Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə tədbirlər keçirmişdir

 

 RF nümayəndəliyi

 

Heydər Əliyev Fondunun RF nümayəndəliyi Rusiya Müftiləri Şurası (RMŞ) ilə birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir.

Artıq xoş ənənə halını almış xeyriyyə aksiyasını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tapşırığı ilə fondun əməkdaşları və RMŞ-nin sosial-xeyriyyə və dini-maarifləndirmə  departamentinin əməkdaşları həyata keçirmişlər. Bu il onlar qurban ətini 43 nömrəli ixtisaslaşdırılmış uşaq evinə və 6 nömrəli uşaq evinə çatdırmışlar.

Uşaq evlərinin rəhbərliyi fiziki imkanları məhdud olan, habelə  kimsəsiz uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və RMŞ-nin nümayəndələrinə minnətdarlığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyi uşaq evlərinə daim diqqət yetirir, zəruri yardım göstərir. Humanizm və şəfqət aktı olan bu xeyriyyə tədbiri yüksək mənəvi dəyərlərə gözəl nümunədir, Azərbaycan və Rusiya xalqları arasında mənəvi əlaqələri daha da möhkəmləndirir.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S.  3.