Müstəqil Azərbaycanın Əsas Qanunu

 

 İnsan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınması tarix boyu özünü doğrultmuş obyektiv zərurətdir. Təsadüfi deyil ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi nizamlama məhz həyatın bütün sferalarında münasibətlərin tənzimlənməsində, sivil xarakter almasında və cəmiyyətin inkişafında özünəməxsus rol oynamışdır. Hüquqi nizamlama prosesindən çıxış edən sənədlər arasında ən alisi isə dövlətin mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətləri müəyyən edən Konstitusiyadır.

Konstitusiya hər bir ölkədə əsas qanun kimi ali hüquqi qüvvəyə malikdir.  Dövlətin təməl prinsiplərini, siyasi, hüquqiiqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Bütövlükdə, cəmiyyət həyatının başlıca sahələrində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Tarixdən məlum olduğu kimi, yeni yaranan, müstəqilliyə qovuşanya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz dövrün tələblərinə uyğun Konstitusiyanın qəbulu olmuşdur. Bu mənada təsadüfi deyil ki, 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Lakin 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan iqtidarlar bu barədə düşünmək belə istəməmişdilər.

Azərbaycanda yeni Konstitusiyanın qəbulu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bu Konstitusiya dövrün tələblərinə cavab verməli, milli maraqları, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.

1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Heydər Əliyev dəfələrlə layihənin açıq müzakirəsini təşkil etdi. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. "Biz  elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" - deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Bu mənada tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasihüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.

Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, hüquqi, dünyəvi dövlət qurmaq və digər bu kimi ülvi niyyətlər bəyan edilib. Müstəqil Azərbaycanın Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanıb. Müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyənləşdirməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edib. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib.

Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının da üzərinə vəzifə olaraq qoyub.

Konstitusiyaya zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.

1995-ci ildən sonra ölkəmizdə iki konstitusiya islahatı aparılıb.  İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə, ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.

2002-ci ildə keçirilmiş Konstitusiya islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşprosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Dinamik şəkildə əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu daha da təkmilləşdirməyi vacib məsələyə çevirdi. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir sıra normalarını təkmilləşdirmək məqsədi daşıyan, əsasən dövlətin sosialyönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına, o cümlədən bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı hüquqi cəhətdən əsaslandırılmamış və ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul edildi.

2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqisiyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkir.

Referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür. Ümumxalq referendumunun nəticələri həm də təsdiqlədi ki, Azərbaycan seçicisi Konstitusiyaya edilən dəyişiklikləri həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin inkişafının başlıca təminatçısıdır. Çünki ali-hüquqi sənədin normaları bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərləri özündə əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətində Əsas Qanuna istinad edərək respublikamızda ümumbəşəri demokratik dəyərlərin, qanunların aliliyinin təminatına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları dolğunreal məzmun kəsb edir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 12 noyabr.- S.  5.