Bakıda Azərbaycan-Macarıstan
biznes forumu keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
və Macarıstan Prezidenti Pal Şmitt biznes forumda iştirak
etmişlər
Noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan
biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və
Macarıstan Prezidenti Pal Şmitt biznes forumda iştirak
etmişlər.
Forum iştirakçıları dövlət
başçılarını hərarətlə
qarşıladılar.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV biznes forumda
çıxış edərək dedi:
- Hörmətli
cənab Prezident!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
Cənab
Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!
Bu gün Macarıstan-Azərbaycan əlaqələrinin
tarixində çox əlamətdar bir gündür -
Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər,
əlbəttə ki, əlaqələrimizin tarixində
xüsusi yer tutacaqdır, çünki bu, birinci rəsmi səfərdir.
Mən
üç il bundan əvvəl
Macarıstana rəsmi səfər etmişəm və səfərin
nəticələri çox uğurlu olmuşdur. Çünki o səfərdən sonra ikitərəfli
əlaqələrimizin inkişafında yeni mərhələ
başlanmışdır. Əminəm ki,
cənab Prezident, Sizin səfəriniz, eyni zamanda, münasibətlərimizin
inkişafı üçün çox əhəmiyyətli
olacaqdır.
Bu gün keçirdiyimiz görüş və
apardığımız danışıqlar, fikir mübadiləsi
bir daha onu göstərir ki, aramızda çox səmimi
münasibətlər mövcuddur. Siyasi əlaqələrimiz
çox yüksək səviyyədədir. Biz münasibətlərimizi dostluq, tərəfdaşlıq
prinsipləri üzərində qurmuşuq. Əminəm ki, növbəti illərdə bu əlaqələr
ancaq güclənəcəkdir. Bunu deməyə
əsas verən amillər kifayət qədər çoxdur.
Sizin rəsmi səfəriniz, böyük heyətlə Azərbaycana
səfər etməyiniz, - bilirəm ki, Sizinlə bərabər
çoxsaylı iş adamları gəlmişlər, -
çox əlamətdar hadisədir. Şübhə etmirəm
ki, Sizin səfəriniz əlaqələrimizin
inkişafına yeni və güclü təkan verəcəkdir.
Əlaqələrimiz çoxşaxəlidir,
bütün sahələri əhatə edir. Əlaqələrimiz
tarixi köklər üzərində qurulmuşdur. Bu gün cənab Prezidentlə fikir mübadiləsi əsnasında
bu tarixə də nəzər yetirdik. Xalqlarımız
arasındakı dostluq əlaqələri böyük tarixə
malikdir. Bu çox güclü tarixi zəmin
ikitərəfli əlaqələrin inkişafı
üçün də əhəmiyyətlidir.
Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan
arasında olan əlaqələrin inkişafına töhfələrimizi
veririk. Macarıstan bütün dövrlərdə Azərbaycanın
Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləmişdir.
Bu yaxınlarda keçirilmiş Şərq tərəfdaşlığı
zirvə görüşü bir daha Avropa İttifaqı-Azərbaycan
əlaqələrinin inkişafı üçün önəmli
addım olmuşdur, bir daha göstərmişdir ki, bu əlaqələrin
çox gözəl gələcəyi vardır.
Müxtəlif sahələrdə əməkdaşlıq
üçün yaxşı imkanlar vardır. Bu gün, əlbəttə
ki, bu forumda daha çox iqtisadi sahədəki əməkdaşlıq
haqqında söhbət açılacaqdır. Mən çox şadam ki, bu biznes forum hər iki tərəfin,
hər iki ölkənin iqtisadi imkanlarını bir-birinə təqdim
edəcəkdir. Buna böyük ehtiyac
vardır.
Əminəm ki, iqtisadi əlaqələrimiz güclənərsə,
əlbəttə, bunun bütün sahələrdəki əlaqələrə
də çox müsbət təsiri olacaqdır. Biz indi
statistik rəqəmlərə baxanda bəzi hallarda təəssüflənirik
ki, nə üçün Macarıstan ilə Azərbaycan
arasında iqtisadi əlaqələr, yəni ticarət
dövriyyəsi istədiyimiz səviyyədə deyildir?!
Bunun müxtəlif səbəbləri ola
bilər. Hesab edirəm, ən başlıca səbəb
ondan ibarətdir ki, biznes dairələri bir-birini yaxşı
tanımırlar. Yəni, hər iki ölkənin
iqtisadi potensialı haqqında kifayət qədər məlumat
yoxdur. Bu məlumatsızlıq istər-istəməz
iqtisadi sahədəki əməkdaşlığı əngəlləyir.
Ona görə hesab edirəm, bugünkü
biznes forumun başlıca məqsədi ondan ibarət
olmalıdır ki, hər iki ölkənin və bir halda ki, bu
forum Azərbaycanda keçirilir, ilk növbədə Azərbaycanın
iqtisadi imkanları təqdim edilsin. Azərbaycanda
reallaşan infrastruktur və sənaye layihələri
haqqında məlumat verilsin. Azərbaycanda mövcud olan
qanunvericilik bazası, vergilərlə bağlı vəziyyət geniş şəkildə
təqdim edilsin.
Azərbaycanın iqtisadi inkişafı planlı şəkildə
həyata keçirilir. Əlbəttə, özəl sektorun bu
işlərdə çox böyük rolu vardır. Ölkəmizin ümumi daxili məhsulunda özəl
sektorun payı 80 faizdən yuxarıdır. Demək olar ki, biz bu sahədə çox
köklü iqtisadi islahatları artıq başa
çatdırmışıq. Ancaq bununla
bərabər, ölkədə reallaşan nəhəng
infrastruktur layihələri, təbii ki, dövlət tərəfindən
icra edilir. Bizim müxtəlif dövlət
proqramlarımız, konkret icra mexanizmlərimiz vardır.
Azərbaycanda, misal üçün, gələn il və ondan sonrakı illərdə
görüləcək işlər haqqında konkret sənədlər
və layihələr mövcuddur. Əminəm ki,
Macarıstan iş adamları əgər planlarımızla tanış olsalar, Azərbaycanda daha da səmərəli
şəkildə fəaliyyət göstərə bilərlər.
Təkcə
keçən il Azərbaycan
iqtisadiyyatına 16 milyard dollardan çox sərmayə
qoyulmuşdur. Bu sərmayənin əksər
hissəsi yerli - Azərbaycan sərmayəsidir. Bununla bərabər, xarici investisiyaların cəlb
edilməsi üçün ölkədə ardıcıl
siyasət aparılır və deyə bilərəm ki, MDB məkanında
birbaşa xarici sərmayələrin həcminə görə
Azərbaycan qabaqcıl yerlərdədir. Son on beş il ərzində bütövlükdə
Azərbaycan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə
qoyulmuşdur ki, bu da hərtərəfli iqtisadi
inkişafımıza güclü təkan vermişdir.
Hazırda bizim iqtisadi siyasətlə bağlı əsas
prioritet məsələlərimiz ölkə
iqtisadiyyatının şaxələndirilməsidir. Energetika
amilindən asılılığımızı azaltmaq,
özəl sektoru inkişaf etdirmək üçün konkret
tədbirlər görülür. Kiçik
və orta sahibkarlığın inkişafı və
stimullaşdırılması üçün də konkret
proqramlar icra edilir.
Macarıstan şirkətləri Azərbaycanda müxtəlif
layihələrdə investorlar kimi iştirak edə bilərlər. Biz bunu, əlbəttə
ki, alqışlayırıq və
alqışlayacağıq. Burada birgə
müəssisələr yaradıla bilər. Azərbaycanda Macarıstan kapitalı ilə təmin
edilmiş müəssisələr yaradıla bilər. Nəzərə
alsaq ki, qonşu ölkələrlə iqtisadi sahədə əməkdaşlığımız
çox uğurludur, bu müəssisələr həm Azərbaycanın
artan bazarını təmin edə, eyni zamanda, qonşu ölkələrə
də Azərbaycanda istehsal olunan məhsul ixrac edilə bilər.
Yəni, həm Azərbaycan bazarı, həm
qonşu ölkələrin böyük bazarları burada
yaradılacaq birgə müəssisələrin işləməsi
üçün yaxşı şərait yarada bilər.
Qeyd etdiyim kimi, Azərbaycanda reallaşan müxtəlif
infrastruktur layihələrində Macarıstan şirkətləri
iştirak etməlidirlər və biz bunu
alqışlayırıq. Əminəm ki,
bu gün burada veriləcək məlumatlar, təqdimatlar kifayət
qədər dolğun olacaqdır. Bu da
Macarıstan şirkətlərinə kömək göstərə
bilər.
Bununla bərabər, qeyd etməliyəm ki, Azərbaycan
şirkətləri də indi xaricə sərmayələrin
qoyuluşu ilə bağlı öz təşəbbüslərini
irəli sürürlər. Artıq Azərbaycan
şirkətləri müxtəlif ölkələrdə
uğurla fəaliyyət göstərirlər. O cümlədən
şirkətlərimiz Avropa qitəsində böyük
investisiyaları reallaşdırırlar, ilk növbədə,
energetika, turizm, infrastruktur sahələrində. Bütövlükdə iqtisadi siyasətimizin indiki mərhələdəki
prioritetləri ondan ibarətdir ki, biz daha çox xarici
bazarlara investisiya qoyuluşu ilə məşğul
olmalıyıq. Ölkə daxilində təbii
ki, inkişafımız üçün bütün lazım
olan investisiya layihələri, bütün infrastruktur layihələri
icra edilir. Ancaq hazırda biz siyasətimizi elə qururuq ki,
həm məhsullarımızla, həm maliyyə
kapitalımızla xarici ölkələrin bazarlarına
çıxa bilək. Burada dövlət və
özəl sektor arasındakı tərəfdaşlıq
mühüm rol oynaya bilər. Biz, əlbəttə
ki, bu imkanları da nəzərdən keçirməliyik.
Deyə bilərəm ki, bütövlükdə Azərbaycan
iqtisadiyyatı öz dayanıqlığını göstərmişdir. Hətta ən ağır
böhranlı illərdə - 2-3 il bundan əvvəl
Azərbaycanda iqtisadi artım yenə də böyük rəqəmlərlə
ölçülürdü. Bütövlükdə son 7-8 il ərzində Azərbaycanda ümumi daxili məhsul
3 dəfə, yəni 300 faiz artmışdır. Sənaye istehsalı da 3 dəfə
artmışdır. Doqquz yüz mindən artıq yeni
iş yerləri açılmışdır. Yoxsulluğun
səviyyəsi 5 dəfə azalmışdır, dövlət
büdcəsinin xərcləri isə 20 dəfə
artmışdır. Yəni, bu il yenə
də iqtisadi sahədə artım müşahidə olunur və
ən sevindirici hal ondan ibarətdir ki, bu artım indi daha
çox qeyri-neft sektorunda özünü göstərir. Qeyri-neft sektorundakı artım təxminən 9 faiz səviyyəsindədir.
Kənd təsərrüfatında da artım 7
faizdən çoxdur.
Kənd təsərrüfatı məsələlərinə
gəldikdə, bu barədə də biz bu gün fikir
mübadiləsi apardıq. Macarıstanın bu
sahədə çox zəngin təcrübəsi vardır və
bu təcrübə bizim üçün də çox
böyük maraq kəsb edir. Hesab edirəm
ki, bu gün kənd təsərrüfatı, turizm,
informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq
və digər sahələr üzrə məlumatlar veriləcəkdir.
Eyni zamanda, bütövlükdə Azərbaycanın
iqtisadi inkişafını xarakterizə etmək
üçün enerji sektoru haqqında danışmamaq
mümkün deyildir. Bu sahə bizim üçün ənənəvi
olmuşdur. Azərbaycan o ölkə, o
diyardır ki, dünyada sənaye üsulu ilə ilk neft məhz
burada hasil edilmişdir. Dəniz
yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda
hasil edilmişdir. Yəni, Azərbaycan qədim
neft ölkəsi kimi bütün dünyaya bəllidir və
dünyada məşhurdur. İkinci
Dünya müharibəsində Azərbaycan Sovet
İttifaqının yanacağının 70-80 faizini
vermişdir və faşizm üzərində Qələbədə
Azərbaycan neftçilərinin müstəsna rolu
olmuşdur. Hazırda neftimiz dünya və
o cümlədən Avropa bazarlarına ixrac edilir. Bəzi Avropa ölkələrinin enerji balansında
Azərbaycan nefti 25-30 faiz təşkil edir. Yəni, biz tərəfdaşlarımızın
enerji təhlükəsizliyinə töhfəmizi veririk.
Hazırda isə Azərbaycan dünyada qaz ölkəsi
kimi də özünü təqdim etməyə
başlamışdır və bu sahədə potensial kifayət
qədər böyükdür. Azərbaycanda aşkar edilmiş nəhəng
qaz yataqları imkan verəcəkdir ki, bundan sonra ən azı
100 il ərzində özümüzü və
tərəfdaşlarımızı qazla təmin edə bilək.
Bizim kifayət qədər geniş nəqliyyat
şəbəkəmiz vardır. Yeddi
neft-qaz kəmərimiz fəaliyyət göstərir ki,
resurslarımızı müxtəlif istiqamətlər
üzrə dünya bazarlarına çıxarır. Bu ilin əvvəlində Avropa İttifaqı ilə
Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə
imzalanmış Bəyannamə Avropa ilə Azərbaycan
arasındakı əlaqələrin inkişafına da
çox müsbət təsir göstərmişdir. Əminəm ki, növbəti illərdə Azərbaycan
qaz sahəsində Macarıstanla və digər Avropa ölkələri
ilə səmərəli əməkdaşlıq qura biləcəkdir.
Bir daha, cənab Prezident, mən Sizi salamlayıram. Mən forum
iştirakçılarını salamlayıram. Əminəm ki, bu forumun çox gözəl nəticələri
olacaqdır və bu nəticələr öz növbəsində
Macarıstan-Azərbaycan əlaqələrinin
inkişafına da töhfəsini verəcəkdir. Diqqətinizə
görə sağ olun!
* * *
Macarıstan
Prezidenti Pal ŞMİTT çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident!
Xanımlar
və cənablar, hörmətli dostlar!
Burada biznes forumun iştirakçılarını
salamlamaqdan şərəf hissi duyuram. Mən
xüsusi məmnunluqla qeyd edirəm ki, biz bu tədbiri cənab
Prezident Əliyev ilə birgə açırıq. Bu, bir daha iqtisadiyyata, iqtisadi sahədə
çalışan müxtəlif müəssisələrə
verilən xüsusi diqqətin təzahürüdür. Mən səfərim zamanı Azərbaycanı daha
yaxşı tanımaq, Azərbaycan Prezidenti ilə fikir mübadiləsi
aparmaq imkanı qazandım. Mən bu səfərimdən
çox məmnunam. Əslində burada
gördüyüm bütün işlərdən, aparılan
bütün tikinti işlərindən çox məmnun oldum.
Təbii, hamımız üçün məlumdur ki, əslində,
Qafqazda vəziyyətin sabit olması çox mühüm əhəmiyyət
kəsb edir və Azərbaycan bu regionun mühüm ölkəsidir. Azərbaycan
bizim üçün strateji tərəfdaşdır,
münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə
onları əngəlləyən hər hansı bir meyar
mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz
məhz müxtəlif sahələrdə əməkdaşlıq
etməkdir. Biz olduqca maraqlıyıq ki,
iki tərəf arasında birbaşa əməkdaşlıq
aparılsın, ticarət palatalarımız əməkdaşlıq
etsin və hər iki tərəfin birbaşa imkanları olsun.
Biz mütləq bunun üçün şərait
yaratmalıyıq.
Bu yaxınlarda Azərbaycan-Macarıstan iqtisadi münasibətlərində
müəyyən tənəzzül müşahidə
olunurdu. Lakin biz bunu dəyişməliyik. Hesab edirik ki, Azərbaycanın müvafiq nazirlikləri
və Macarıstanın dövlət qurumları iqtisadi sahədə
lazımi qanunverici bazanı yaradıblar və əslində,
bu, bizim bu sahədəki münasibətlərimizi daha da
gücləndirməlidir. Eyni zamanda, sərmayələrin
qorunması və ikiqat vergitutmanın aradan
qaldırılması ilə bağlı sazişlər
artıq qüvvəyə minir. Bizim
dövlətlərin hökumətlərarası sazişləri
də artıq işləyir. Bu gün səfər
çərçivəsində Daxili İşlər
Nazirliyi, Müdafiə Nazirliyi və vergilər sahəsində
sazişlər imzalanmışdır.
Qeyd etmək istərdim ki, əgər öncə biz sadəcə
bir-birimizi salamlayırdıqsa, hazırda mətbuat
qarşısında dəfələrlə bir-birimizi salamladıq. Lakin bu fəaliyyət,
bu işlər onun üçün lazımdır ki, biz
bir-birimizə olan etimadı daha da gücləndirək. Əvvəlcə hər hansı bir razılaşma
üçün bir-birimizi salamlamaq lazım idi. Lakin indi isə müqavilə üçün əlavə
əsaslar tələb olunur - bank razılaşmaları və
s. Lakin mən qeyd etmək istəyirəm ki, iradə olan yerdə
biz aramızda birbaşa əlaqələrin qurulması
üçün daha yaxşı şəraitləri
qazanırıq.
Qeyd etmək istəyirəm ki, əgər 2010-cu ildə
bizdə 10 milyon dollar həcmində ticarət dövriyyəsi
var idisə, 2011-ci ildə bu rəqəm 78 milyona
çatmışdır. Bu da böyük bir tərəqqidir.
Hesab edirəm ki, bu sahədə münasibətlərimizin
gücləndirilməsi üçün imkanlar vardır.
Məhz bu məqsədlə biz bugünkü tədbiri
təşkil etmişik. Hesab edirik ki, hər
iki ölkənin işgüzar dairələri arasında birbaşa
təmaslar olacaqdır. Burada əyləşən
şəxslərlə birbaşa təmas o deməkdir ki, hər
iki tərəfin maraqlarına cavab verən sazişlər
imzalanacaqdır.
Mən bəyan edirəm ki, Azərbaycanda infrastruktur sahəsində
aparılan böyük işlər bizdə dərin iftixar
hissi yaradır və bu, bizim Azərbaycana, Sizin ölkənizə
xüsusi münasibətimizin mənbəyidir. Biz bilirik ki,
Azərbaycan beynəlxalq sahədə özünəməxsus
yer tutur. Macarıstan Respublikası bu
yaxınlarda ticarət evi yaratmaq fikrindədir. Hesab edirəm ki, bu da ikitərəfli münasibətlərin
sonrakı inkişafı üçün yaxşı zəmin
yaradacaqdır. Biz, eyni zamanda, arzu edərdik
ki, gələcəkdə Budapeştdə Azərbaycanın
da ticarət evi açılsın.
Hörmətli xanımlar və cənablar, biz Azərbaycanın
məhz qeyri-neft sektorunda həyata keçirdiyi layihələrə
xüsusi diqqətlə yanaşırıq. Biz bilirik ki,
enerji mənbələrinin işlənilməsi, onların
hasilatı daimi deyildir və Azərbaycanın rəhbərliyi
bunu anlayır və görür. Bizim
üçün həmin perspektiv məqsədlərə
yönəlmiş layihələrin həyata keçirilməsində
iştirak etmək çox vacib olardı. Məhz
Macarıstanın şirkətləri nou-hau hesabına
böyük dəyişikliklərə nail olmuşdur. Gələn illər ərzində bizdə
maşınqayırma, elektronika, biotexnologiyalar, informasiya
texnologiyaları, logistika məsələlərinə
xüsusi diqqət yetiriləcəkdir və xidmət sahəsi
də diqqət mərkəzində olacaqdır. Bu
forumdan sonra Azərbaycan tərəfdaşları macar firmalarının konkret təklifləri
ilə tanış olacaqlar. Ola bilsin ki, onlar
öz aralarında müəyyən sazişlərə də
nail olacaqlar.
Hörmətli cənab Prezident, icazə verin, bir məsələni
qeyd edim. Biz
bu gün artıq bir sazişə nail olduq. Nahar zamanı mən
27 il ərzində Beynəlxalq Olimpiya Komitəsində
işlədiyimi söylədim. Mən bilirəm ki, Siz də öz
ölkənizin Olimpiya Komitəsinin rəhbərisiniz. Mən
artıq öz istəyimə nail oldum. Biz bu sahədə
əməkdaşlıq barədə razılaşma əldə
etdik.
Hörmətli
dostlar, icazə verin, sizə uğurlu iş arzulayım. Diqqətinizə görə minnətdaram.
* * *
İqtisadi
İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə
keçirilən Azərbaycan-Macarıstan biznes forumunda hər
iki ölkədən rəsmi şəxslərlə
yanaşı, kənd təsərrüfatı və qida sənayesi,
tikinti və əmlak, sənaye, maliyyə və bank, ticarət,
səhiyyə, nəqliyyat, kimya sənayesi və digər sahələrdə
fəaliyyət göstərən 250-dək iş adamı
iştirak etmişdir.
Biznes
forumda AZPROMO-nun rəhbəri Adil Məmmədov Azərbaycanın
qazandığı sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə
yaradılmış əlverişli biznes mühiti və
investisiya imkanları, Macarıstanın İnvestisiya və
Ticarət Agentliyinin (HİTA) rəhbəri Dobos Erzsebet təmsil
etdiyi qurumun fəaliyyəti, Azərbaycan İnvestisiya Şirkətinin
icraçı direktoru Əfqan İsayev isə şirkətin
həyata keçirdiyi layihələr ilə bağlı təqdimatlarla
çıxış etmişlər.
Tədbir çərçivəsində AZPROMO və
HİPA arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanmışdır.
Bundan başqa, biznes forumda Azərbaycan Ticarət və Sənaye
Palatası ilə Macarıstanın Ticarət və Sənaye
Palatası arasında qarşılıqlı əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Biznes forum
Azərbaycan və Macarıstan iş adamları arasında
ikitərəfli görüşlərlə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 12 noyabr.- S. 3.