İşıqlı,
nəğməli, yağışlı dünya
Saçlarına çox erkən dən düşmüşdü. Min ilin qocasına bənzəyirdi. Dünyasını dəyişəndə bildik ki, heç 65 yaşını da tamamlamadı şair Tofiq Mahmud. Həyat eşqli, gülərüz, xeyirxah, qələm sahiblərinə həssaslıqla yanaşan, Vətəni ürəkdən sevən, torpağa bağlı, onun şəninə bir-birindən maraqlı şeirlər qoşan istedadlı şair, nasir, publisist, tərcüməçi idi Tofiq Mahmud. Vəfatından 15 ilə yaxın vaxt keçir. Üzüsoyuq torpaq da, uzun illərin ayrılığı da qəlblərdən xatirəsini silməyi bacarmayıb. 20 ildən artıq zaman kəsiyində redaktorluq etdiyi "Göyərçin" jurnalı indi də çıxır. Tez-tez balaca oxucuların görüşünə Tofiq babanın hekayə və şeirləri ilə qonaq gəlir. Cansağlığı ilə illəri yola verə bilsəydi, bu gün 80-i tamamlayacaqdı Tofiq Mahmud.
O, 1931-ci il noyabrın 6-da qədim Naxçıvanın gözəl bir guşəsində - Şahbuz rayonunda anadan olub. Orta və ali məktəbi Bakıda bitirib. Mədəniyyət Nazirliyinin bir müəssisəsində işə başlayan Tofiq Mahmud sonralar "Azərbaycan müəllimi" qəzetinin müxbiri olub. Tale onu 1961-ci ildə "Göyərçin" jurnalının redaksiyasına gətirib. 15 ildən sonra isə ömrünün sonuna kimi bu jurnalın redaktoru vəzifəsində çalışıb.
O elə bir zamanda ədəbi mühitə gəlmişdi ki, Azərbaycan ədəbiyyatının tanınmış simaları - Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, Ənvər Əlibəyli, İslam Səfərli kimi sənətkarlarla görüşmək, onlardan məsləhət almaq qismətinə çıxmışdı. Xatirələrinin birində ömrünün o bəxtəvər günlərini xatırlayaraq yazırdı: "Yazıçılar İttifaqında keçirilən "Gənclər günü"ndə bir dəfə Səməd Vurğun iki şeirimdən birini bəyəndi. O vaxt uçmağa qanadım yox idi. Lakin sonralar başa düşdüm ki, həmin şeir çox zəifdir. Bəs böyük sənətkar onu nə üçün bəyənmişdi? Demə, Səməd Vurğun alicənablıq, insanlıq göstərmiş, qəlbimə dəymək, ruhdan salmaq, qol-qanadımı qırmaq istəməmişdi..." Elə bu xeyir-duanın da qədəmləri yüngül olub. İlk şeiri 1953-cü ildə "Azərbaycan" jurnalında işıq üzü görüb. Bununla da mətbuata yolu açılan Tofiq Mahmud ədəbi mühitin ən fəal qələm sahiblərindən birinə çevrilib.
O,
poeziyanı həddən çox sevirdi. Onun
üçün şeir aləmi ömrünün sonuna kimi
möcüzə olaraq qaldı. Elə
sağlığında 20-dən çox kitabı
işıq üzü gördü. Amma
yaradıcılığa olan ülvi münasibəti dəyişmədi.
Ona elə gəlirdi ki, həyat poeziyasız solğun və mənasız
görünər. Buna görə də qələmə
sarılaraq "poeziyanı sevmək mənim
üçün həyatı və insanları sevmək deməkdir"
fikrini qətiyyətlə dilə gətirib. Hətta ona
ünvanlanan "Şeir nədir" sualına da belə
cavab verib: "Gözümdəki işıqdır, könlümdəki
nəğmədir".
Bu
işığın nuruna bürünərək Vətən
gözəlliklərinə, onun qalalarına, abidələşmiş
insanlarına, qəhrəmanlarına gözəl nəğmələr
qoşdu. "Vətən" adlı bir şeirində
oxuyuruq:
Təkcə
çəmən deyil, təkcə dağ deyil,
Solmayan əbədi
çiçəkdir Vətən!
Təkcə
dərə deyil, daş-torpaq deyil,
Cavanşir,
Koroğlu, Babəkdir Vətən!
Onun nəzərində
Nizami, Xətai, Füzuli, Sabir kimi dühalar yetirən bir Vətən
nəhənglərin nəhəngi idi. Xəzərin,
Göygölün, Kəpəzin, Kürün, Arazın, Həkərinin
gözəlliyindən vəcdə gəlib misralarını
çələng kimi hörərək Vətənin boynuna
dolayırdı. Dilində ən şirin nəğməyə
dönürdü yurd yerlərimiz: "Zəmidir, tarladır,
pətəkdir Vətən!". Gücünü,
dayağını ana torpağın sinəsindən alan
şair mərdlərlə, igidlərlə fəxr edirdi.
Böyük məhəbbətlə, fəxarətlə and
içirdi:
Gücüm,
dayağım mənim, ana torpağım mənim,
Sənə
kəc baxanların gözünə batan oxam.
Tofiq
Mahmudun şeirlərində insan sevgisi dil açıb
danışır. Təbiətin əşrəfi sayılan
bu varlığın ünvanına müəllifin münasibəti
sonsuz məhəbbətdən don geyib.
Alnıaçıq,
başını şax tutub dəyanətlə
yaşamağı bacaran Tofiq Mahmud rəzalətlə də
üzləşmişdi, xəyanət də
görmüşdü, ədalətsizliyin əzablarını
da çəkmişdi. Amma ürəyi o qədər təmiz,
kindən, küdurətdən uzaq idi. Şair oxucularına belə
məsləhət verirdi: "Pislikləri unudun. Həmişə
içinizdə xoş duyğular yaşadın". Bu
baxımdan onun şeirlərinin əksəriyyətində bir
müdriklik duyulur, insanı düşündürür:
"Şöhrət pilləsini qalxanlar bəzən hörmət
pilləsini qalxa bilməyir".
Çox
dürüst və dəqiq bir fikirdir. Şair başına gələnlərdən
sanki dərs alaraq xiffətlə söyləyib ki:
"Boğazdan yuxarı hörmət, onun arxasında minnət
görmüşəm". Ona görə də əsl
hörməti qazanmaq çətindir - deyib. Əmrin,
yumruğun, hökmün, şərin, şəbədənin,
böhtanın, qərəzin sayəsində nə nüfuz
qazanmaq olar, nə hörmətə sahib durmaq. Bir
çiçək bitirənin, ağac əkənin hörməti
daha çox olar, nəinki şöhrətin havasına uyub vəzifənin
yaxasından bərk yapışanların.
Tofiq
Mahmud poeziyamızın sıravi əsgəri idi. Özü
demişkən, dahi olmasa da, qəlbi müdrik fikirlərlə
dolu idi. Yolu hamarlıqdan, düzlükdən keçmirdi.
Qarşısına çıxan kolluqların arasından belə
öz cığırını salmağı,
sözünü deməyi bacarırdı. Nə
yazırdısa, mükəmməl alınırdı. Şair
Məmməd Arazla yaxın dost idi. Bəzən bir yerdə əyləşərək
könül dəftərlərini açardılar. Öz
portretini də sanki şeirlərində misra-misra
naxışlayaraq gələcək naməlum oxuculara yadigar
qoyurdu. İndi bu şeirləri oxuyanda ağsaçlı
Tofiq müəllimin - cəfakeş söz əsgərinin
işıqlı portreti gözlərimiz önündə
canlanır:
Yatmasa da
səngərə,
Bənzəyirdi
əsgərə.
Ən
ağır toplar kimi
Güclü
idi qələmi.
Bu qələmin
səsiylə
Titrədirdi
aləmi!
Onun özünəməxsus şeir deməyi də
vardı.
Qollarını elə geniş açırdı ki, sanki əlləri
hər yana çatacaqdı. Başdan-ayağa duyğu, alov idi. Dalğası görünməyən dənizə bənzəyirdi.
Sakit təbiətində hansı
fırtınaların yatdığı yalnız şeirlərindən
bilinərdi. Özü də bunu etiraf etməkdən
çəkinməzdi: "Bəzən duyuram ki, nəhəng
meşəyəm, bəzən də zərifəm, bir bənövşəyəm".
Beləcə duyğuları selə dönərdi.
Qələmindən süzülənlər isə
gül kimi ətir saçardı, quş kimi cəh-cəh edərdi.
Gah fırtınalı, gah sakit bir ovqatla yazıb yaradardı
Tofiq Mahmud! Onun uşaqlar üçün qələmə
aldığı şeirlər də yığcam, lakonik və
maraqlıdır. Xüsusilə də
"Qızımla söhbətlər" seriyasından
yazdığı şeirlər kiçikyaşlı
oxucuların bilik səviyyəsinə,
dünyagörüşünə, maraq dairəsinə
çox uyğundur. Bu şeirlərdə
verilən suallarda uşaq təbiətinin sadəliyi, cavablarda
isə şair müdrikliyinin çalarları
görünür.
Tofiq Mahmudun lirikası da səmimi və təbii hisslərin
poetik tərcümanı kimi diqqət çəkir. Yerin də,
göyün də dəyişdiyi bir zamanda məhəbbətin
əvvəlki təravətlə ürəkdə
yaşamasının səbəbini sevginin müqəddəsliyinə,
əvəzsizliyinə bağlayan şairin "çox
şeyi unutmaq olar, təkcə məhəbbəti yox"
söyləməsi rəngsiz yuxulardan, yelkənsiz
duyğulardan, ümmansız arzulardan libas geyib. Bəzən
də məhəbbət ünvanlı şeirlərində
ömrünə payız ovqatı çökmüş
şairin həsəd və xiffəti də boylanır:
Heç
öyünmə, Tofiq Mahmud,
Ha
özünü gənc kimi tut,
Yaz
çağını örtür bulud,
Qızlar
sənə baxmır daha!
Şairin yaradıcılığında ilhamla qələmə
aldığı poemalar da xüsusi yer tutur. "Meşədə qalan nəğmə",
"Üç qız", "Fırtına gözəlliyi",
"Sədaqətli günlər" adlı poemalarda müəllifin
duyğu və düşüncələri oxucuda olduqca
xoş ovqat yaradır.
Həmişə gözəlliyi vəsf edən, ana
yurdun şəninə şeirlər qoşan, qəlbi ülvi
məhəbbətin eşqi ilə çırpınan
şairin ətrafda müşahidə etdiyi nöqsan və
qüsurlara, mənəviyyatsızlara öz baxışı,
tənqidi münasibəti olub. Yalnız öz şəxsi mənafeyi
üçün çalışaraq dostunu,
tanışını bada verənlərə qarşı dərin
nifrəti vardı Tofiq Mahmudun. Bu cür təbiətin sahibləri
haqqında çox lakonik, amma dürüst deyərdi:
"Aynada olduğu tək görür ancaq
özünü". Amma yaxınındakı insanın əzabına,
çəkdiyi zülmə, fədakarlıqla
çalışmasına əhəmiyyət vermir. Bu səbəbdən
də işıqlı otaqlarda kölgə yaradanlar
haqqında kinayə və ibarə ilə danışardı
Tofiq Mahmud. Ədalətdən, həqiqətdən söhbət
aça-aça tələbənin qiymətini kəsən
müəllimi də özünəməxsus şəkildə
şeirin dili ilə tənbeh etməyə
çalışardı. Öz təbiəti humanist, qəlbigeniş
olduğundan ona elə gələrdi ki, insan yalnız
yaxşılıq və nəcibliklə
yaşamalıdır. Bu səbəbdən də
müşahidə edilən yaramazlıqlar qəlbini çox
incidərdi, buna dözüm gətirməzdi. Həmkarları
danışırlar ki, Tofiq Mahmud son dərəcə həssas
və qayğıkeş idi. Millətindən, dinindən
asılı olmayaraq, hər kəsə insan kimi
yanaşardı. Ötən əsrin sonlarında bədnam ermənilərin
Qarabağ "kartı"nı ortaya ataraq bizimlə torpaq
iddiasına qalxması, soydaşlarımızı doğma
ata-baba ocağından didərgin salması onun həssas
ürəyinə ağır dərd gətirdi. Bəlkə də
elə bu haqsızlığın mənəvi şəhidi
oldu Tofiq Mahmud? Kim bilir? Şairlər həmişə ülvi
arzularla, istəklərlə yaşayırlar. Qəfil gələn
dərdin önündə zərif ürəkləri
dözümsüz olur: "Başım üstə neçə
yerdə hörümçək toru, bacarırsan,
öz-özünü milçəkdən qoru".
Tofiq
Mahmud bədii tərcümə ilə də müntəzəm
məşğul olardı. Onun tərcüməsində Xuta
Berulavanın "Quş südü", İsabəy
İshakovun "Hər şeyi öyrənmək istəyən"
kitabları oxucular tərəfindən maraqla
qarşılanmışdı. Elə öz əsərləri
də xarici dillərə tərcümə edilərdi.
Poeziyaya özünəməxsus münasibəti vardı.
Çox geniş mütaliəyə malik idi. Yaxından
tanıyanlar bilirlər ki, o, bütün şairləri
oxuyardı. Onun üçün böyük və kiçik
şair meyarı yox, əsl şeir önəmli idi. Bəzən
məşhur şairlərin yaradıcılığında
tapa bilmədiyini hələ imzası tanınmayan istedadlı
bir gəncin şeirində görəndə uşaq kimi sevinərdi.
Elə bu təmizliyi, paklığı, qəlbgenişliyi də
onu hamıya sevdirirdi. Tofiq Mahmud barəsində yaşlı nəsil
də, ədəbiyyata ilk qədəmlərini atanlar da
böyük məhəbbətlə, ehtiramla
danışardılar. Çünki şair Məmməd Aslanın
təbirincə söyləsək, Tofiq Mahmudun sinəsində
dağ ürəyi çırpınırdı. "Təbiətin
səsiyəm" adlı bir şeirində sanki həmişə
xatırlanacağını, yada salınacağını
bildiyindən belə yazırdı:
İşığam,
nəğməyəm, yağışam, qaram,
Bu
dünya durduqca həmişə varam!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 11 noyabr.- S. 7.