Düşünülmüş,
sürətli və davamlı inkişaf
"Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Bu üstünlük daha da böyük olmalıdır və biz buna da nail olacağıq. Bu münaqişəni həll etmək üçün, işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməlidir, həm də düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər və lazım olan vaxtda bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq".
İlham ƏLİYEV
Güclü
dövlətin qüdrətli ordusu
Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən həm də onun ordusu, Silahlı Qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənmiş, onu milli qürur və fəxarət ünvanı saymışdır. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilmiş, eyni zamanda dünya siyasətinə əsaslı təsir imkanları əldə etmişdir. Əsrlər boyu qonşu dövlətlərlə dinc yanaşı yaşamağın, sülh və barışın, sabitliyin tərəfdarı olan Azərbaycan xalqının da özünümüdafiə əzmi, döyüş rəşadəti, qəsbkarlara qarşı mübarizə ruhu daim yüksək olmuşdur. Xalqımız öz taleyini hər zaman güvəndiyi nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar etmişdir. Nizami ordu bu gün də Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır.
Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin üzündən ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmamış, Silahlı Qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qalmışdı.
1993-cü ilin iyununda - son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə sözün əsl mənasında milli qurtuluşu təmin etmişdir. Ulu öndərin Ali Sovetin sədri seçildiyi 15 iyun tarixinin sonradan Milli Qurtuluş Günü elan edilməsi və hər il əlamətdar gün kimi qeyd olunması da məhz bu reallığa əsaslanır. Böyük strateq Heydər Əliyev dövlət başçısı seçildikdən sonra Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xüsusi diqqətlə yanaşmışdır.
Belə mürəkkəb şəraitdə Heydər Əliyevin qarşısında eyni zamanda dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində üzləşdiyimiz hərbi uğursuzluqları aradan qaldırmaq, düşmənə qarşı mütəşəkkil müqaviməti təşkil etmək, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi çətin vəzifə dayanırdı. Daxili sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların - hərbi müxalifətin zərərsizləşdirilməsi ümummilli liderin üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun kifayət qədər riskli və qətiyyətli addımlar atmasını zəruri edirdi. Yaranmış acınacaqlı durumda bu taleyüklü problemlərin həllinə paralel yanaşmaya, bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Cəhbə bölgəsində vəziyyətin stabilləşməsinə nail olmadan xarici investorları ölkəyə cəlb etmək, iri neft şirkətlərilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsini adlamaq mümkün deyildi. Belə bir şəraitdə vəzifə səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev qısa müddətdə həlledici uğurlara imza atmaqla, peşəkar idarəçi və xarizmatik lider olduğunu bir daha təsdiqləmişdir.
1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını almış, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırmışdır. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərmişdir. Eyni zamanda, keçmiş hakimiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, ordunun hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğulamışdır: "Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib".
Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlanmışdı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı kateqoriyaları tərəfindən dəstəklənmiş, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşulmuş, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alınmışdı. Hərbi uğursuzluqlarla üzləşdiyini görən təcavüzkar Ermənistan 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan "Bişkek protokolu"nu imzalamağa məcbur olmuşdu. Atəşkəs Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından da mühüm bir mərhələ olmuşdur.
Atəşkəs mərhələsindən sonra ölkədə ordu quruculuğu istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi və sosial təminatının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm qollarından birinə çevrilmişdir. Nizami ordu quruculuğu spesifik bir sahə, uzun sürən və gərgin səy göstərilməsini tələb edən mürəkkəb proses olsa da, müstəqil Azərbaycanın son 18 ildə bu sahədə qazandığı nailiyyətlər dövlətimizin etibarlı müdafiə sisteminin formalaşdığından xəbər verir. Ümummilli lider Heydər Əliyevin səyləri ilə bu sahədə tamamilə yeni mərhələ başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatının yüksəldilməsi baxımından bir sıra vacib işlər həyata keçirilmişdir.
Azərbaycan Ordusunun beynəlxalq əməkdaşlığı məsələsi də dövlətin xarici siyasətində xüsusilə aktuallıq kəsb edir. Dövlət müstəqilliyini qazandıqdan sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm vermişdir. Ümummilli lider Heydər Əliyev Şimali Atlantika Alyansı ilə hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini balanslaşdırılmış xarici siyasət doktrinasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu istiqamətdə praktik addımların atılmasını təmin etmişdir. Alyansın beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alan ulu öndər respublikanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) proqramına qoşulması barədə qətiyyətli qərar verərək, 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzalamış, bununla da Azərbaycan MDB məkanında Ukrayna, Moldova və Gürcüstandan sonra bu proqrama qoşulan dördüncü respublika olmuşdur.
"Sülh naminə tərəfdaşlıq" proqramının imzalanması ilə əlaqədar ümummilli lider Heydər Əliyev NATO iclasında çıxış edərək, həmin günün Azərbaycan Respublikası üçün mühüm hadisə olduğunu qeyd etmiş, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20 faizə qədərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunması, bir milyondan çox adamın yaşayış yerini itirməsi, Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın daha yeddi rayonunun erməni silahlı birləşmələrinin işğalı altında olması haqqında məlumat vermişdi: "Biz NATO-nun Şərqi Avropa ölkələrini və keçmiş Sovet İttifaqına daxil olan yeni müstəqil dövlətləri "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmağa çağıran dəvətini böyük razılıqla qarşılamışıq və buraya da bu fikirlər və ümidlərlə gəlmişik və bu gün "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamağa hazırıq".
Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranmışdır. Heydər Əliyev 26 aprel 1999-cu ildə NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündəki çıxışında bildirmişdi ki, Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz tərəfindən hər cür kömək göstərəcək. 1999-cu ilin may ayında NATO Parlament Assambleyasının Polşada keçirilən sessiyasında Azərbaycana həmin qurumda "müşahidəçi statusu" verilmiş, 2001-ci il noyabrın 19-da isə Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilmişdir.
Azərbaycan-NATO əlaqələrinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə daha da sürətlənmişdir. Cənab İlham Əliyevin 2004-cü ilin may ayında Brüsselə səfəri zamanı NATO-nun Baş katibi ilə ikitərəfli əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılmış, eyni zamanda, Azərbaycan Prezidenti ölkəmizin hazırladığı "Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı"nı NATO-nun Baş katibinə təqdim etmişdir. Bu plana görə, Azərbaycan Şimali Atlantika Blokunun 300-ə yaxın proqramında iştirak etmək hüququ əldə etmişdir və fərdi tərəfdaşlıq planında iştirak Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində dönüş nöqtəsi olmuşdur.
Azərbaycanın NATO ilə əməkdaşlığının mahiyyəti ondan ibarətdir ki, Azərbaycan bu qurumun imkanlarından istifadə edərək beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya edə bilər. Hazırda Azərbaycan - NATO əlaqələri getdikcə daha da intensivləşir, Azərbaycan ordusunun NATO standartlarına uyğun formalaşdırılması prosesi gedir.
2004-cü il noyabrın əvvəllərində NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Bakıda olmuş, respublika rəhbərliyi ilə aparılan danışıqlarda Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirakı, Azərbaycan-NATO fərdi tərəfdaşlıq planının gerçəkləşdirilməsi, beynəlxalq terrorizmlə mübarizə üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir.
Azərbaycanın NATO ilə 2005-ci ilin aprelində imzaladığı Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı (IPAP - İndividual Partnership Action Plan) ölkəmizin müdafiə, siyasi, iqtisadi və hüquqi sahələrində Qərb standartlarına uyğun islahatlar aparmasına təkan vermişdir. IPAP sənədi NATO-nun 2002-ci ilin noyabrında Praqada keçirilən sammiti zamanı tərəfdaş dövlətlər üçün açıq elan edilmiş, 2005-ci il aprelin 28-də isə Brüsseldə "NATO+Azərbaycan" formatında keçirilmiş görüşdə tərəflər planın müddəalarını müzakirə edərək təsdiqləmişlər. 2005-ci il mayın 27-də IPAP Azərbaycan üçün yekun olaraq qəbul edilmişdir. IPAP hər bir dövlətin xüsusiyyətlərini və istəklərini nəzərə alır və Cənubi Qafqazda IPAP çərçivəsində islahatlar prosesinin 2015-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı əsasən 4 sahədə problemlərin həlli yollarını əhatə etmişdir:
- siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri,
- hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər,
- ekologiya, elm problemləri və ictimai məsələlər,
- informasiya mübadiləsi və inzibati məsələlər.
Bununla yanaşı, IPAP Azərbaycan kimi tərəfdaş
dövlətlərin təhlükəsizlik sektorunun NATO-ya
inteqrasiya istiqamətində konkret tədbirləri əks
etdirmiş, eyni zamanda, NATO-nun müttəfiq dövlətlərinin
tərəfdaş ölkələrə yardım edə biləcəyi
sahələri, təlim və tədris imkanlarının
artırılması yollarını müəyyənləşdirmişdir.
Azərbaycanın
IPAP-a qoşulmasının əsas məqsədi XXI əsrə
uyğun təhlükəsizlik sisteminin
formalaşdırılması, eləcə də NATO ilə
regional təhlükəsizlik, bu təhlükəsizliyin
strategiyasının, Azərbaycanın hərbi
doktrinasının hazırlanması, müdafiə və
büdcə planlaşdırılması prosesinin təkmilləşdirilməsi
və digər məsələlərlə bağlı daimi
olaraq NATO ilə məsləhətləşmələr
aparılmasıdır.
Azərbaycan, həmçinin, NATO-ya daha da yaxın olmaq
üçün alyansla işgüzar və siyasi əməkdaşlığı
fəallaşdırmaq istiqamətində fəal addımlar
atmışdır. Bununla bağlı Müdafiə Təsisatlarının
Qurulması üzrə Tərəfdaşlıq Əməliyyat
Proqramı, Planlaşdırma və Analiz Prosesi və eləcə
də müttəfiqlərlə məsləhətləşmələr
vacib vasitələr hesab edilir.
IPAP-da o da qeyd edilir ki, Azərbaycan Qafqazda regional təhlükəsizliyə
və sabitliyə yardım etməyə səy göstərir
və bütün qonşularla konstruktiv münasibətlərin
inkişafının və yaxşılaşmasının qəti
tərəfdarıdır. Azərbaycanın
demokratik təsisatlarda inkişafının təmin
olunması, insan hüquqlarının müdafiəsi, qanunun
aliliyi, şəffaflıq və korrupsiya ilə mübarizə
kursuna sadiq olacağı da IPAP-da bildirilir.
Burada Azərbaycanın müdafiə sahəsində
planlaşdırmanın aparılması istiqamətində
çox aydın şəkildə müəyyən
edilmiş məqsədlər də mövcuddur və NATO-ya
üzv olmağa çalışan və alyansla əməkdaşlıq
edən dövlətlərin Silahlı Qüvvələrində
həyata keçiriləcək islahatların mahiyyəti, bu
istiqamətdə lazımi əlaqələrin və
planlaşdırmanın hazırlanması və bütün
bunlar üçün ən optimal büdcə
variantının seçilməsi öz əksini
tapmışdır.
NATO ilə
həyata keçirilən əməkdaşlığa əsasən,
Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın
Əməliyyat Planı (PAP DIB - Partnership Action Plan on Defence
Institution Building) və Proseslərin
Planlaşdırılması və Analizi Proqramı (PARP -
Planning and Reviec Process) kimi sənədlər də
hazırlanmışdır. PARP sənədi tərəfdaş
dövlətlərlə Şimali Atlantika İttifaqı
arasında əlaqələrin inkişafına kömək edəcək
bir sıra hədəflərə nail olmaq üçün nəzərdə
tutulmuş prosesdir. PARP çərçivəsində
fəaliyyətin əsas istiqaməti qarşılıqlı
fəaliyyət tədbirlərinin, yeni hərbi təlim,
sülhyaratma əməliyyatlarının
planlaşdırılmasına yönəldilmişdir. Azərbaycan 1996-cı ildə PARP-a
qoşulmuşdur.
PAP DIB isə NATO ilə əlaqələrini dərinləşdirmək
istəyində olan tərəfdaş ölkələr
üçün bir vasitədir. Bu sənəd
"Sülh naminə tərəfdaşlıq"
proqramına üzv ölkələrdə konkret müdafiə
islahatlarının irəli sürülməsi vasitəsi kimi
çıxış edir.
IPAP
çərçivəsində həyata keçirilən əməkdaşlığa
əsasən, Azərbaycan Müdafiə Nazirliyi
kadrlarının (hərbi və mülki heyət) idarəedilməsi
sistemində mütəmadi olaraq islahatlar aparır, hərbi
birləşmələrdə NATO standartlarının tətbiq
olunmasını həyata keçirir, Silahlı Qüvvələrin
demokratik cəmiyyətin dəyərlərinə maksimal şəkildə
cavab verməsinə nail olmaq istiqamətində əməli
addımlar atır. Eləcə də hərbi təhsil
sistemini daim təkmilləşdirmək, Silahlı Qüvvələrin
"Sülh naminə tərəfdaşlıq" Təlim Mərkəzini
genişləndirmək, Silahlı Qüvvələrin nizamnamələrini,
təlimatlarını, əsasnamələrini və digər
rəhbər sənədlərini NATO standartlarına uyğun
hazırlamaq, ordunun maddi-texniki təminatı sahəsində
islahatlar həyata keçirmək, NATO qüvvələri ilə
əməliyyat səviyyəsində qarşılıqlı
münasibətləri təmin etmək, onları inkişaf
etdirmək, Silahlı Qüvvələrə demokratik nəzarət
mexanizmlərini təkmilləşdirmək, hərbi
qulluqçuların NATO-nun sülhməramlı əməliyyatlarında
birgə iştirak vərdişlərini təkmilləşdirmək,
islahatların davamlılığını təmin etmək
istiqamətində konkret addımlar atmışdır.
Azərbaycanın beynəlxalq əməkdaşlığında
NATO-nun yeri və rolu getdikcə güclənir və bu, ikitərəfli
əməkdaşlığın yüksələn xətlə
inkişafında da öz təsdiqini tapır. Bu əməkdaşlıq
qlobal planda sülh və sabitliyə xidmət etməklə
regionun nəhəng enerji layihələrinin təhlükəsiz
gerçəkləşdirilməsinə əsaslı təminat
yaratmışdır. Xəzərin enerji
resurslarının dinc şəraitdə mənimsənilməsi,
habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin
təmin edilməsi baxımından Azərbaycan-NATO əməkdaşlığının
mühüm əhəmiyyəti vardır. Azərbaycan Ordusunun NATO standartlarına
uyğunlaşdırılması istiqamətində atılan
addımlar sistemli xarakter daşımaqla bu gün də davam
etdirilir.
Dünyanın bir sıra qaynar nöqtələrində
sabitliyi və təhlükəsizliyi pozan beynəlxalq
terrorizm, təcavüzkar separatizm, narkotik
qaçaqmalçılığı və digər qlobal təhdidlərlə
mübarizədə NATO-ya üzv olan, habelə bu hərbi-siyasi
blokla sıx əməkdaşlıq edən ölkələrin
koalisiyasının formalaşdırılması da məhz bu
zərurətlə şərtlənmişdir. Azərbaycan Respublikası
da tarixən erməni terrorizmindən əziyyət çəkmiş
dövlət kimi Kosovo, Əfqanıstan və İraqda həyata
keçirilən antiterror əməliyyatlarına ilk gündən
hərbi-siyasi dəstək vermiş, Silahlı Qüvvələrimizin
mətin hərbçiləri NATO qoşunlarının tərkibində
sülhməramlı əməliyyatlarda fəal iştirak
etmişlər.
Azərbaycan sülhməramlıları son 10 ildə
üzərlərinə düşən sülhməramlı
missiyanı daim yüksək məsuliyyətlə, şərəflə
həyata keçirərək dövləti və xalqı
layiqincə təmsil etmişlər. Qlobal miqyasda sülh və
sabitliyə töhfə vermək, sülhməramlı əməliyyatlara
qoşulmaq respublikamızın beynəlxalq aləmdə nüfuzunun
daha da artmasına, dünya birliyində öz yerini möhkəmlətməsinə,
bəşəriyyəti narahat edən problemlərin həllində
yaxından iştirakına əlverişli zəmin
yaranmışdır.
Ulu öndər Heydər Əliyev 11 sentyabr hadisələrini
dərhal kəskin şəkildə pisləməklə
yanaşı, müdrik rəhbər kimi Azərbaycanın
antiterror koalisiyasında fəal iştirakını da təmin
etmişdir.
Ümummilli liderin müraciəti əsasında Azərbaycan
Respublikasının Milli Məclisi 15 noyabr 2002-ci il tarixdə "Azərbaycan Respublikası
Silahlı Qüvvələri taqımının Türkiyə
Cümhuriyyəti Silahlı Qüvvələri taburunun tərkibində
və NATO strukturlarının ümumi komandanlığı
altında Əfqanıstanda yerləşdirilməsinə və
müvafiq əməliyyatlarda iştirak etməsinə
razılıq verilməsi haqqında" qərar qəbul
etmişdir. Eyni zamanda Əfqanıstandakı əməliyyatlara
rəhbərlik edən NATO-nun koalisiya üzvü olan dövlətlərə
öz hərbçilərinin sayını artırmaq barədə
xahişinə ilk müsbət reaksiya verən dövlətlərdən
biri məhz Azərbaycan olmuş, Kabildəki sülhməramlı
kontingentimiz 2 dəfə artırılmışdır.
Beynəlxalq sülh və təhlükəsizliyə
böyük töhfə verən Azərbaycan Respublikası
eyni zamanda İraqda həyata keçirilən sülhməramlı
missiyanı da ilk gündən dəstəkləmiş,
"İraqın Azadlığı Əməliyyatı"nda
(Operation Iraqi Freedom) fəal iştirak etmişdir. 32 dövlətin
iştirakı ilə yaradılmış beynəlxalq
koalisiyanın üzvü olan respublikamızın bu beynəlxalq
sülhməramlı aksiyada iştirakı da məhz ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. 2003-cü ilin
mayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü
əsasında Milli Məclis "Azərbaycan Respublikası
Silahlı Qüvvələri bölüyünün beynəlxalq
koalisiya qüvvələri tərkibində İraqda
keçirilən sülhməramlı əməliyyatlarda
iştirak etməsi haqqında" qərar qəbul
etmişdir. 2003-cü il avqust
ayının 15-dən 2008-ci il dekabrın 15-dək
Çoxmillətli Qüvvələrin Qərbi İraq Qrupunda
(Multinational Forces West İraq) - ABŞ Dəniz Piyadaları
taburunun tərkibində fəaliyyət göstərən Azərbaycan
sülhməramlı bölüyü nəzarət etdiyi ərazidə
asayişin qorunmasını, humanitar yüklərin
müşayiət edilməsini, hərbi və inzibati obyektlərin
mühafizəsinin təşkilini həyata
keçirmişdir.
2008-ci ildə Kosovoda və İraqda humanitar missiyanı
şərəflə başa vuran Azərbaycan hərbçiləri
hazırda Əfqanıstanda sülhün və sabitliyin təmini
prosesinə öz töhfələrini verirlər. Xatırladaq ki, 2002-ci il noyabrın 18-də Əfqanıstanın
Kabil şəhərinə yola düşən Azərbaycan
taqımı Türkiyə Respublikası Silahlı Qüvvələri
taburunun tərkibində - Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinin (ISAF) strukturunda fəaliyyət
göstərir. ABŞ-dakı məlum 11 sentyabr hadisələrindən
sonra Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası 2001-ci il
dekabr ayının 20-də Əfqanıstanda terrorizmə
qarşı mübarizə aparılması ilə
bağlı xüsusi qərar qəbul etmiş,
dünyanın 35 dövləti terrorun bəşəriyyət
üçün böyük təhlükə olduğunu nəzərə
alaraq bu mübarizəyə qoşulmuşdur.
Bu gün inkişaf tempi ilə dünyanın ən
modern ölkələrindən birinə çevrilməyi
bacarmış Azərbaycan qarşısına qoyduğu hədəflərə
uğurla çatır, bu istiqamətdə meydana
çıxan problemləri müvəffəqiyyətlə həll
edir.
Sözügedən kontekstdə Azərbaycanın tezliklə
öz ərazi bütövlüyünü də bərpa edəcəyi,
üzləşdiyi təcavüzkarlığa birdəfəlik
son qoyacağı heç bir şübhə doğurmur. Münaqişənin həllinin hərbi müstəviyə
keçəcəyi təqdirdə təcavüzkarı hər
an acı məğlubiyyətə düçar etməyə
hazır olan qüdrətli Azərbaycan Ordusu
formalaşmışdır. Müstəqil
siyasət yeridən Azərbaycan hərbi hüququndan diplomatik
səylər nəticə verməyəcəyi təqdirdə
istədiyi vaxt istifadə edəcəyinə dair beynəlxalq
ictimaiyyətə mövqeyini aydın və qəti şəkildə
çatdırmışdır. Ali Baş Komandan,
Prezident İlham Əliyevin də düşmənə
mesajı qətidir: "Biz uzun illərdir ki, işğaldan əziyyət
çəkirik, torpaqlarımız işğal
altındadır. Hər an hazır
olmalıyıq ki, doğma torpaqlarımızı
işğalçılardan azad edək. Bunu etmək
üçün siyasi və diplomatik səylərlə bərabər,
biz güclü orduya malik olmalıyıq və bu proses
uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi
çox yüksək zirvədədir".
Azərbaycanın qüdrətli Silahlı Qüvvələrinin
mövcudluğunu işğalçı tərəf, eləcə
də dünya ictimaiyyəti hələ 2008-ci ildə keçirilən
möhtəşəm hərbi paradda bir daha gördü, buna
növbəti dəfə əmin oldu. Həmin il iyunun
26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 90-cı ildönümü münasibətilə
Bakının bayram libası geymiş Azadlıq meydanında
keçirilən parad ölkəmizin müzəffər
silahlı birləşmələrə malik olduğunu yenidən
bariz şəkildə hamıya nümayiş etdirdi.
Silahlı Qüvvələrin bütün qoşun növlərinin,
hərbi birlik və birləşmələrin, hərbi tədris
müəssisələrinin, həmçinin qanunvericilikdə
nəzərdə tutulan başqa silahlı birləşmələrin
4510 nəfərlik şəxsi heyətinin, 210 modernləşdirilmiş
hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin,
gəmilərin və qayıqların iştirak etdiyi hərbi
parad hər bir azərbaycanlıda qürur hissi doğurdu.
Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin
qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin
ərazi bütövlüyünün bərpası
üçün istənilən an zəfər
yürüşünə hazır olmasından xəbər
verən möhtəşəm tədbir idi.
Hərbi paradda yenə də hər bir azərbaycanlının
qürurunu oxşayan daha bir önəmli məqam tədbirə
qatılmış şəxsi heyətin sıralarında Azərbaycan
hərb məktəbinin yetirmələrinin,
kursantlarının olması idi. Xalqımızın ümummilli
lideri Heydər Əliyevin 39 il öncə yaratdığı
və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid
Naxçıvanski adına hərbi liseyin kursantlarının,
quru qoşunlarının, Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali
Hərbi Təyyarəçilik məktəblərinin
kursantlarının təntənəli mərasimlə
Azadlıq meydanında Ali Baş Komandanın
dayandığı tribunanın önündən keçmələri
həm də ölkəmizin gələcək təhlükəsizylinin
də etibarlı əllərdə olacağından xəbər
verirdi. Azərbaycanın mətin, qorxmaz, igid övladları -
beynəlxalq təhlükəsizliyin qorunmasında fəal
iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları,
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyası, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə
Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının
bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd
Qoşunlarının hərbçiləri, Silahlı Qüvvələrin
dəniz piyadaları, Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin
xüsusi təyinatlıları da bu paradda ölkəmizin
yenilməz silahlı birləşmələrə malik
olduğunu göstərdi. Paradda nümayiş
etdirilən hərbi texnika isə Azərbaycan Ordusunun, digər
növ Silahlı Qüvvələrin maddi-texniki təminatının
yüksək səviyyədə olmasının bariz nümunəsinə
çevrildi.
2009-cu il iyunun 24-də keçirilən daha bir
mühüm tədbir Azərbaycan Ordusunun yüksək
döyüş qabiliyyətinə malik olduğunu real fakt əsasında
nümayiş etdirdi. Həmin gün Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 91-ci ildönümü münasibətilə
keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin və Daxili Qoşunların birləşmə və
hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki
təliminin əsas mərhələsini Ali Baş Komandan
şəxsən izlədi, nümayiş etdirilən hərbi
texnika nümunələri ilə tanış oldu. Təlimin gedişi ordumuzun qarşıya qoyulan istənilən
vəzifəni uğurla yerinə yetirməyə hazır
olduğunu bir daha təsdiqlədi, onun peşəkarlıq səviyyəsinin
əhəmiyyətli dərəcədə yüksəldiyini
göstərdi. Belə ki, təlimin
gedişi zamanı artilleriya bölmələrinin şəxsi
heyəti təlim sahəsindəki hədəflərə sərrast
atəş açmaqla peşəkarlıq nümayiş
etdirdi. Döyüş təyyarə və
vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə
dəqiq aviasiya zərbələrinin endirilməsində məharət
göstərdi. Tank və piyadanın
döyüş maşını heyətləri idarə
etdikləri texnikanın manevr və atəş gücündən
tam istifadə edərək qarşıya qoyulan
tapşırıqları müvəffəqiyyətlə yerinə
yetirdilər. Xüsusi təyinatlı
bölmələrin taktiki hava desantı tərkibində
paraşütlə atılması və qarşıya qoyulan
tapşırığın dəqiq yerinə yetirilməsi
onların əsl peşəkarlığını göstərdi.
Ümumiyyətlə, təlimə cəlb olunan
bütün şəxsi heyət yüksək
döyüş hazırlığı nümayiş etdirdi.
Təlimdə qarşıya qoyulan bütün məqsədlərə
nail olundu.
Bütün bunlar həm də onu göstərdi ki, ordu
quruculuğu ilə bağlı Azərbaycanda prioritet istiqamətlərdən
biri olaraq qalan strateji xətt öz yüksək nəticələrini
verir. 2010-cu il aprelin 23-də Prezident İlham Əliyevin rəhbərliyi
ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə
həsr olunmuş müşavirədə səslənən
fikirlər də bunun növbəti sübutu kimi
çıxış etdi. Məlum oldu ki,
Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi
istiqamətində yeni keyfiyyət yüksəlişinə
nail olunub. Qoşunların döyüş
qabiliyyəti daha yüksək səviyyəyə
çatdırılıb, maddi-texniki təchizat istiqamətində
olduqca mühüm uğurlara imza atılıb. Belə
ki, həm yerli istehsal, həm də xaricdən alınan hərbi
texnika hesabına ordumuzun arsenalında müasir döyüş
sursatları cəmləşib. Bu
döyüş sursatları isə Azərbaycan Ordusuna hətta
işğalçı Ermənistan ərazisində belə
istənilən hədəfi məhv etməyə imkan verir.
Yüksək
döyüş ruhuna malik Azərbaycan Ordusunun, Silahlı
Qüvvələrin digər növlərinin peşəkarlığını
nümayiş etdirən daha bir möhtəşəm təlim
isə 2010-cu il iyunun 24-də baş tutdu. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 92-ci ildönümü münasibətilə
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin
və Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə
də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən
izlədi. Xatırladaq ki, həmin vaxt ölkəmizə
qarşı yönələn silahlı təcavüzün dəf
edilməsi məqsədi ilə müxtəlif güc
strukturlarının birgə fəaliyyətinin
planlaşdırılması və təşkili, birinci müdafiə
həddində müdafiə əməliyyatının
aparılması, müasir silah sistemləri və
aviasiyanın tətbiqi ilə düşmənə
böyük dərəcədə zərər yetirilməsi,
müxtəlif güc strukturlarının birləşmə və
hissələrinin birgə hücum əməliyyatı
aparmaqla müdafiəyə soxulan düşmən qruplaşmasının
darmadağın edilməsi, əməliyyat
ehtiyatlarının döyüşə yeridilməsi ilə
hücumun dərinliyə inkişafı və Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsi
mövzusu üzrə irimiqyaslı birgə əməliyyat-taktiki
təliminə ümumilikdə 4 min nəfərdən
çox şəxsi heyət, 100 tank, 77 zirehli
döyüş maşını, 125 artilleriya sistemi, 17
döyüş təyyarəsi, 12 döyüş vertolyotu və
4 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdi. Bu dəfə də təlimin gedişində
artilleriya bölmələrinin şəxsi heyəti təlim
sahəsindəki hədəflərə sərrast atəş
açmaqla peşəkarlıq nümayiş etdirdi. Döyüş təyyarələri və
vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə
dəqiq aviasiya zərbələrinin endirilməsində məharətlərini
göstərdilər. Tank və
piyadanın döyüş maşını heyətləri
idarə etdikləri texnikanın manevr və atəş
gücündən tam istifadə edərək qarşıya
qoyulan tapşırıqları müvəffəqiyyətlə
yerinə yetirdilər. Xüsusi təyinatlı
bölmələrin taktiki hava desantı tərkibində
paraşütlə tullanması və qarşıya qoyulan
tapşırığın dəqiq yerinə yetirilməsi
onların əsl peşəkarlığını göstərdi.
Ümumiyyətlə, təlimə cəlb olunan
bütün şəxsi heyət yüksək
döyüş hazırlığı nümayiş etdirdi.
Yüksək döyüş qabiliyyətinə malik olan
Azərbaycan ordusunun maddi-texniki bazasının möhkəmlənməsi
də prioritet istiqamətlər sırasında yer alır. Sadəcə onu demək
kifayətdir ki, son 7 il ərzində Azərbaycanın
hərbi xərcləri 13 dəfədən çox
artmışdır. Təkcə 2010-cu ilin bütün hərbi
xərcləri 2 milyard 150 milyon dollara bərabər olmuşdur
ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən
çoxdur. 2011-ci ildə Azərbaycanın hərbi
xərcləri 3 milyard 100 milyon dollara
çatdırılmışdır. Azərbaycanda
hərbi təyinatlı məhsulların istehsalı istiqamətində
mühüm addımlar atılır.
(ardı var)
Azərbaycan.- 2011.- 11 noyabr.- S. 4.