Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı qətnamə layihəsi təqdim etmişdir

 

 Azərbaycan və Ruanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı BMT-yə birgə qətnamə layihəsi təqdim etmişlər. Sənəd BMT Baş Məclisinin 66-cı sessiyasının üçüncü komitəsinin iclasında açıqlanmışdır.

Sənədi təqdim edən Azərbaycanın nümayəndəsi bildirmişdir ki, ruandalı həmkarı ilə birlikdə komitənin üzvlərinin sayının 85-dən 87-yə qaldırılmasını təklif edir. İqtisadi və Sosial Şura tərəfindən bu barədə 2011-ci il iyulun 28-də qərar qəbul olunmuşdur. Buna görə də Bakı mətn layihəsinin təsdiqlənməsini xahiş etmişdir.

BMT-nin Baş katibinə göndərilmiş məktubda, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirmişdir ki, Azərbaycan da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv olmaq niyyətindədir. Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqramına tamamilə sadiqdir. Azərbaycan qaçqınların statusuna dair 1951-ci ildə qəbul edilmiş konvensiyaya və 1967-ci ildə qəbul olunmuş protokola qoşulmuşdur. 1999-cu ildən 2007-ci ilədək Azərbaycan BMT-nin daimi komitəsində müşahidəçi qismində iştirak etmişdir.

A.Mehdiyev onu da qeyd etmişdir ki, Azərbaycan qaçqınların vəziyyətinin həm beynəlxalq və regional əməkdaşlıq yolu ilə, həm də milli səviyyədə yaxşılaşdırılmasına çalışır. Azərbaycan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün həm beynəlxalq, həm də dövlət səviyyəsində fəaliyyət göstərir.

 

 

Azərbaycan.- 2011.-11  noyabr.- S.2.