan, balaca döşək, nimdaş
yastıq, bir-iki dəst isti paltar götürdü.
Böyük
qızı Maral ildən artıq idi ailə qurmuşdu,
oğlu Vəlinin 20, Əlinin 15, Süsənin 10, Bəhlulun
6 yaşı var idi. Onların hamısı Bəyim
xanımın başına
yığışmışdı, əlindən-ətəyindən
yapışıb, ağlaşan uşaqlarının bir-bir
üzündən-gözündən öpdü, Vəlinin
boynunu qucaqladı: "Sən artıq kişisən,
özünü tox tut, mən gəlincə uşaqlardan
muğayat ol!" - deyib, evdən
çıxanda Süsənlə Bəhlul ağlaya-ağlaya
analarını buraxmaq istəmədilər. Hönkür-hönkür
ağlayan Süsənlə Bəhlul maşın gözdən
itənəcən arxasınca qaçdılar.
Bu, həyat yoldaşı güllələnən
gündən bir gün əvvəl həbs edilən Bəyim
xanımın övladları ilə, eliylə-obasıyla son
görüşü oldu. Onu Koltəhnəli kəndindən
birbaşa Şəmkir rayon milis şöbəsinə gətirirlər.
Üç günlük sorğu-sualdan sonra
aparırlar Gəncə həbsxanasına, orada da bir neçə
gün saxlanılandan sonra göndərirlər Bakıya,
Bayıl həbsxanasına.
Həbsxanada
olarkən dindirmə zamanı təhlükəsizlık idarəsinin
müstəntiqi demişdir:
- Ərinlə rəsmi nikahın yoxdur, ərizə yaz -
ərindən imtina elə səni cəzadan azad edək.
Bu təklifi
sovet rejiminin qanunlarından azdan-çoxdan baş
çıxaran qadınlardan biri: "Bəyim, Vallahı məqamdır,
indi çoxları hökumətin əli ilə qanuni
ZAQS-ı ola-ola məcbur olub ayrılırlar ki, əzab-əziyyətdən
canları qurtarsın. Körpə uşaqların var, müsdəntiq
düz deyir, ərizə yaz, çıx-get evinə".
Bu
söhbət dünəndən Şükriyyə xanım,
Minə Bayramova, Fatma Xuluflu və Şəmkirdən olan digər
dustaq rəfiqələrinin yanında üç-dörd dəfə
təkrarlanşa da, Seyidə Bəyim xanım hər dəfə
"Bizim molladan kəbinimiz var... günaha batammaram, o
dünyada Məhəmmədin yanına üzüqara gedəmmərəm" - deyib təkliflə
razılaşmamışdı.
Sabahı KQB müstəntiqi tərəfindən
sorğu-suala çağrılanda dustaq rəfiqəsi lap dirəndi:
- Ərizə
yaz, Şura hökuməti nə mollanı adam
sayır, nə də onun yazdıqlarını sənəd. Molla kəbini ilə
ailə quran qadınlar ərləri ilə qeyri-qanuni
yaşadıqları barədə ərizə verəndə
onları cəzadan azad edirlər.
Seyidə
Bəyim xanım "Yox, o dünyada Məhəmmədin
yanına üzüqara
gedəmmərəm" deyib, bu dəfə də
qəti şəkildə etirazını bildirdi.
Bunu deyəndə
Seyidə Bəyim xanım ömür-gün yoldaşı Məhəmmədin
güllələndiyindən tam xəbərsiz idi.
Bəyim Qurbanovanın özü barədə isə
"üçlük" 4 yanvar 1938-ci ildə "vətən
xaininin" həyat yoldaşı kimi 8 il müddətinə
azadlıqdan məhrum edilməklə şimali Qazaxıstana
sürgün edilməsi hökmü çıxardı.
Bu
hökmdən bir neçə gün sonra, qışın
qarlı-şaxtalı günündə hökumət
adamları Bəyim xanımın böyük qızı
Marala, oğlanları Vəliyə və Əliyə xəbər
edirlər ki, anaları Bakıda, Bayıl həbsxanasındadır,
günü sabah gedib
görüşə bilərlər.
Bu xəbərin
sevinci ilə nə evdə, nə çöldə qərar
tuta bilən bacı-qardaşlar günün nə vaxt
axşam olduğunu hiss etmədilər, gecənin
qaranlığında Əli, bacıları Maral və Süsən
bir-birinə qoşulub Şəmkir stansiyasına gəldilər,
sərnişin qatarına minib üz tutdular Bakıya.
Süsən
müəllimə deyir ki, biz Bayıl həbsxanasına
çatanda hava tamam işıqlaşmışdı, dənizdən
qalxan günəşin zəif şüaları
axşamın sazaq-soyuğunu bir az
isitmişdi. Amma külək əhədimizi kəsirdi.
Bayıl türməsinin qabağında insan əlindən
tərpənmək mümkün deyildi. Qardaşım
Əli qapıda növbətçi zabitə haradan gəldiyimizi,
neçə nəfər olduğumuzu və kimlə
görüşmək istədiyimizi bildirdi. Tək biz yox, hamı bu qaydada qeydiyyatdan keçirdi.
Orada dedilər ki, görüş həbsxananın
ümumi həyətində 15 dəqiqə olacaq.
Gözlənilən vaxt yetişdi, həbsxananın
ümumi darvazasından içəri keçənlərin
ağlaşmasından, hönkürtüsündən,
çığırtıdan, səsdən-küydən, vahimədən,
həyəcandan qulaq tutulurdu. Kimi anasının
adını çağıra-çağıra o başa
qaçır, kimi bacısının adını
çağıra-çağıra bu başa qaçır,
kimi arvadını, kimi qızını axtarırdı.
Həbsxana həyatı dustaq qadınları insanlıq cildindən
çıxarmışdı, hamısı eyni geyimdə, eyni
görkəmdə, zəlil gündə... səsini çıxarmasa, adam
doğma anasını belə tanıya bilmirdi. Biz
həyətin bir küncündə qardaşımın
"Buradan heç hara tərpənməyin" - dediyi yerdə
dayanmışdıq. Hannan-hana
qardaşım anamı tapıb gətirdi. Anam məni,
bacımı, qardaşımı nə qədər
öpdü, nə qədər bağrına basdı bilmirəm...
Göz yaşlarımız bir-birinə
qarışmışdı. Anam Əliyə və Marala
tez-tez "Bizi aparırlar Rusiyaya, özünüzdən,
uşaqlardan muğayat olun!" deyirdi... Görüşməyimizlə
ayrılmağımız çox çəkmədi. Bəlkə
də elə adam oldu ki, o tünlükdə,
o basabasda doğmasını orda ola-ola görə bilmədi. Ağlaya-ağlaya biri-birinə sarılan anadan
balanı, bacıdan qardaşı "Görüş
vaxtı bitdi!" - deyib, tüfəngin
qundağı ilə itələyə-itələyə zorla
ayıran əsgərlər bir anın içində yüzlərlə
adamı çölə çıxartdılar.
"Xalq
düşmənlərinin" həyat yoldaşlarını Rusiyaya,
Qazaxıstanın insan ayağı dəyməyən
çöllərinə aparan yük qatarları sonralar
üç aydan bir, beş aydan bir
üçkünc sürgün məktubları da gətirdi. Vəli anasından aldığı məktubları
özündən kiçik qardaşı Əli ilə birlikdə
oxuyandan sonra gizlədərdi. Bəzən
bacılarına həmin məktubları göstərsələr
də, oxumağa verməzdilər, orada nə
yazıldığını təfsilatı ilə onlara
danışmazdılar. Marala da, Süsənə
də ürək-dirək vermək üçün hər
şeyin yaxşı olduğunu və analarının
yaxın vaxtlarda azadlığa buraxılacağını deyərdilər.
Beləcə, bu yazışma üç il
davam etdi. Sonra məktubların arası kəsildi.
Qardaşlar Qazaxıstana - həmişə yazdıqları
ünvana nə qədər məktub göndərsələr
də, cavab gəlmədi. Arxiv sənədlərindən
məlum olur ki, Bəyim Qurbanova şimali Qazaxıstanın
Akmolinski vilayətində "26-cı nöqtə" deyilən
ərazidə islah əmək düşərgəsində
olub.
Cavabsız
məktublardan xəbər çıxmasa da, NKVD-dən təzə
xəbər gəldi: üç il bundan əvvəl - 1938-ci
il yanvar ayının əvvəllərində
"troyka"nın qərarına əsasən "xalq
düşməninin" həyat yoldaşı Bəyim Qurbanovanı
sürgünə göndərəndə azyaşlı Süsənlə Bəhlulun
uşaq kaloniyasına verilməsi unudulub. NKVD əməkdaşları
uşaqları aparmağa gələndə Maral irəli yeriyib kəsdi həyət
darvazasının ağzını: "Qoymaram! Mən
üç ildir gecə-gündüz kolxozda işləyə-işləyə
özüm də "zərbəçi
pambıqçı"yam, halal zəhmətimlə, halal
qazancımla uşaq saxlamışam... Məni öldürəndən sonra o
uşaqları apara bilərsiniz" - deyib, əlində
tutduğu neft qabını sifəti
bərabəri qaldıraraq, qəti şəkildə bildirdi:
- Əgər
uşaqları aparsanız, nefti töküb özümü
yandıracam...
NKVD işçiləri nə qədər hədə-qorxu
gəlsələr də, Maral inadından dönmədi,
onları həyət qapısından bir addım da içəri
buraxmadı.
Səsə qonum-qonşular, kənd adamları da
yığışdılar. İkinci dünya
müharibəsinin başlanması ilə əlaqədar kənddəki
cavanlar, əli silah tuta bilənlər cəbhəyə səfərbər
olunmuşdular. Ağbirçəklərin,
ağsaqqalların Marala qaxmar çıxması
"qonaqları" lap çaşdırmışdı.
Üç il bundan əvvəlki unutqanlığın
camaatın gözü qarşısında faciə ilə nəticələnəcəyindən
ehtiyatlanan "qonaqlar" baxışları ilə biri-birinə
gedək, sonra, yəni, gecə gələrik, deyib oradan
uzaqlaşdılar. Amma xoşbəxtlikdən onlar bir daha geri dönmədilər.
Əhməd Cavadın həyat yoldaşı
Şükriyyə xanım 1945-cı ildə Qazaxıstandan
sürgündən qayıdanda el-oba, dost-tanış görüşünə
gedirdi. Bundan
xəbər tutan Vəli, Əli və Süsən də
şairin həyat yoldaşını görmək üçün
Bakıya gəldilər. Süsən müəllimə
deyir ki, içəri girən kim
Şükriyyə xanım, bizi o saat tanıdı,
bağrına basdı. Xeyli söhbətləşdik,
Gəncədə, Şəmkirdə, Seyfəlidə, Şəmkir
stansiyasında, Gədəbəydə, Əyrimçə
yaylağında keçirdiyimiz o qayğısız günlərdən,
qonum-qonşulardan söhbət açdıq. Əli
anamın Qazaxıstanda sürgün düşərgəsində
olduğu ünvanı
xatırladaraq dedi ki, üç il məktublaşdıq,
amma 1941-ci ilin qışında birdən-birə məktubların
arası kəsildi, nə qədər yazdıqsa, cavab ala bilmədik...
Şükriyyə
xanım dedi ki, mən sürgündə ilk gündən Bəyim
xanımla bir yerdə olmuşam, yanımızda əslən gəncəli
olan Təzəkənddə dəmir yolunun altında
yaşayan Hacı Rəhim Bayramovun həyat yoldaşı Mina
xanım da var idi... Geci-tezi bunu siz bilməlisiniz,
1941-ci ilin şaxtalı qış gecəsində seyid
qızı dünyasını dəyişdi.
Məyus
olduğumuzu görən Şükrəyyə xanım:
- Onu
müsəlman qaydası ilə yerdən götürdük, əsgərlərə
paltar tikən dustaq rəfiqələrimizə gecə xahiş
etdik ki, bizə kəfən üçün parça versinlər.
Onlar da lazımi qədər ağ gətirdilər,
müsəlman qaydasında dəfn etdik. Bu, həmin
vaxt oralarda hər məhbusa nəsib olmurdu. "Ruhu şad olsun!" deyib, anamla bağlı
xatirəsindən söz açdı.
Məhəmməd Qurbanovun və Bəyim xanımın
uşaqları böyük qızları Maralın himayəsində
boya-başa çatmışlar. "Xalq düşməni"nin övladları kimi yersiz tənələrlə,
haqsızlıqla üzləşiblər, keşməkeşli
günlər yaşayıblar. Amma onlar heç
vaxt bu nəslin çırağını sönməyə
qoymayıblar. Vəli, Əli, Süsən və Bəhlul
ali məktəb bitirmişlər,
yaxşı mütəxəssis kimi tanınmışlar, el
adətincə ailə qurmuş, ev-eşik, nəvə-nəticə
sahibi olmuşlar. Məhəmməd və Bəyim
xanımın beş övladından indi
onlarca nəvə-nəticəsi, neçə-neçə
kötücəsi bu soyadı şərəflə
daşıyır.
...Stalinin
ölümündən üç il sonra
Qurbanova Bəyim Qasım qızının işinə Azərbaycan
SSR Ali Məhkəməsində yenidən baxılmış və
məhkəmənin 22 fevral 1956-cı il tarixli qərarına əsasən
ona bəraət verilmişdir.
Bundan dörd ay sonra isə Məhəmməd Namazalı
oğlu Qurbanovun "cinayət işi"nə yenidən
baxılmışdır. Nəticədə 1956-cı il iyunun 6-da SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyası Qurbanov Məhəmməd Namazalı oğluna tam
bəraət vermişdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2011.- 5 noyabr.- S. 7.