Görkəmli bəstəkar
Sevil xanım Əliyevanın musiqi albomu dünya şöhrətli
«Yuniversal Myuzik»də işıq üzü
görmüşdür
Azərbaycanın musiqi mədəniyyəti daha bir dünya miqyaslı uğura imza atmışdır. Sevil xanım Əliyeva ilk azərbaycanlı bəstəkardır ki, onun əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutmuş "Yuniversal Myuzik" kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görmüşdür. Əsərləri nəfis disk formasında hazırlanan görkəmli bəstəkar Sevil xanım Əliyevanın "Ze qaleri of Sevil" instrumental albomunun təqdimatı Moskvada böyük təntənə ilə keçirilmişdir.
Dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi təqdimat mərasimi gözəl anlarla yadda qalmışdır. Sevil xanım əsrarəngiz bəstələrinin yer aldığı "Ze qaleri of Sevil" albomunu atası, ulu öndər Heydər Əliyevin və anası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr etmişdir. Sevil xanım Əliyevanın insanın ruhuna hakim kəsilən gözəl bəstələri musiqi duyumu olan hər kəsə yaxşı tanışdır. Hər bir musiqisevər korifey müğənni Müslüm Maqomayevin ifasında səslənən "Ana", "Vozvratis, Lyubimaya" və Radmila Karaklaiçin ifasında xüsusi yer tutan "Budu" mahnısına saatlarla qulaq asmaqdan yorulmur.
Noyabrın 7-də Moskvada İqor Butmanın caz klubunda çox təntənəli şəkildə təqdimatı keçirilən "Ze qaleri of Sevil" instrumental albomu Sevil Əliyeva mahnılarının pərəstişkarları üçün dəyərli hədiyyə olmuşdur. Klassik və caz musiqilərinin toplandığı bu albomun ərsəyə gəlməsində Sergey Skripkanın rəhbərliyi altında Rusiya simfonik orkestri, dünyanın ən məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak etmişdir. Albom Londonun məşhur "Əbbe Roud" studiyasında yazılmışdır.
"Ze
qaleri of Sevil" albomu iki
variantda hazırlanmışdır. Birinci variant ikidiskli
konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın
atası, ulu öndər Heydər Əliyev və anası Zərifə
xanım Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik
şəkillərinin toplandığı diskli kitabdır.
Qeyd edək ki, belə nəfis diskli kitab dünya şöhrətli
"Yuniversal Myuzik" şirkətində ilk dəfədir
ki, buraxılır.
Çoxsaylı
mətbuat nümayəndələrinin də
qatıldığı təqdimat mərasimində Sevil
xanım albom üzərində işi barədə fikirlərini
dünyanın və Rusiyanın aparıcı
telekanallarına verdiyi müsahibələrdə ifadə
etmişdir. Ənənəyə uyğun olaraq "Yuniversal
Myuzik"in baş direktoru Dmitri Konnovun aparıcılıq
etdiyi tədbirdə Sevil xanım gözəl bəstəkar
olmaqla yanaşı, gözəl natiq olduğunu da bir daha
nümayiş etdirmişdir.
Bəstəkar
Sevil xanım Əliyevanın sehrli musiqisi İqor Butmanın
gözəl orkestrinin və İqor Nazarukun fortepianoda
ifasında gecəni hər kəs üçün
nağıllar aləminə çevirmişdir.
"Latinos" və "Veçer v kabare" Butman orkestrinin solo musiqiçilərinin
möhtəşəm ifasında tamaşaçılara
xüsusi zövq vermişdir.
Təqdimat
mərasiminin qonaqları sırasında Leonid Mleçin,
Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və
Aleksandra Buts və digər tanınmış qonaqlar var idi.
Qeyd edək
ki, "Ze qaleri of Sevil" albomu artıq satışdadır.
AzərTAc
Azərbaycan.- 2011.- 11 noyabr.- S., 3.