Görkəmli rəssamın solmayan rənglər dünyası yeni almanaxda

 

Azərbaycanın əsrarəngiz gözəlliklərini, bənzərsiz təbiət möcüzələrini bir çox rəssam tablolara həkk etmişdir. Ancaq bir-birindən fərqli rəng duyumlarının ecazkar cazibəsində xalq rəssamı Hüseyn Əliyevin yaratdıqları diqqəti daha çox cəlb edir.

Sözsüz ki, bunun da mayasında fitri istedadla yanaşı, böyük və tükənməz zəhmət durur. O, qəlbinin döyüntüsündən, gözünün nurundan yaratdığı əsərlərə sanki yeni bir ruh vermişdir. Nə çəkibsə qəlbən çəkib, nə yaradıbsa millətini, xalqını sevərək yaradıb. Bəlkə də bu sevginin nəticəsidir ki, illər keçdikcə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərləri daha böyük maraqla qarşılanır. Rəssamın 100 illiyinə həsr olunmuş tədbirlərin səsi-sorağı Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən, Rusiyadan və digər yaxın-uzaq məmləkətlərdən gəlir.

Sevindirici haldır ki, yubiley ərəfəsində Rusiya Dövlət Muzeyinin rəsmi nəşriyyatı "Palace Editions" tərəfindən Lyudviq muzeyinin təşkilatçılığı və "Lider" Media-Holdinqin dəstəyi ilə rəssamın əsərlərindən ibarət yeni bir almanax işıq üzü görmüşdür. Nəfis tərtibatda, orijinal dizaynda çap edilmiş bu almanaxda rəssamın Sankt-Peterburq Dövlət Rus Muzeyinin Stroqanov sarayında təşkil olunmuş sərgidə nümayiş olunan əsərləri yer almışdır.

AzərTAc xəbər verir ki, nəşrin ilk səhifəsində "Lider" Media-Holdinqin prezidenti, rəssamın nəvəsi Ədalət Əliyevin və  Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun rəssamın 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsində əməyi olan bütün insanlara təşəkkürlərini bildirən ürək sözləri verilmişdir.

Nəşrdə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın xalq rəssamı Tahir Salahovun Hüseyn Əliyev ilə bağlı dəyərli fikirləri də diqqəti cəlb edir. T.Salahov qeyd edir ki, Hüseyn Əliyevin yaradıcılığı heç vaxt incəsənətdə mövcud normalara sığmamışdır. O, əsərlərində fikrini abstrakt və eyhamlarla ifadə etmişdir. Onun əsərləri rəng çalarlarının, musiqiliyin, nəfisliyin harmoniyası ilə diqqəti cəlb edir. Rəssamın seçdiyi rənglər adətən gümüşü-soyuq qammalardan zoğalı, çəhrayı, sarı və solğun albalı rənglərə qədər tüstüyə bənzər fonda qovuşur.

Rusiya Dövlət Muzeyinin direktoru Vladimir Qusev almanaxa yazdığı ön sözündə qeyd edir: "XX əsrin incəsənəti adama yaxın keçmiş kimi gəlir. Lakin zaman keçdikcə aydın olur ki, bu yaxın keçmişdə də maraqlı və gözlənilməyən kəşflər çoxdur. Belə kəşflərdən biri görkəmli rəssam, əsrin həmyaşıdı Hüseyn Əliyevin əsərlərində təcəssüm tapmışdır. Onun yaşayıb-yaratdığı dövrdə mövcud ictimai quruluşa uyğun olaraq avanqard, sosialist realizmi və s. cərəyanlar olmuşdur. Onun əsərlərini şərti olaraq peyzaj adlandırmaq olar. Burada tamaşaçı təkcə təbiətin gözəlliyini deyil, onun müxtəlif rəng çalarlarında, kölgələrdə açılışını görür".

  Almanaxda sənətşünaslar Dilarə Vahabovanın, Lalə Eldarovanın və başqalarının rəssamın yaradıcılığı ilə bağlı fikirləri də diqqəti cəlb edir. Almanaxda həmçinin Hüseyn Əliyevin qısa avtobioqrafiyası və rəssamın müxtəlif illərdə açılmış fərdi sərgiləri ilə bağlı məlumatlar da yer almışdır.

Topluda diqqəti çəkən əsas məqam isə rəssamın yaratdığı bir-birindən gözəl sənət nümunələridir. Rəssamın əsərlərinə verdiyi "Natürmort", "Peyzaj", "Dağlarda qış", "Payız", "Daş karxanası", "Laçın dağları", "Qobustan", "Qızıl payız", "Şəlalə", "Kürün sahillərində", "Naxçıvanın qışı" adların təcəssüm olduğu bir məkan ver - Azərbaycan. Hüseyn Əliyev Azərbaycanı, onun dilbər guşələrini çox sevirdi və istəyirdi ki, bu gözəllikləri hamı görsün. Həmin mənzərələr rəssamın tablolarında təbiətin donmuş bir parçası kimi qalmır, onlarda insan görünməsə də onun əməyi, sevinci bərəkətli torpağa, enişli-yoxuşlu dağ yollarına, yaşıl meşələrə həkk olunmuşdur. Rəssamın lirik mənzərə əsərlərində kompozisiya bütövlüyü, kolorit və rənglərin vəhdəti tamaşaçının diqqətini ilk baxışdan cəlb edir. Doğma yerlərin bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçasında daha da gözəlləşir, yoluna, izinə, dağına, dərəsinə bələd olduğumuz yurd yerlərinin əzəməti, gözəlliyi önündə dayanan hər kəs görkəmli rəssamın əsərlərinin cazibə qüvvəsi ilə sehrlənir.

 

 

Azərbaycan.- 2011.- 6 noyabr.- S.  2.