Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi

 

Hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaqona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasında qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir. Bu, Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağrəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Lakin dövlət müstəqilliyimizin elan olunmasından əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Həmçinin "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul olundu. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.

İndi Azərbaycanın dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir.

Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Dövlət bayrağı gününün təsis edilməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bunu nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev  2009-cu il noyabrın 17-də  "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraqonun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Bununla bağlı sərəncamı dövlət başçısı 2007-ci il noyabrın 17-də imzalamışdır. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xariciyerli mütəxəssislər yerinə yetirmişlər. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun ümumi görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

2010-cu il sentyabrın 1-də  Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: "Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S.  1.