Geniş tərkibdə danışıqlar

 

 Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü başa çatdıqdan sonra  nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

 

 Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

- Hörmətli qonaqlar!

Sizin hamınızı bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır.

İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq Sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəkdir.

Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.

Mən inanıram ki, Sizin səfərinizin bütövlükdə, çox uğurlu nəticələri olacaqdır. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaqdır.

Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz.

 

* * *

 

Macarıstan Respublikasının Prezidenti Pal ŞMİTT səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Hörmətli cənab Prezident!

Mən, həm Sizin qarşınızda, həm Azərbaycan hökumətinin üzvləri qarşısında Azərbaycana Macarıstan Prezidenti kimi ilk səfərimdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.

Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə 100 il lazım olardı.

Çox şadam ki, Siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkanlar vardır. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12 noyabr.- S. 1, 2.