Bakıda IV Beynəlxalq
təhsil sərgisinin təqdimat mərasimi
keçirilmişdir
Noyabrın 4-də "Kaspi" Təhsil Mərkəzində Bakıda IV Beynəlxalq təhsil sərgisinin təqdimat mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, sərgi noyabrın 5-də "Hyatt Regency" otelinin "Bakı" zalında keçiriləcəkdir.
Gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş təqdimat mərasimində "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, sərginin məqsədi tələbələri bir sıra nüfuzlu xarici universitetləri ilə tanış etmək, ölkəmizin ali təhsil ocaqlarının dünyanın bilik müəssisələri ilə əlaqələrin qurulmasında dəstək olmaqdır.
Vurğulanmışdır ki, birgünlük sərgidə Türkiyə, Şimali Kipr, Şotlandiya, İngiltərə, İsveçrə universitetlərinin təqdimatları olacaqdır. Təhsil ocaqlarının nümayəndələri təmsil etdikləri universitetlərdə müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr və magistr proqramları, eləcə də dil kursları barədə ətraflı məlumat verəcəklər. Bundan əlavə, universitetlərlə bağlı videotəqdimatlar nümayiş olunacaq, suallar cavablandırılacaqdır.
Qeyd edilmişdir ki, "Kaspi" Təhsil Mərkəzi 2007-ci ilin mayında təhsil sahəsinə yeniliklər gətirmək və beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaq məqsədi ilə yaradılmışdır. Mərkəzin əsas məqsədi gənclərdə maarifçi təfəkkürün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsidir. "Kaspi" Təhsil Mərkəzində savadlı müəllim kollektivi çalışır, münbit dərs şəraiti, müasir avadanlıqla təchiz edilmiş sinif otaqları mövcuddur. Mərkəzdə dərslərin keyfiyyətinin artırılması məqsədi ilə xüsusi laboratoriyalar və kabinetlər abituriyentlərin istifadəsinə verilmişdir. Bundan əlavə, mərkəzdə zəngin kitabxana vardır.
"Kaspi" Təhsil Mərkəzinin 80-dən
artıq xarici təhsil müəssisəsi ilə əməkdaşlıq
etdiyini də xatırladan E.Əliyev bu sərginin uğurlu nəticələr
verəcəyinə əminliyini bildirmiş, gənclərə
uğurlar arzulamışdır.
Azərbaycan.- 2011.- 5 noyabr.- S. 8.