«Eurovision-2012» mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun ilk dinləmələrinə başlanılmışdır

 

"Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun ilk dinləmələrinə başlanılmışdır.

İctimai TeleviziyaRadio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədov AzərTAc-a bildirmişdir ki, sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı 3 qrupa bölünmüşdür. Hər bir iştirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcəkdir. Milli seçimdə dinləmələr noyabrın 7-də başa çatacaqdır. Bu dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Milli seçim ötən il tətbiq olunan qayda ilə aparılacaqdır. Azərbaycanın "Eurovision-2012" təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcəkdir.

 Milli seçimin dinləmələrində iştirak edən münsiflər heyətində "Eurovision" mahnı müsabiqəsinin şərhçiləri Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zəhra Bədəlbəyli, müğənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova təmsil olunurlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  8.