Cəlil Məmmədquluzadənin əsərləri macar dilində

 

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri indiyədək kitab halında daha çox Şərq dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Belə ki, İran İslam Respublikasında müxtəlif illərdə görkəmli yazıçının ayrı-ayrı əsərləri bir neçə dəfə çapdan buraxılmışdır. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin 2010-cu ildə Urmiya şəhərində nəşr edilmiş "Cəlil Məmmədquluzadə" adlı tanıtma kitabı İranın ədəbi-elmi dairələrində və oxucu mühitində qüdrətli sənətkarın daha yaxından tanıdılmasına kömək etmişdir. Bundan başqa, akademik İsa Həbibbəyli 2004-cü ildə Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin dəstəyi ilə ustad Mirzə Cəlilin əsərlərini İslamabadın "Last Publikasionis" nəşriyyatında urdu dilində iyirmi çap vərəqi həcmində çap etdirmişdir.

"Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə" adlanan bu kitaba böyük sənətkarın görkəmli tədqiqatçısı İsa Həbibbəylinin yazdığı ingilisurdu dillərində təqdim olunan irihəcmli ön sözdə qüdrətli ədibin həyatı və yaradıcılığının ən önəmli hadisələri, habelə müsəlman dünyasının inkişafına təsir edə biləcək məqamları diqqət mərkəzinə çəkilmişdir. Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəcimə Rəfiqənin tərcüməsində təqdim olunan bədii əsərlər Pakistandaurdu dilinin yayıldığı digər ölkələrdə rəğbətlə qarşılanmışdır. Eyni zamanda, 2008-ci ildə Misir Ərəb Respublikasında akademik İsa Həbibbəylinin tərtibi və müqəddiməsi ilə Qahirə Universitetinin prorektorları Cəlal Hifnəvinin və Həni Əssisinin tərcümələrində Cəlil Məmmədquluzadənin ayrı-ayrılıqda iki müxtəlif kitabının kütləvi tirajla ərəb dilində geniş oxucu auditoriyasına təqdim edilməsi müsəlman aləmi üçün hadisə təəssüratı yaratmışdır. Xüsusən, hər iki kitabdakı elmi-tarixi təqdimatların və "Molla Nəsrəddin" jurnalından seçilmiş cəlbedici karikaturaların oxuculara çatdırılması təqdim olunan ədəbi əsərlərin aydın şəkildə təsəvvür olunmasına münasib şərait yaratmışdır. Həmçinin İldəniz Qurtulanın və Aysun Dəmirəz Günerinin çevirmələri sayəsində Türkiyədə meydana çıxmış kitablar Cəlil Məmmədquluzadənin Anadolu ictimaiyyəti və oxucuları arasında tanıdılmasında ilk addımlar kimi mühüm əhəmiyyətə malikdir.

Cəlil Məmmədquluzadənin əsərləri Rusiyadarusdilli ölkələrdə müəyyən dərəcədə yayılmışdır. Hələ sovet hakimiyyəti illərində böyük ədibin iki cildlik "Seçilmiş əsərləri"nin rus dilində nəşri öz dövrünün mədəni hadisəsi kimi səslənmişdir. Görkəmli yazıçının əsərlərinin rus dilinə ən yaxşı tərcümələri professor Əziz Şərifin və Tamara Kalyaginanın adı ilə bağlıdır. Bununla belə, akademik İsa Həbibbəylinin 1999-cu ildə Moskvanın "Nauka" nəşriyyatında çap etdirdiyi "Djalil Mametkulizade (Molla Nasreddin)" monoqrafiyasındakı konkret elmi araşdırmaların nəticəsi olan ümumiləşmiş təhlillər və yeni məlumatlar, habelə kitaba daxil edilmiş nadir şəkillər və "əlavələr" formasında verilmiş ədibin bir neçə bədii əsərinin ruscaya tərcüməsi təzə epoxada yazıçının həyatı və yaradıcılığının yenidən təbliğinə meydan açmışdır. İsa Həbibbəylinin 2010-cu ildə Ukraynanın Sevestopol şəhərindəki "Delta" nəşriyyatında çapdan buraxılmış "Cəlil Məmmədquluzadə" kitabı Azərbaycan yazıçısının tanıdılmasının sərhədlərinin bir qədər də genişləndirilməsinə şərait yaratmışdır.

"Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin bu vaxtadək müxtəlif vaxtlarda ingilis, fransız, alman, ispan dillərində cəmi bir neçə hekayəsi çap olunmuşdur. Akademik İsa Həbibbəylinin 2002-ci ildə Fransanın paytaxtı Parisdə çıxan "Yeni ədəbiyyat" jurnalında fransız dilində dərc olunmuş "Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə" adlı məqaləsi görkəmli demokrat yazıçının Qərb mühitində tanıdılması sahəsində ilk əhəmiyyətli addımlardan biridir. Bütün bunlarla bərabər, Cəlil Məmmədquluzadə kimi Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi, "Molla Nəsrəddin" ədəbi məktəbinin yaradıcısı, böyük demokrat yazıçı olaraq geniş şöhrət qazanmış görkəmli bir yazıçının əsərlərinin Avropa ölkələrində kitab halında nəşr edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu mənada Cəlil Məmmədquluzadənin 2011-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki Elmlər Akademiyasının "Akaprint" nəşriyyatında yüksək poliqrafik səviyyədə "Seçilmiş hekayələr" adlı kitabının çapdan çıxması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Macarıstandakı səfirliyinin Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlığı sayəsində meydanı çıxmış "Seçilmiş hekayələr" kitabı böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Avropada nəşr edilən ilk kitabıdır.

Kitabın tərtibçisi və ön sözün müəllifi Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylidir. Bu, İsa Həbibbəylinin böyük demokrat ədib Cəlil Məmmədquluzadənin irsini dünyaya tanıtmaq baxımından növbəti bir xidmətidir. "Seçilmiş hekayələr" kitabını Azərbaycan dilinə Budapeştdəki ELTE Universitetinin müəllimi, 1969-cu ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmiş tanınmış azərbaycanşünas alim Mariya Keneşi tərcümə etmişdir. Məlumat üçün deyək ki, Mariya Keneşi bundan əvvəl görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadənin əsərlərinin Macarıstanda çapa hazırlanması və nəşri məsələləri ilə də məşğul olmuşdur.

Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələr" kitabına tərcüməçi Mariya Keneşinin yazdığı ön sözdə onun Azərbaycan ədəbiyyatına, o cümlədən ustad Mirzə Cəlilin yaradıcılığına dərindən bələdliyi və böyük rəğbəti qabarıq şəkildə müşahidə olunur. O, Cəlil Məmmədquluzadəni Avropada tanınmağa layiq olan böyük novella ustası kimi səciyyələndirmişdir. Kitaba akademik İsa Həbibbəylinin yazdığı "Azərbaycanın böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadə" adlı müqəddimədə də dünya ədəbi fikrininmilli ədəbiyyatın çoxəsrlik inkişafı fonunda qüdrətli yazıçının xidmətləri yüksək elmi səviyyədə Macarıstan oxucusuna çatdırılmışdır. İsa Həbibbəyli ön sözdə həmçinin hazırkı şəraitdə Cəlil Məmmədquluzadənin böyük ideallara həsr olunmuş zəngin yaradıcılığının öz istiqlaliyyəti uğrunda mübarizə aparan, dövlət müstəqilliyini daha da möhkəmləndirməyə çalışan digər ölkələr, o cümlədən də Macarıstan üçün də faydalı və əhəmiyyətli olacağı qənaətini də irəli sürmüşdür.

Macarıstanda nəşr olunan Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələr" kitabında yazıçının zəngin bədii irsindən alınmış on hekayəsinin tərcüməsi toplanmışdır. Azərbaycan klassik bədii nəsrinin nadir inciləri sayılan "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy", "Nigarançılıq", "Konsulun arvadı", "Rus qızı", "Bəlkə də qaytardılar" və "Proletar şairi" hekayələri orijinalın ruhuna uyğun səviyyədə böyük sənətkarlıqla tərcümə edilərək macar oxucusuna təqdim olunmuşdur. Tərcüməçi Mariya Keneşi Cəlil Məmmədquluzadənin yaradıcılığı üçün səciyyəvi olan sadəlik və xəlqiliyi qoruyub saxlamağı bacarmışdır.

Heç bir dialoqu olmayan, kimsəsiz bir uşağın yanıqlı təsir pontomim vəziyyətini ifadə edən "lal" səhnəciyi də ilk dəfə kitabda seçilmiş hekayələrdən biri kimi verilmişdir. Bu, həm də macar oxucusunda Azərbaycan yazıçısının dramaturgiyası haqqında da ilkin təsəvvürün yaradılmasına kömək edə bilər. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin əsərlərinə "Molla Nəsrəddin" jurnalına görkəmli alman rəssamı Oskar İvanoviç Şmerlinqin çəkdiyi karikaturalardan istifadə olunması "Seçilmiş hekayələr" kitabının xarici ölkədə daha asan və əyani şəkildə təqdiminə şərait yaradır.

Cəlil Məmmədquluzadənin Budapeştdə macar dilində çıxan "Seçilmiş hekayələr" kitabı Azərbaycan-Macarıstan elmi -ədəbi əlaqələrinin yeni tarixi mərhələdəki inkişafının əhəmiyyətli bir səhifəsidir. Bu, Azərbaycan ədəbiyyatının müstəqillik illərində Avropa ölkələrində tanıdılması baxımından da diqqətəlayiq hadisədir.

 

Vaqif Məmmədov,

Azərbaycan Yazıçılar Birliyinin və

Avrasiya Yazarlar Birliyinin üzvü,

tarix elmləri namizədi, dosent

 

Azərbaycan.- 2011.-11 noyabr.- S. 5.