Bakıda IV Beynəlxalq
Təhsil Sərgisi açılmışdır
Noyabrın 5-də "Kaspi" Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda IV Beynəlxalq Təhsil Sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyevanın gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov çıxış etmişdir.
Təhsil nazirinin müavini bildirmişdir ki, sərgidə dünyanın 50-yə yaxın təhsil müəssisəsindən 15 təmsilçi iştirak edir. O qeyd etmişdir ki, sərgidə Böyük Britaniya, Kanada, Türkiyə, Polşa, Ukrayna, Litva və Rusiyanın müxtəlif universitetləri, təhsil müəssisələri təmsil olunurlar. Sərginin keçirilməsində məqsəd xarici təhsil müəssisələrinin nümayəndələri ilə tələbələr arasında ünsiyyət yaratmaqdan ibarətdir.
Nazir müavini qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il də daxil olmaqla 1200-dək gənc xaricdə təhsil almağa göndərilmişdir.
Sonra
iştirakçılar sərgi ilə tanış olmuşlar. Sərgidə
dünyanın qabaqcıl ölkələrinin bir
çox nüfuzlu xarici təhsil müəssisələri barədə
soraq kitabları, bukletlər və s. nümayiş etdirilmiş, ekspertlər tərəfindən
qəbul şərtləri, təhsil proqramları barədə
məlumat verilmişdir.
Azərbaycan.- 2011.- 6 noyabr.- S. 2.