Bayrağımız qürur mənbəyimizdir

 

Bayraq, gerb və himn hər bir dövlətin, millətin rəsmi atributudur. Bu atributlar hər bir millət üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün ona canlar fəda olunur. Uğrunda canlar fəda olmuş bayraqlardan biri də üçrəngli, ay-ulduzlu hilalımız -  Azərbaycan bayrağıdır. Heç gördünüzmü, balaca-toppuş əllərində üçrəngli bayrağımızı yelləyə-yelləyə ata-anasının əlindən tutub bağçaya, məktəbə gedən körpələrimizi. XX əsrin əvvəllərində millətin istiqlalı üçün savaşanların ən böyük arzusu bu mənzərəni görmək idi.

Bu, göylərin sonsuzluğuna ucalan dünyanın ən hündür bayrağı Bakıda - Dövlət Bayrağı Meydanında ucalan Azərbaycanın doxsan üç yaşlı üçrəngli bayrağıdır. Bayrağımız uzun illər tarixin yaşadığı ağır və məşəqqətli illərin qaranlıq pərdəsi arxasında gün işığına, dalğalanmağa həsrət qaldı. Vaxtilə adını çəkən, rənglərin, ay-ulduzlu hilalın mənasını dilə gətirən uzaq Sibirdə çürüməli, yerdə qalanları min bir işgəncə ilə məhv edilməli idi. Bayrağımızı işıqdan əbədi məhrum edənlər bilmirdilər ki, yeri-göyü nurlandıran ay və ulduzlar qaranlığa gömülə bilməzlər...

İyirmi ildir ki, ay-ulduzlu, üçrəngli bayrağımız ən mötəbər beynəlxalq qurumların qarşısında bütün millətlərin bayraqları ilə bir sırada dalğalanır. Bu gün bayrağımızın yaradılmasının və ilk dəfə Vətənimizin səmalarında dalğalanmasının 93-cü payızıdır. Millətimiz 93 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi, düşmənləri tərəfindən ayaqlanmaması üçün savaşdı, bu hilal uğrunda yüzminlər şəhid oldu, analar qucaqlarında körpələri ilə doğrandı, yandırıldı. Millət olmaq üçün millətimizin övladları yaşamaq hüququndan keçdi. Bu savaş 1918-ci ildən başlayıb 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ilin qarlı qışında törədilmiş Xocalı soyqırımından keçərək yol gəlir, Qarabağda torpağı sıxsan, bulaq kimi şəhid qanı qaynayar. Ölümlər, itimlər qorxutmur xalqımızı. Hər bir Azərbaycan övladının arzusudur ki, ay-ulduzlu bayrağımızı qələbə müjdəsi kimi Qarabağda, Şuşada qaldırmaq ona nəsib olsun...

Bir az tarixə müraciət edək: Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Milli Şura Gəncədə fəaliyyət göstərərkən verilmişdi. Qərarda bayraq yalnız al-qırmızı materialdan, üzərində ağ aypara və qırmızı fonda ağ rəngdə səkkizguşəli ulduz təsviri verilmişdi. 1918-ci il senytabrın 15-də general-leytenant  Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakını xarici işğalçılardan azad etdikdən sonra hökumət Gəncədən Bakıya köçdü və bir neçə mühüm qərarlar verdi. Onlardan biri də 1918-ci il noyabrın 9-da qəbul edilmiş Dövlət Bayrağı haqqındadır. Həmin tarixi qərarda deyilir: "Azərbaycan Respublikasının Dövət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir". Arxasınca da bayrağın hazırlanmasının texniki tərəfləri dəqiqliyi ilə açıqlanır: "Eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir. Üst zolaq göy rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağrəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Aypara və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının diaqonalı bayrağın eninin 1:2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan 2 dairənin hissələri şəklindədir. Böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1:4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə bayrağın eninin 1:60-nə bərabər olan məsafəyə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sonra sağda yerləşir. Ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1:6-ni, daxili dairəsinin diametri isə 1:12-ni təşkil edir. Azərbaycan Respublikasının Dövlət Bayrağı və onun təsviri ölçülərindən asılı olmayaraq həmişə təsvirlərə uyğun gəlməlidir".

Bayrağımızın üçrəngli olması ideyasının müəllifi görkəmli Azərbaycan ziyalısı, türkçülük ideyasının müəllifi Əli bəy Hüseynzadədir. Ay-ulduzlu və üçrəngli bayraq onun düşüncələrini ehtiva edirdi. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığı ifadə edir. Türk milli şüurunun təkamülü və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə çevrilməsi də Əli bəy Hüseynzadənin üç düsturu ilə bağlıdır. O düstur bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın rəngində əksini tapır. Əli bəy Hüseynzadənin Azərbaycanın siyasi və milli-ideoloji xəttini ifadə edən mülahizələri sonrakı mərhələdə milli özünütəsdiqin və istiqlal savaşının işıqlı yollarını nişan verdi. Bu gün o yolla Türkiyə və Azərbaycan qardaş kimi əl-ələ, çiyin-çiyinə bərabər gedirlər.

Bayrağın üzərindəki ağrəngli ay nişanı türkçülüyü, səkkizguşəli ulduz isə "Azərbaycan" sözünün əski əlifbada səkkiz hərflə yazılışının göstəricisidir. Mülahizələrə görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyənləşərkən səkkiz atributa əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Səkkizguşəli ulduzun hər bucağı bu prinsiplərin biri rəmzindədir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci toplantısının açılışında dalğalanıb. 1919-cu ildə keçirilən Paris Sülh Konfransında bayrağımız Fransada dalğalanıb. 

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, zəmanəsinin böyük şairləri Məhəmməd Hadi, Əhməd Cavad və başqaları şeirlərində üçrəngli bayrağı böyük sevgiylə öymüş, onu ulduzlardan da yüksəklərdə dayanan nazlı hilala bənzətmişlər. C.Cabbarlının 29 iyul 1919-cu ildə "Azərbaycan" qəzetində dərc etdirdiyi "Azərbaycan Bayrağına" şerində deyilir:  

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli: üç boyalı, üç mənalı bayrağı!

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu? Aman Allah! Od yurdunun yaprağı.

Göy yapraklar, al çiçəklər, yaşıl otlar tapısımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,

Fəqət bizim bayrağımız yucaları pək seviyor,

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır...

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə şöylə söyləmək:

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Yürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfli "Od yurdu",

Əsarətin gecəsidən fürsət bulmuş quş gibi,

Səhərlərə uçmuşdur...

Şu hilal da türk bilgisi düzgün sevgi nişanı...

 

Üçrəngli bayrağımız 1920-ci ilin aprel işğalınadək dövlətimizin başı üzərində dalğalanmış, süqutdan sonra yasaq edilərək yığışdırılmışdır. Yetmiş il sonra 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın dövlət bayrağı olması barədə qərar qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı rəsmi olaraq Dövlət Bayrağı elan etdi.  1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir. "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsinin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Beləliklə, ay-ulduzlu üçrəngli bayrağımız yetmiş il məhkum edildiyi qaranlıqlardan qurtularaq yenidən işığa çıxdı və Dövlət Bayrağı statusunda xalqımızın başı üzərində yenidən dalğalandı.

Bakıda Bayraq Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. İnşa edilmiş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrəsinin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2459 kvadratmetrdir. Kütləsi isə təqribən 350 kiloqramdır.

Möhtəşəm bayrağımızın göylərə ucaldılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə həyata keçirildi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S. 5.