Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bir qrup müəllimi ilə AzərTAc-da görüş olmuşdur

 

Noyabrın 5-də Azərbaycan Dövlət Teleqraf Agentliyində bu il oktyabrın 10-11-də Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAc-ın həmsədrliyi ilə keçirilmiş "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclasında iştirak etmiş Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bir qrup müəllimi ilə görüş olmuşdur.

AzərTAc-ın baş direktoru Aslan Aslanov bölmə iclasında fəal iştiraklarına və məzmunlu çıxışlarına görə müəllimlərə təşəkkür etmiş, ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına böyük önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

AzərTAc-ın fəaliyyəti, inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verən baş direktor agentliyin üzvü olduğu kontinental və regional alyanslarda fəal işindən söhbət açmışdır.

Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs edən A.Aslanov jurnalistikanın yeni sahəsi olan sosial media ilə bağlı fikirlərini bölüşmüş, AzərTAc ilə BDU-nun jurnalistika fakültəsi arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

 Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Zaur Babayev Bakı Beynəlxalq Humanitar Forumunun ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu xatırlatmış, sosial jurnalistikaya dair bölmə iclasında çox faydalı diskussiyaların aparıldığını bildirmişdir.

Jurnalistika fakültəsinin müəllimləri Təranə Mahmudova, Vüqar Əliyev, Pərvanə İbrahimova və başqaları humanitar forumun, o cümlədən "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclasının yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş, AzərTAc ilə BDU-nun jurnalistika fakültəsi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı təklifləri yüksək qiymətləndirmişlər.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun işində fəal iştirak etdiklərinə görə BDU-nun jurnalistika fakültəsinin müəllimlərinin bir qrupuna AzərTAc-ın fəxri fərmanları təqdim olunmuşdur. 

 

 

Azərbaycan.- 2011.- 6 noyabr.- S.  2.