Türkiyə vətəndaşı
Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür
məktubu göndərmişdir
Türkiyənin Van bölgəsində baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın ilk yardım göstərən dövlət olması qardaş ölkədə böyük məmnunluqla və sevinclə qarşılanmışdır.
Türkiyə vətəndaşı, əczaçı Mehmet Emin Asur bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərmişdir. Məktubda Vanda baş vermiş ağır zəlzələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin dərhal göstərdiyi diqqətin qardaş ölkə xalqının və Türkiyə Cümhuriyyətinin nəzərində özünə dəyərli yer tapdığı qeyd olunmuşdur. Bildirilmişdir ki, dövlətimizin başçısının qardaş ölkəyə yardım göstərilməsi ilə bağlı verdiyi göstərişlərin xilasedici heyət tərəfindən yüksək səviyyədə yerinə yetirilməsi xalqın sevgisini qazanmışdır.
Bu cür fəlakətlərin istənilən vaxt baş verə biləcəyinin vurğulandığı məktubda bildirilmişdir ki, dövlətimizin başçısının qəbul etdiyi doğru qərarlar bütün xalqın nəzərində ona olan sevgi və hörməti artırmışdır. Məktubda deyilir: "Sizin kimi dəyərli dövlət başçısının belə doğru və dəqiq qərarları, onun müvəffəqiyyətlə yerinə yetirilməsi dövlətlərimiz və millətlərimiz arasında həmrəyliyin və qardaşlığın ən gözəl nümunəsidir. Yüksək qardaşlıq diqqətinizə və qayğınıza görə Sizə ən səmimi hisslərimlə bir daha təşəkkür edirəm".
Məktubun sonunda oktyabrın 25-də Prezident
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan
tərəfindən təməli qoyulmuş "Star" neft
emalı zavodu layihəsinin sürətlə və uğurla həyata
keçirilməsi, bu cür birgə təşəbbüslərin
davamlı olması bildirilir, qardaş ölkələrimiz
arasında münasibətlərin daha da inkişafı naminə
dövlətimizin başçısına fəaliyyətində
uğurlar, möhkəm cansağlığı və uzun
ömür arzu edilir.
Azərbaycan.- 2011.- 6 noyabr.- S. 2.