Bakıda biologiya elminin
inkişafına həsr olunan seminar keçirilmişdir
Noyabrın 10-da Bakıda
"Kempinski Badamdar" otelində Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) ilə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında imzalanmış əməkdaşlıq
proqramı çərçivəsində Azərbaycanda
biologiya elminin inkişafına həsr olunmuş seminar
keçirilmişdir. Tədbirdə akademiklər Mahmud Kərimov,
Cəlal Əliyev və Qərib Məmmədov, həmçinin
elmi ictimaiyyətin nümayəndələri iştirak
etmişlər.
Seminarda
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
çıxış edərək biologiya elminin
inkişafının XX əsrin ikinci yarısından
başlayaraq fizika, riyaziyyat elmlərinin, informasiya
texnologiyalarının tətbiqi nəticəsində yeni
istiqamətlərin yaranması və inkişafı ilə səciyyələndiyini
bildirmişdir. Bu istiqamətdə kompyuter elmləri və
bioinformatika sahəsində böyük nailiyyətlər əldə
olunmaqdadır. Bioinformatika iki böyük elmi istiqamətin -
birincisi, biotexnologiyalar və informatika texnologiyalarının
köməyi ilə bioloji problemlərin həlli
üçün bioloji informasiyaların toplanması,
onların istifadəsi, əldə olunan biliklər və yeni
kəşflərin meydana çıxması, ikinci tərəfdən
isə, genetik məlumatların əldə edilməsi,
onların təkamülü və istifadəsi ilə
xarakterizə olunur.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycanda
bioinformatikanın inkişafı ötən əsrin 70-ci illərinin
sonunda bu sahəyə riyaziyyatçılar cəlb edilməklə
başlanmışdır. Respublikamızda elmin bu sahəsinin
ideya rəhbəri, yaradıcısı və himayədarı
isə məhz akademik Cəlal Əliyev olmuşdur. Məhz həmin
illərdə akademik Cəlal Əliyev tərəfindən ali
məktəblərin biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya
üzrə məzunlarından elmi kollektivin
hazırlanmasına başlanmışdır. Bu elmi
ixtisasların bir-birinə qovuşması nəticəsində
respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının
bir çox nəzəri və praktiki məsələlərinin
həllində riyazi metodlardan və kompyuter
texnologiyalarından istifadə edilmişdir.
Təsadüfi
deyildir ki, Azərbaycanda ilk və yeganə Bioinformatika
laboratoriyası da AMEA Botanika İnstitutunda akademik Cəlal Əliyevin
rəhbərlik etdiyi bioloji məhsuldarlığın
fundamental problemləri şöbəsində
yaradılmışdır və uğurla fəaliyyət
göstərir. Keçmiş sovet məkanında
bioinformatikanın ən çox inkişaf etdiyi respublika
Rusiyadan sonra məhz Azərbaycan olmuşdur. Vaxtilə
keçmiş SSRİ Elmlər Akademiyasının Molekulyar
Biologiya İnstitutunda, SSRİ Elmlər Akademiyasının
Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda və
Novosibirsk Dövlət Universitetində hazırlanmış azərbaycanlı
alimlər bu gün ölkəmizdə və onun
hüdudlarından çox-çox uzaqlarda fəaliyyətlərini
uğurla davam etdirirlər. Görkəmli alim Cəlal Əliyevin
yaratdığı elmi məktəbin davamçıları
hazırda MDB, ABŞ, Kanada, Yaponiya, Koreya Respublikası,
Avstraliya, İsrail və Avropa ölkələrinin nüfuzlu
elmi mərkəzlərində, universitetlərində elmi
nailiyyətləri ilə tanınaraq ölkəmizə şərəf
gətirirlər.
Bildirilmişdir
ki, akademik Cəlal Əliyevin tələbələri
arasında bu gün məruzələrlə
çıxış edəcək Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat fakültəsinin məzunu,
riyazi biologiya, kompyuter biologiyası və bioinformatika sahəsində
tanınmış mütəxəssis, Böyük
Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk
azərbaycanlı alim, professor Qərib Mürşüdov və
Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunu,
dünyanın qabaqcıl ölkələrinin aparıcı
institutlarında çalışmış, ABŞ-ın Birləşmiş
Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı
Asəf Salamov da vardır. Hər iki alim 2010-cu ildə Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunun keçirdiyi müsabiqənin qalibi olmuş, akademik Cəlal
Əliyevin rəhbəri olduğu beynəlxalq layihənin əsas
iştirakçılarındandır.
Sonra
tanınmış azərbaycanlı alimlərin - Qərib
Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası
və zülal verilənlər bankı, etibarlı informasiyanın
toplanması və istifadəsi", Asəf Salamovun "Enerji və ətraf mühitin
genomikası" mövzularında məruzələri dinlənilmişdir.
Sonda
iştirakçıları maraqlandıran suallar
cavablandırılmışdır.
Azərbaycan.- 2011.- 11 noyabr.- S. 1.