Cəmiyyət həyatında
gənclərin fəal iştirakının təmin edilməsi
dövlət siyasətinin əsas istiqamətidir
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənə ilə qeyd etdiyimiz bir dövrdə keçirilən Azərbaycan gəncliyinin VI forumu çox əlamətdar və tarixi bir hadisə kimi yaddaşlara köçdü. İlk dəfə 15 il bundan öncə - 1996-cı il fevralın 2-də ulu öndərin təşəbbüsü ilə keçirilmiş belə bir toplantı Azərbaycanda aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirmişdir.
Ümummilli liderin həmin forumdakı dərin məzmunlu nitqi növbəti illərdə Azərbaycan gəncliyi üçün əsl fəaliyyət proqramına çevrilmiş, gənclərimizin vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsində, onların ölkənin iqtisadi və müdafiə qüdrətinin möhkəmlənməsi sahəsindəki fəallığının artmasında mühüm rol oynamışdır. Elə həmin tarixin hər il Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsi barədə sərəncan imzalanmışdır. VI forumda qeyd edildiyi kimi, son 15 ildə dövlət gənclər siyasəti sahəsində böyük uğurlar qazanılmış, ictimai fəal gənclərin 200-dən artıq qeyri-hökumət təşkilatında birləşməsi sahəsində uğurlu addımlar atılmışdır. Forumda vurğulandığı kimi, müasir Azərbaycan gəncliyi cəmiyyətin şəffaflığının özəyi, dövlətin və dövlətçiliyin sarsılmazlığının, əbədiyaşarlığının qarantı, demokratikləşmə prosesinin mühüm tərkib hissəsi, ölkəmizin iqtisadi potensialının dinamik inkişafının əsas təkanverici qüvvəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Ən qiymətli milli sərvətimiz olan Azərbaycan gəncliyinin cəmiyyətdə rolu çox böyükdür. Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də məhz gənclər olublar. Orduda xidmət edən gənclər də bizim dəyərli vətəndaşlarımızdır. Çünki onlar Vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar. Lazım gələn anda məhz onlar doğma torpaqlarımızın düşmən tapdağından xilası naminə ilk addımı atacaqlar. Azərbaycanı gələcəkdə məhz xalqın ayrılmaz bir parçası olan, ölkəmizin qədim tarixindən, milli-mənəvi dəyərlərindən bəhrələnən, yüksək potensial biliyə malik, ağıllı, mübariz, vətənpərvər gənclər idarə edəcəklər".
Elə buna görə də ölkə rəhbəri dövlətin milli strategiyasını formalaşdırarkən, ilk növbədə, gələcəkdə nəhəng layihələrin təməlçiləri olacaq, Azərbaycan dövlətinin sosial gerçəkliyinin mikro və makro mühitini formalaşdıracaq ağıllı, cəsarətli, işgüzar, vətənpərvər gənc nəsil haqqında düşünür. Çünki ulu öndərimizin dediyi kimi, gələcək bilikli, elmli, istedadlı, azərbaycançılıq ideologiyası ilə silahlanmış vətənpərvər insanların çiyinləri üzərində qurulur. Qeyd etdiyimiz kimi, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Respublika Gənclər və İdman Nazirliyinin həmin Proqrama uyğun olaraq hazırladığı "Elektron Gənclik" layihəsi və Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği sahəsində həyata keçirilən digər layihələr bu gün də səmərəli bəhrəsini verməkdədir. Erməni faşizminin 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə məmləkətimizin müxtəlif bölgələrində törətdikləri ağlasığmaz vəhşiliklər və soyqırımılarının, Dağlıq Qarabağın və ətrafındakı rayonların erməni işğalına məruz qalması, talelərinə qaçqınlıq və məcburi köçkünlük möhürü vurulmuş 1 milyondan çox soydaşımızın 20 ildən artıq bir dövrdə doğma yurd-yuvalarına qayıtmaq həsrəti ilə çəkdikləri mənəvi əzablar barədə məlumatların dünya dövlətlərinin parlamentlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq siyasi təşkilatlara, ümumiyyətlə, 20 mindən artıq ünvana çatdırılmasında "Elektron Gənclik"in zəhməti əvəzsizdir. Öz sıralarında 200 minə yaxın gənci birləşdirən YAP Gənclər Birliyinin layihəsi əsasında 5 il bundan öncə yaradılmış, Azərbaycanın bütün bölgələrini əhatə edən Regional Əlaqələndirmə Mərkəzləri ölkəmizin müxtəlif zonalarında gənclər forumlarının keçirilməsi, öz ağıl və zəkaları, yüksək vətənpərvərlik ruhu ilə fərqlənən döyüşkən, mübariz gənclərin üzə çıxarılması sahəsində əsl fədakarlıq nümunələri göstərmişdir. Bu gün Azərbaycanda dövlət gənclər təşkilatları ilə bərabər, 200-ə yaxın qeyri-hökumət təşkilatı da fəaliyyət göstərir. Onlardan 65-i Avropa Gənclər Forumunun üzvü olan şurada təmsil olunur. Şuranın 6 regionda nümayəndəliyi, müxtəlif şəhərlərdə mərkəzləri və gənclər evləri var. Azərbaycan gəncliyinin sağlam mənəvi-siyasi ruhda yetişməsində, onların əsl vətənpərvər kimi formalaşmısında, xalqımızın zəngin tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərimizə hörmət və ehtiram ruhunda tərbiyə edilməsində, beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsində, istedadlı gənclərə öz qabiliyyətlərini ortaya qoymaq üçün geniş şərait yaradılmasında, onların Proqramda nəzərdə tutulmuş dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşməsində şuranın uğurlu fəaliyyəti ölçüyəgəlməzdir.
Şuranın dünyanın onlarca qabaqcıl ölkəsinin gənclər
təşkilatları ilə imzaladığı ikitərəfli
müqavilələr, əməkdaşlıq və mübadilə
proqramları çərçivəsində həyata
keçirilən genişmiqyaslı tədbirlər və
görüşlər dünya ölkələrinin
bir-birlərinə qarşılıqlı
inteqrasiyası baxımından da çox faydalıdır. Azərbaycanın
gənclər təşkilatları həm respublika
rəhbərinin düzgün daxili və xarici siyasət
kursu, ölkəmizdə hüquqi,
demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğu barədə əsl həqiqətləri
dünya ictimaiyyətinə
çatdırır, həm də həmin ölkələrin
qabaqcıl təcrübəsinin, zəngin
texnologiyalarının öyrənilib Azərbaycanda tətbiqinə
ciddi səy göstərirlər. Forumda qeyd olunduğu kimi, Azərbaycan gəncləri ölkəmizin
hüdudlarından kənarda da təşkilatlanaraq
Azərbaycanın milli maraqlarının
qorunması, xalqımızın tarixinin və
zəngin mədəni irsinin beynəlxalq
ictimaiyyət arasında təbliğ edilməsi istiqamətində
də fəal iştirak edirlər. 2009-cu
ildə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyevanın təşəbbüsü ilə
yaradılmış və onun sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı Rusiya
Federasiyasının bütün subyektlərindən
olan azərbaycanlı gəncləri vahid bir ideya
bayrağı altında birləşdirməyə və bir sıra əhəmiyyətli layihələrin
həyata keçirilməsinə nail olmuşdur. Forumda qeyd olunduğu
kimi, gənclərin hərbi vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi də həmişə
diqqət mərkəzindədir. Ötən ilin
sentyabrında gənc snayper
qızların Tacikistanda keçirilmiş
yarışında Azərbaycanın MDB ölkələri
arasında Belarus və Rusiyadan
sonra üçüncü
yerin qalibi olması qəlbimizi
iftixar hissi ilə doldurdu. Bu, ən dar məqamda oğlanlarımızla bərabər,
cəsarətli qızlarımızın da
düşmənə qarşı mübarizənin ön cərgəsində olacaqlarından xəbər
verir. Azərbaycan gəncliyinin
hərbi vətənpərvərlik ruhunun
artırılması ölkə rəhbərinin "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramının hazırlanması barədə
imzaladığı sərəncamda da təxirəsalınmaz
bir vəzifə kimi
qarşıya qoyulub. Forumda həmin sərəncama
uyğun olaraq Azərbaycan
Respublikasında gənclər siyasətinin gənclərin vətənpərvərlik,
azərbaycançılıq, dövlətçilik prinsipləri
əsasında, Azərbaycan xalqının tarixi-mədəni
irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında gənclərin fəal
iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq
potensialının ümummilli məsələlərin
həllinə yönəldilməsi istiqamətində
aparılması da vurğulanmışdır.
Torpaqlarımızın düşmən əsarətindən
xilası kimi ağır bir
missiyanın daşıyıcısı olacaq
Azərbaycan gəncliyinin döyüşkənlik ruhunun artırılması, mübarizə əzminin
gücləndirilməsi günümüzün
ən aktual mövzusuna
çevrilməkdədir. İndiyədək bu
sahədə görülmüş və bu gün də həyata
keşirilməkdə olan işlərə
gəldikdə isə hamısı fərəhlidir, ürəkaçandır.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin, UMİT Gənclər
Klubunun və Azərbaycan Texniki
Universitetinin Tələbə Gənclər
Təşkilatının birgə təşəbbüsü
ilə erməni faşizminin Azərbaycanda
törətdiyi vəhşi soyqırımı
faktlarını xarici ölkələrə
çatdırmaq məqsədilə həyata keçirilən
kütləvi mail göndərmə
aksiyası da təqdirəlayiq bir hadisə kimi dəyərləndirilməlidir.
Belə ki, gənclər 5 min nəfərdən çox
xarici ölkə vətəndaşının,
bir sıra ölkələrin dövlət
orqanları nümayəndələrinin, xarici
xəbər agentliklərinin və beynəlxalq təşkilatların
maillərinə soyqırımı haqqında ingilis
dilinə tərcümə olunmuş məlumatlar gəndərmişlər. Şəki Şəhər
Gənclər və İdman İdarəsinin
təşəbbüsü ilə "Vətənin müdafiəsinə
hazıram" devizi altında keçirilən
idman yarışı,
respublikamızın bir sıra orta tədris müəssisələrində
"Biz sağlam
ölkənin sağlam gəncləriyik",
"Biz narkomaniyaya YOX deyirik", "Mən sabahın
döyüşçüsüyəm" mövzularında
keçirilən inşa yazı
müsabiqələri və hərbi idman
oyunları, Respublika Gənclər və İdman Nazirliyinin və Gənc
Vətənpərvərlər Birliyinin
maliyyə dəstəyi ilə paytaxtımızdakı 2
nömrəli Texniki Humanitar Liseydə "Bu gün bizim
əsas vəzifəmiz gənclərin vətənpərvərlik
ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır" mövzusunda
keçirilən elmi-praktik konfrans və "Qələbə naminə"
devizi altında yüngül
atletika yarışı da
yeniyetmə və gənclərin hərbi vətənpərvərlik
tərbiyəsinə, onların fiziki, psixoloji və ideoloji
hazırlığının gücləndirilməsinə öz müsbət təsirini göstərməkdədir.
Könüllü Hərbi Vətənpərvərlik Texniki
İdman Cəmiyyəti Respublika
Şurasının sədri, general-mayor
Novruzəli Orucovun fikrincə, hərbi
xidmətə çağırışaqədərki
dövrdə silahlı qüvvələrimiz üçün
bəzi spesifik kadrların hazırlanması
əsas vəzifə kimi qarşıda durur. Cəmiyyətin Avrasiya
Mərkəzində indiyədək min nəfərdən
artıq paraşütçü-desant
hazırlanıb. Gənclərin paraşütdən tullanma kurslarına cəlb olunması
onların bütün çətinliklərə
mərdliklə sinə gərən cəsur döyüşçü
kimi yetişmələrində mühüm rol
oynayır.
Orta
tədris müəssisələrində ibtidai hərbi
hazırlıq dərslərinin gücləndirilməsi də
Proqramda əsas məsələ kimi qarşıya qoyulur. Ancaq
çalışmaq lazımdır ki, bu, formal xarakter
daşımasın. Nə qədər ki, torpaqlarımız
düşmən tapdağındadır bütün tədris
müəssisələrində hərbi dərslərin
artırılması üçün əməli tədbirlər
görülməli, həmin məktəblərə hərbi
tədris sahəsində zəngin təcrübəsi olan
müəllim-zabitlər cəlb edilməlidir. Respublika Təhsil
və Müdafiə nazirliklərinin birgə koordinasiyası
altında tələbə gənclərin müntəzəm
olaraq hərbi hissələrə səfərlərinin, təcrübəli
hərbiçilərlə, həmçinin hərbi xidməti
başa vurub qayıtmış gənclərlə
görüşlərinin təşkil edilməsi də
onların hərbi vətəntərvərlik və
döyüşkənlik ruhunun artırılmasında mühüm
rol oynaya bilər. Məktəb kitabxanaları məşhur hərbi
xadimlərimizin müdafiə və hücum taktikalarından,
Böyük Vətən müharibəsinin və Qarabağ
döyüşlərinin iştirakçısı olan qəhrəmanlarımızın
şərəfli ömür yolundan bəhs edən əsərlərlə
zənginləşdirilməlidir. Televiziya kanallarının hərbi
vətənpərvərlik redaksiyaları
tamaşaçıların görüşünə
suverenliyimizin, ərazi bütövlüyümüzün, sərhədlərimizin
toxunulmazlığının sadiq keşikçiləri olan
silahlı qüvvələrimiz haqqında daha orijinal və
maraqlı verilişlərlə gəlməlidirlər.
Respublikamızın müxtəlif bölgələrində
on minlərlə şagirdin iştirak etdiyi hərbi idman
oyunlarını 2-3 dəqiqəlik kiçik informasiyalar şəklində
yox, geniş təqdim etmək kursu götürməlidirlər.
Bu gün gənclərin hərbi vətənpərvərlik tərbiyəsi
fəaliyyətimizin əsas tərkib hissəsi
olmalıdır. Azərbaycanın gənc nəsli elə tərbiyə
edilməlidir ki, torpaqlarımızı işğala məruz
qoymuş düşməni məhv etmək duyğusu onun
qanına hopsun, qəlbinə, beyninə, bütün
varlığına hakim kəsilsin.
Zeynal VƏFA
Azərbaycan.- 2011.-11 noyabr.- S. 7.