Aqşin Mehdiyev: «Ermənistan rəhbərliyi dərk etməlidir ki, demokratiya qılıncla inkişaf etdirilə bilməz»

 

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev Ermənistan rəsmilərinin davranışı və qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına 14 səhifəlik məktub göndərmişdir.

AzərTAc BMT Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, səfir son aylar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərinə və obyektlərinə qarşı hücumları intensivləşdirməsi ilə bağlı narahatlığını bildirmişdir.

Müraciətdə deyilir: "Xüsusilə qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistan silahlı qüvvələri həm işğal etdikləri Azərbaycan torpaqlarından, həm də Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərini atəşə tutmuşlar. İşğal edilmiş Azərbaycan ərazilərində hərbi xidmətdə olan ermənilər arasında döyüşdən kənar zorakılıq halları da müşahidə olunmuşdur. Kütləvi informasiya vasitələrinin Ermənistanın Müdafiə Nazirliyi tərəfindən də təsdiq olunmuməlumatlarına görə, Ermənistan ordusunun əsgəri Hovannes Vardanyan işğal olunmuş Azərbaycan ərazilərində 14 aylıq xidmətdən sonra ruhi xəstəxanaya aparılmışdır. Digər əsgər Hayk Mkrtçyan isə 2011-ci il sentyabrın 7-də öz əsgər yoldaşı tərəfindən öldürülmüşdür. Bu faktlarla bağlı ciddi narahatlığını bildirən erməni hüquq müdafiə təşkilatları 1994-cü ildə elan edilmiş atəşkəs dövründə 1500 erməni əsgərinin döyüşdən kənar şəraitdə öldüyünü qeyd etmişlər. Yuxarıda adları çəkilən əsgərlərin hər ikisi Ermənistan vətəndaşıdır və onlar Ermənistanın Ararat və Eçmiədzin rayonlarının hərbi komissarlıqları tərəfindən orduya çağırılaraq Azərbaycanın işğal olunmuş bölgələrinə hərbi xidmətə göndərilmişlər. Bundan əlavə, hər iki insident Ermənistan Müdafiə Nazirliyinin istintaq şöbəsi tərəfindən bu ölkənin Cinayət Məcəlləsinə uyğun şəkildə araşdırılır".

Səfir vurğulamışdır ki, əvvəlki insidentlərdə olduğu kimi, Ermənistanın Müdafiə Nazirliyi yenə də Azərbaycanın işğal olunmuş ərazilərində öz ölkəsinin Cinayət Məcəlləsinə uyğun istintaq aparır.

A.Mehdiyev BMT rəsmilərinin diqqətini Ermənistanın BMT yanında daimi nümayəndəliyinin rəhbərinin son məktubuna yönəltmişdir. Qeyd olunmuşdur ki, Ermənistan təmsilçisi məktubunda 2011-ci il sentyabrın 18-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində "yerli özünü idarəetmə orqanlarına" keçirilmiş qanunsuz "seçkiləri" erməni sakinlərin "fundamental hüquqlarından" istifadə etməsi kimi qələmə vermişdir. O, həmin regionun sayca xeyli çox olan, hüquq və azadlıqları qəsdən və kobud şəkildə pozulan azərbaycanlı əhalisinin taleyini qeyd etmir. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını ələ keçirmək, orada etnik təmizləmə siyasəti aparmaq və Azərbaycanın işğal olunmuş ərazilərində müstəqil olmayan etnik separatçı qurum yaratmaq üçün güc tətbiq etmişdir. Bu bir faktdır ki, Azərbaycan əraziləri işğal altındadır və müvafiq beynəlxalq hüququn normaları baxımından Ermənistan işğalçı dövlətdir. Beynəlxalq ictimaiyyət dəfələrlə separatçı qurumun qanunsuz olduğunu, onun təcavüz və irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmadığını bildirmiş və bəyan etmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bütün "seçkilər" etibarsızdır.

Məktubda vurğulanır: "Yaxşı olardı ki, Ermənistanın daimi nümayəndəliyinin rəhbəri və ölkə rəhbərliyi BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin müvafiq qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların sənədlərini və üzv dövlətlərin çoxsaylı bəyanatlarını diqqətlə oxusunlar. Ermənistan rəhbərliyi dərk etməlidir ki, demokratiya qılıncla inkişaf etdirilə bilməz və qanunsuz hərəkətlərlə qanuni hüquqlara nail olmaq olmaz. Heç kim başqalarının fundamental hüquq və azadlıqlarının pozulması hesabına özü üçün qanuni imtiyazlar tələb edə bilməz. Azərbaycan və beynəlxalq ictimaiyyət hesab edir ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış müstəqil olmayan etnik separatçı quruma legitimlik, müstəqillik və demokratiya görüntüsü vermək cəhdləri başlanğıcdan uğursuzluğa məhkumdur".

 

 

Azərbaycan.- 2011.- 6 noyabr.- S.  2.