Ağdam Qarabağın musiqi beşiyidir

 

Azərbaycanın musiqi beşiyi olan Qarabağda Ağdamın özünəməxsus yeri var. Bu əsrarəngiz diyarda küləyin əsməsi, suların axması, yarpaqların xışıltısı da sanki bir nəğmədir. Burada el şənliklərinin də, yas mərasimlərinin də mayasında muğam dayanır. Bu qədimdən-qədim Oğuz elinin övladları öz dərdlərini də, sevinclərini də zaman-zaman musiqinin ecazkar dili ilə ifadə ediblər. Canlı həyat fəlsəfəsi yaradan, gücüylə adamları düşünməyə, dərk etməyə, xeyirxah, vətənpərvər, ədalətli olmağa vadar edən dəyərli musiqinin qüdrəti qarşısında necə baş əyməyəsən?

Ağdam neçə vaxtdı ki, yaralıdı, bir vaxtlar hər sözümüzə beş dəfə "can" deyən ermənilər vurdular bu yaranı. Özü də nankorcasına, namərdliklə arxadan vurdular. İllər keçsə də, bu yara qaysaq bağlamır. Təbii ki, düşməndən layiqli qisas alınmayınca, doğma yurd yerləri erməni işğalından azad edilməyincə, bu yaranın sağalmağını gözləmək uşaq sadəlövhlüyü ilə özünü aldatmaq olar.

Şükürlər olsun ki, bu gün Ağdamda yüksək əhvali-ruhiyyə var. Adamlar qisas anının tezliklə reallaşacağına birmənalı şəkildə çox inanırlar. Elə bu inamla da əlimizdə olan ərazilərdə min bir həvəslə tikib-qurur, xariqələr yaradırlar. Ən başlıcası isə odur ki, yeni-yeni məktəblər, xəstəxanalar, müxtəlif sosial obyektlər tikilməklə, rahat yollar, körpülər salınmaqla, su, təbii qaz xətləri çəkilməklə yanaşı, vətən eşqiylə çırpınan ürəklərdə yenilməz bir inam qalası da ucaldılır. Dövlət başçısının müdrik siyasi fəaliyyətindən, konkret qayğı və diqqətindən güc alan, tapşırıq və tövsiyələrindən istiqamət götürən rayon rəhbərliyi bölgədə sağlam mənəvi-psixoloji mühitin formalaşmasına uğurla nail olmuşdur. Qarşılıqlı hörmətə, qayğı və diqqətə hesablanan bu mühit adamlara nikbin ruh verir, uşaqdan böyüyə, qadından kişiyə hər kəsi vətən uğrunda mübarizəyə, xalqına, dövlətinə, Prezidentinə sədaqətli olmağa səfərbər edir.

Bu günlərdə Ağdamda qaçqın və məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə ənənəvi olmayan bir tədbir keçirildi. Ağdam "Şur" ansamblının müşayiətilə hazırlanmış "Bayatı-Şiraz" muğam dəsgahının, "Qarabağ şikəstəsi"nin, "Sən ellər İlhamı" və "Bu kənd bizim kəndimizdir" mahnıları yazılmış diskin təqdimatı gerçəkləşdi. Əsl vətəndaş mövqeyindən qaynaqlanan möhtəşəm bir layihə həyata vəsiqə aldı. Bir vaxtlar respublikamızın çox məşhur musiqi kollektivlərindən biri olan Ağdamın "Şur" xalq çalğı alətləri ansamblı böyük səhnəyə Əbülfət Əliyev, Bakir Haşımov, Sara Qədimova, Arif Babayev, Qədir Rüstəmov və başqa neçə-neçə sənət korifeyləri vermişdir. Təəssüf ki, 1980-ci ilin sonlarından başlayaraq ansamblın fəaliyyəti obyektivsubyektiv səbəblər üzündən tamamilə zəifləmiş, onun çıxışları mağar-toyxana səviyyəsindən o yana getməmişdir.

Ancaq son vaxtlar rayon rəhbərliyinin ansamblın fəaliyyətini bərpa etmək barədə israrlı mövqeyi sonda qarşıya qoyulan məqsədi gerçəkləşdirdi. Maraqlıdır ki, yenidən formalaşan ansambl öz fəaliyyətinə "Bayatı-Şiraz" muğamının ifası ilə başlayır. "Bayatı Şiraz" xalqımızın nadir sənət möcüzələrindən biridir. Musiqişünaslar tərəfindən muğamların "nazlı gəlini" adlandırılan "Bayatı-Şiraz" Azərbaycan xalq musiqisinin, muğamımızın, folklorumuzun dünyaya çıxmaq üçün vizit kartı sayılır. Ansamblın yenidən formalaşan heyəti tam professional səviyyədə muğamın ifasına nail olmuşdur. Hətta bəzi maraqlı və uğurlu yeniliklər də edilmişdir. Muğamın "Şikəsteyi-fars" şöbəsində dahi bəstəkarımız Üzeyir bəyə ehtiram əlaməti olaraq ilk operamız "Leyli və Məcnun"dan kiçik bir parçanın daxil edilməsi və ya muğamın başqa bir yerində "Segah" guşəsi edib "Qarabağ şikəstəsi"ndən bir hissəsinin ifa olunması sanki bir haray, bir çağırış kimi çox maraqlı alınır.

Təqdimatı keçirilən diskdə digər maraqlı musiqi nömrələrindən biri də məktəblilərin xor qrupunun ifasında hazırlanmış "O kənd bizim kəndimizdir" adlı mahnıdır. Mahnının sözləri Türkiyənin istiqlal şairlərindən biri olan Ahmed Kutsi Tecerə məxsusdur. Bu mahnını soyuqqanlılıqla dinləmək qeyri-mümkündür. Bir neçə ay əvvəl Ağdamda çoxlarının şahidi olduğu bir hadisəni xatırlatmaq yerinə düşər. BMT-nin qaçqınlar üzrə ali  komissarı Ağdama səfər etmişdi. Yeni salınmış qəsəbə məktəbində şagirdlərdən ibarət uşaq xoru onun qarşısında "O kənd bizim kəndimizdir" mahnısını ifa etdi. Mahnı məktəb yaşlı kiçik  uşağın bir ağız "Bayatı-Şiraz" oxuması ilə qurtarırdı. Həmin məqam çox maraqla qarşılandı. Planetin ən böyük humanitar təşkilatının rəhbərlərindən biri olan ali qonağın üz cizgiləri, onun sifətindəki heyrət, nəhayət əyilib uşağın üzündən öpməsi o zaman tədbir iştirakçılarında xoş duyğular yaşatdı. Ali qonağı bir azəri uşağın boyu səviyyəsinə əyilməyə sövq edən məhz "Bayatı-Şiraz"ın möcüzəsi idi.

İndi Ağdamda Azərbaycan əsgərlərinin "O kənd bizim kəndimizdir" mahnısının sədaları altında Qarabağı işğaldan azad etmək uğrunda müqəddəs savaşa qalxacağı günü səbirsizliklə gözləyirlər.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.- 6 noyabr.- S.  3.