Azərbaycan Milli Məclisinin
Sədri general-leytenant
Aleksandr Voloxu mükafatlandırmışdır
Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov
Füzuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət
general-leytenantı Aleksandr
Voloxu Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə mükafatlandırmışdır. Sankt-Peterburqun Tavriçeski sarayında təltifetmə
mərasimi olmuşdur.
Oqtay Əsədov
çıxışında Azərbaycan xalqı qarşısında xüsusi
xidmətlərinə görə
A.Voloxa təşəkkürünü
bildirmiş və qeyd etmişdir ki, o, igidliyinə və vətəndaş mövqeyinə görə
mükafatlandırılır. Oqtay Əsədov demişdir:
"Aleksandr Volox Azərbaycan xalqının
dostudur. Hələ 1991-ci ildə Dağlıq
Qarabağda separatçı
silahlı dəstələr
özbaşınalıqlar törədərkən Füzuli
rayonunun komendantı olaraq Aleksandr Volox sovet zabitinə
xas olan əsl şücaət və igidlik nümunəsi göstərmişdir.
Onun köməyi ilə yüzlərlə azərbaycanlı
uşaq, qadın, qoca xilas edilmişdir.
O dəhşətli hadisələrdən
20 il keçmişdir,
xilas edilmiş uşaqlar böyümüşdür
və mən Azərbaycan xalqı adından Sizə minnətdarlığımı bildirmək istəyirəm".
A.Volox cavab sözündə demişdir: "O vaxt biz mükafat haqqında düşünmürdük, öz
borcumuzu yerinə yetirirdik və mən xoşbəxtəm
ki, belə yardım göstərmişəm.
Bu mükafat ona
görə qiymətlidir
ki, o, mənə adamları öldürdüyümə
görə deyil, onları xilas etdiyimə görə verilir. Ədalətli işlər tanınmalıdır
və mən Azərbaycana minnətdaram.
Düşünürəm ki, Azərbaycanımız
bundan sonra da çiçəklənəcək
və ədalət qalib gələcəkdir".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu A.Voloxu mükafat alması münasibətilə
təbrik etmiş və ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin
yüksək səviyyədə
olduğunu qeyd etmişdir. Diplomat demişdir:
"Hazırda ölkələrimiz
arasındakı münasibətlər
elə səviyyədədir
ki, heç kəs onları korlamağa qadir deyildir. Düzdür, bəzən müəyyən
cəhdlər edilir, fitnəkarlıqlar törədilir.
Amma onların hamısı boşa çıxır".
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov demişdir ki, Aleksandr Voloxa Azərbaycanın yüksək
mükafatının təqdim
edilməsi mühüm
hadisədir və onun qəhrəmanlığına
görə Azərbaycan
xalqının minnətdarlığını
təcəssüm etdirir.
Qeyd etmək
lazımdır ki,
1991-ci ilin oktyabrında
Dağlıq Qarabağda
azərbaycanlıların yaşadıqları
onlarca kənd qeyri-qanuni silahlı dəstələrin genişmiqyaslı
hücumuna məruz qalmışdı. Minlərlə dinc sakin, əsasən qocalar, qadınlar, uşaqlar aramsız atəşə
tutulurdu. Onlar üçün
yeganə qurtuluş sovet hərbi qulluqçuları tərəfindən
mühafizə olunan tək-tük hərbi komendantlıq postları idi. Füzuli rayonunun hərbi
komendantı polkovnik A.Voloxun əmri ilə komendantlığın
bütün qüvvələri
mülki əhalinin xilas edilməsinə yönəldildi. Polkovnik A.Volox
dinc vətəndaşların
əksəriyyətini bir
neçə günə
hərbi münaqişə
zonasından çıxara
bilmişdi.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Sankt-Peterburq
Azərbaycan.- 2011.- 11 noyabr.- S. 2.