Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 11-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə müsahibəsində demişdir ki, hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

F.Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olunmuşdur. Bu, həm də ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.

F.Abdullayev fürsətdən istifadə edərək xalqımızı Konstitusiya Günü münasibətilə təbrik etmiş, ölkəmizə firavanlıq diləmişdir.

Konstitusiya Məhkəməsinin sədri ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycanın dünya miqyasında kifayət qədər nüfuzu olan bir ölkə kimi tanındığına dəlalət etdiyini vurğulamışdır.

F.Abdullayev bildirmişdir ki, Konstitusiya Günü ilə əlaqədar Gəncədə ortaali təhsil ocaqlarında hüquq olimpiadası keçirilmişdir. Noyabrın 12-də Konstitusiya Məhkəməsinin əməkdaşları qaliblərə mükafatları təqdim edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12 noyabr.- S. 5.