Azərbaycan ilə İsrail arasında daha sıx əməkdaşlıq üçün böyük potensial vardır

 

 Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailin milli infrastruktur naziri Uzi Landau ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə U.Landau Azərbaycanı BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.

Tərəflər ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm rol oynadığını bildirmişlər. Nazirlər ölkələrimiz  arasında bir çox istiqamətlərdə - iqtisadi, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişlər.

E.Məmmədyarov israilli qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.



Azərbaycan.- 2011.- 11 noyabr.- S. 3.