Ziyalılıq
meyarı
Cəmiyyətdə ziyalı missiyasına, ziyalı sözünə daim ehtiyac olub. Normal inkişaf məcrasında olan ölkələrdə ziyalının əsas vəzifəsi daşıdığı statusun mahiyyətinə uyğun olaraq, məhz ən mükəmməl ideyaların cəmiyyət həyatında tətbiqinə yardımçı olmaq, obyektiv və qərəzsiz mənəvi arbitrə çevrilmək, xalqının rifahına, dövlətinin intibahına fəal mövqeyi ilə töhfə verməkdir. Daxili və xarici təhlükələrin məngənəsində olan dövlətlərdə isə ziyalıdan tələb olunan vəzifələr daha önəmlidir. İctimai proseslərin təkanverici qüvvəsi olan ziyalılar ölkələrində baş verən olayları normal axara salmağa, hadisələri qan-qadasız başa vurmağa, milləti vahid məram ətrafında səfərbər etməyə qadir tək gücdür.
Sonuncu məqamı Azərbaycan xalqı son 20-25 ilin keşməkeşli tarixi sınaqlarında - öz taleyində yaşayıb. Ötən əsrin 80-ci illərinin sonlarında məhz ziyalılar siyasi konyunkturadan uzaq məramlar ətrafında xalqı hakim rejimin fəaliyyətinə etiraz hərəkatı ətrafında birləşdirməyə nail oldu. Fəqət, yeni başlayan azadlıq hərəkatının rəhbərliyindən əsl ziyalıların sıxışdırılması və onların qaragüruh qarşısında məcburən geri çəkilməsi nəticə etibarilə milli mücadiləmizin uğursuzluğa düçar olmasını şərtləndirdi: həm Azərbaycanda müstəqillik uğrunda mübarizə hakimiyyət naminə savaşa çevrildi, həm də etiraz hərəkatının ilkin zəmini olan Qarabağ hadisələrində məğlubiyyətlər silsiləsi başladı.
Bu amansız və faciəli proseslərin qarşısını isə yenə də ziyalılar aldılar. 1992-ci ilin sonlarından etibarən ictimai proseslərə fəal şəkildə qatılan bu zümrə təşəbbüsü ələ alaraq xalqın ən müdrik seçimini dəqiqliklə müəyyənləşdirdi və Heydər Əliyevi Azərbaycanın xilası üçün Qurtuluş missiyasını başlamağa dəvət etdi. 1993-cü ildə də məhz ziyalıların birbaşa iştirakı ilə Azərbaycanda səriştəsiz hakimiyyətin xəyanətkar qüvvələrlə əvəzlənməsi prosesinin qarşısı alındı.
Nəticə etibarilə, Azərbaycan ziyalısı yeni, müasir və qüdrətli dövlət quruculuğu prosesinin ən fəal iştirakçısına çevrildi və zaman-zaman meydana gələn siyasi kataklizm məqamlarında da sağlam mövqe sərgiləyərək xalqının və ölkəsinin müqəddəratına sahib çıxdı.
Ötən 18 il ərzində ziyalılar daşıdıqları mənəvi statusa uyğun olaraq, daim cəmiyyət həyatının bütün sahələrində ön mövqedə oldular, inkişaf prosesinə töhfə verdilər. Xalqla dövlət, ictimaiyyətlə hakimiyyət arasında sağlam ünsiyyət elementinə çevrilən ziyalılar həm də vətəndaş sülhünün formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub möhkəmlənməsində müstəsna xidmət göstərdilər.
Ziyalıların sözü eşidildi!
Ziyalıların fikirlərinə əhəmiyyət verildi!
Ziyalıların rəyləri öyrənildi!
Ziyalıların məsləhətlərinə əməl olundu!
Ziyalıların dövlət idarəçiliyinə cəlb olunması kütləvi hal aldı!
Ziyalıların
sosial problemləri öz həllini tapdı!..
Ən nəhayət,
ziyalıların ictimai nüfuzu yenidən özlərinə
qayıtdı!
Söhbət əsl ZİYALIdan gedir. Bəli, təəssüf
ki, biz artıq ziyalını da "əsl" və
"saxta" kateqoriyası üzrə təsnifatlaşdırmağa
məhkumuq. Hər diplomlunun, hər elmlər
namizədənin özünə şəstlə "əsl
ziyalı elə mən özüməm" qiymətini
verdiyi günümüzdə ziyalılığın da sanki
mənəvi dəyəri düşüb. Avantürizmlə saf məramın, intriqa ilə təmənnasız
xidmətin, siyasi asılılıqla fərdi
azadlığın arasında sərhədin əsas müəyyənləşdirici
amili olan ziyalılıq missiyasına bu gün qəlbi ziyadan,
niyyəti səmimilikdən uzaq olan şəxslər sahib
çıxmağa cəhd edir. Onlar
ziyalılar adından danışmağa, hökm verməyə,
imtiyaz tələb etməyə... həvəslidirlər.
Bu kontekstdə bir məqama da diqqət çəkməyi
gərəkli sayırıq. Azərbaycanın
müstəqil siyasət yürütməsi, yəni
postsosialist məkanın başqa ölkələri kimi vassal
dövlətə çevrilməməsi, atdığı
addımları fövqəlgüclərlə
razılaşdırmağa ehtiyac görməməsi məmləkətimizi
xeyli müddətdir ki, məlum qüvvələrin "qara
siyahı"sına salıb. Bu qüvvələrin
antiazərbaycançı şəbəkə ilə birlikdə
uzun zamandır ölkəmizə qarşı qərəzli
kampaniya aparması, üstəlik, erməni lobbisinin də bu rəzil
kampaniyanın maddi-ideoloji ruporuna çevrilməsi də
artıq heç kəsə sirr deyil. Ermənistanda
marionet rejimi qorumaq üçün hakimiyyətə
"iqtidarını xalqın etimadı ilə yox,
silahınla qoru", "öz xalqına atəş
aç"... göstərişlərini verənlər, yaxud
digər dövlətdə etirazçıların divan
tutularaq həbsə atılmasını, KİV-lərin
kütləvi şəkildə bağlanmasını,
müxalifətçilərin öldürülməsini
"demokratiya naminə atılmış zəruri
addımlar" kimi səciyyələndirənlər Arazla
Kürü adlayıb bu taya keçəndə cildlərini dəyişirlər.
Və başlayırlar bizə "demokratiya" dərsi
keçməyə, "hüquqların qorunması" ilə
bağlı məsləhətlər verməyə... Təftişlərinin də səsi Atlantik
okeanın sağ və sol sahillərindən, erməni və
ermənipərəst konqresmenlərin, senatorların,
parlamentarilərin, "hüquq müdafiəçilərinin",
jurnalistlərin... qəzəbli hesabatlarından, həyəcanlı
bəyanatlarından gəlir.
O da
gün kimi aydındır ki, bu antiazərbaycançı hərəkatda
məlum qüvvələrin əsas istinad nöqtəsi məhz
aramızdakılar - "sapı özümüzdən olan
baltalar"dır. Onların son onillikdə
siyasi hakimiyyətə qarşı
barışmazlığı Azərbaycan xalqına və
dövlətinə yönəlik düşmənçiliyə
çevirmələri, hətta çəkinmədən belə
bu şəbəkə ilə aşkar əməkdaşlıq
etmələri, aldıqları qrantlar müqabilində ölkəmizdə
iğtişaş, çevriliş cəhdləri göstərmələri
barədə faktlar oxucularımıza yaxşı bəllidir.
Amma, bu məqsədlərə nə
"sapı özümüzdən olan baltalar", nə də
onların erməni-Qərb havadarları çatıb.
Fəqət, uzun illər boyu həyata keçirməyə
çalışdıqları ssenariləri indi yeni
"dalğada" tətbiq etməyə ümidlidirlər. Son dövrlərdə "ərəb
baharı" ilə dünyanı yenidən
bölüşdürüb, varlı vassallarının
sayını artırmaqla üzləşdikləri maliyyə
böhranından qurtulmağı düşünən məlum
dairələr bu "küləkləri" Bakıya doğru
da yönəltməyə çalışırlar.
Bir həssas məqamı da unutmayaq. Azərbaycana
qarşı nə qədər görünən və
görünməz maneələr yaradılsa da, aşkar və
gizli təxribatlar həyata keçirilsə də ölkəmiz
bütün sahələr üzrə böyük inkişaf
yolu keçir. Nə qədər çalışsalar
da, "ərəb küləyi"nin
mehi Xəzərin sol sahil zolağına gəlib yetişmir. Bunlar azmış kimi, Azərbaycan ona yaradılan
diplomatik-siyasi çəmbəri qırır, BMT Təhlükəsizlik
Şurasına üzv seçilməyə müvəffəq
olur. Biz öyrəşmişik, uğurumuz artdıqca
bizə yönələn təxribatlar da çoxalır!
Nailiyyətimizin xaricdən gələn əks-sədası
daim maneələr və təzyiqlərdir! Dünyanın ən
ali təşkilatının söz sahibinə
çevrilmək kimi möhtəşəm zəfərə
nail olmağın ölkəmiz üçün bədəli
antiazərbaycançı şəbəkə tərəfindən
şübhəsiz ki, hökmən olacaq! Yenə də rəzil
və qərəzli kampaniyalarla!
Artıq
görünür ki, düyməyə də basılıb...
Və Azərbaycandakı "beşinci kolon" indi
yaman fəallışıb. KİV-ləri üçün yeni
"qrant krantı" açılıb, QHT-ləri milyon
dollarlıq beynəlxalq "əməkdaşlıq"
müqaviləsi imzalayır, siyasi təmsilçiləri Qərbin
kluarlarını su yoluna döndərib... Əsas
önəm verilən istiqamət isə bu prosesdə siyasi fəallığın
radikal müxalifətdən siyasiləşməmiş ictimai
zümrələrə doğru transformasiyasıdır.
Yəni ssenarinin əsas məğzi budur ki, son bir il ərzində məlum ölkələrdə
olduğu kimi, Azərbaycanda da planlanan çaxnaşmanı
xalq arasında populyarlığı olmayan müxalifət yox,
siyasi proseslərdə indiyədək iştirak etməyərək
vətəndaşların nisbi nüfuzunu qazanan ziyalılar, gənclər,
QHT təmsilçiləri yaratmalıdırlar. Göründüyü
kimi, antiazərbaycançı şəbəkənin ənənəvi
planında - Azərbaycanı məhv etmək məramında
müəyyən təshihləri var.
Əslində, onlar da anlayırlar ki, mövcud iqtidar
alternativsiz gücdür. Bu gücü möhtəşəm qüdrətə
çevirən amil isə siyasi fəallığı olan əhali
ilə bahəm, həm də siyasi proseslərdən uzaq olan
insanların - ziyalıların, gənclərin, QHT təmsilçilərinin...
mütləq əksəriyyətinin məhz Prezident İlham Əliyevə
böyük etimad bəsləməsi, ölkə rəhbərinin
həyata keçirdiyi islahat kursunu dəstəkləmələridir.
Beləliklə, müstəqil ziyalılardan, gənclərdən,
QHT təmsilçilərindən narazı elektorat
formalaşdırmaq mümkünsüzdür. Fəqət, ortada Azərbaycanın
Ermənistan qarşısında gücünü zəiflədərək
onu vassal dövlətə çevirmək barədə
tapşırıq, bunu həyata keçirmək
üçün ayrılan on milyonlarla vəsait, bu vəsaitə
tamah salan siyasi dəllallar, "qəzetəçi rza bəylər",
erməni mənşəli "hüquq müdafiəçiləri"... var! Bu var olanlar isə Azərbaycanın
bugünkü varlığını istəmirlər və hərəkətə
keçiblər!
İndi məmləkətimizdə
kütiləvi şəkildə imitasiya prosesi gedir: siyasi
partiyaların üzvü, yaxud da təəssübkeşi olan
diplomlulardan "müstəqil ziyalılar" ordusu
yaradılır, müxalifət təşkilatlarının gənclərindən
"siyasətdən uzaq, amma narazı gənclər
qrupları" formalaşdırılır, qrant iyinə
darışanlardan isə "qeyri-dövlət sektorunun təmsilçiləri"
düzəldilir.
Qondarma,
bayağı, saxta imitasiya prosesi!
Ayrılan pulun miqdarı bunları elə məst edib ki,
biriləri artıq özlərini prezident kürsüsündə
görüb, psixoloji disponserin Napoleonları sayaq "xalq məni
bu vəzifəyə dəvət etsə, etirazım
olmayacaq" bəyanatını verir, digərləri
"baş nazirliyə iddialıyam, amma milli maraqlar naminə
kompromisə gedib, spikerliyə də razılaşaram"
deyirlər. Bəli,
bunları artıq əqidələri və vicdanları ilə
yanaşı, normal təfəkkürləri də tərk
edib!
"İnqilab
aslanları" əslində, zavallı ruh xəstələrinə
çevriliblər!
Bu qüvvələr fəaliyyət meydanı kimi
Ziyalılar Forumu adlanan qurumu hədəf seçiblər. Əvvəldən qeyd edək
ki, təmtəraqlı adına baxmayaraq,
bu forumda nə əsl ziyalıların, nə də
özünü ziyalı adlandıran diplomluların heç
on mində biri də toplaşmayıb. Yəni,
nə təmsilçilik göstəricilərinə, nə
nüfuz səviyyəsinə görə, nə də
apardıqları müzakirələrin səmərəliliyi
və ümumi proseslərə yardımı baxımından
bu qurum özünə cəmiyyətdə maraq yaradıb.
Amma əvəzində son günlər "stəkanda
elə fırtına törədib" ki, biz də bu
mövzuya toxunmağı lüzum bildik.
Forumda cəmiyyətin
ağlı-qaralı bütün təbəqəsinin təmsilçiləri
var: şair və yazıçılardan tutmuş siyasi xəyanətə
görə hakimiyyətdən qovulan məmurlara, iqtidardan
şəxsi mənafeyinə görə incik düşənlərdən
başlayaraq etimadını itirən funksionerlərə, elm
xadimlərindən rüşvətxor imicli alimlərə qədər
hər kəs! Əslində,
sadaladığımız zümrələr içərisində
olan və şair, yazıçı, alim kimi dəyər
verdiyimiz insanlar forumun tərkibinin cüzi hissəsini təşkil
edir. Onların buradakı fəaliyyəti
yalnız müşahidəçiliklə məhdudlaşır
və bir də müzakirə olunan mövzular barədə
öz rəylərini bildirməklə kifayətlənirlər.
Qurumda təmsil olunan mütləq əksəriyyət isə
Ziyalılar Forumunu radikal müxalifətin yeni koalisiya
formatı kimi yaradaraq onu siyasi mübarizə vasitəsinə
çevirən insanlardır. Onların arasında
da alimi, şairi, yazıçısı, müəllimi,
jurnalisti var. Amma onları birləşdirən ortaq nöqtə
məhz mövcud iqtidara olan subyektiv baxışlarıdır.
Bəziləri, yuxarıda vurğuladığımız kimi,
siyasi riyakarlığa görə iqtidardan qovulub, biriləri
artıq hakimiyyətin etimadını itirib, digərləri
mandat nisgilinin ağrısı ilə qovrulur, hətta içərilərində
"bu iqtidar vaxtilə mənə ayırdığı 20
sot torpaq sahəsində tikilməyinə də kömək
etdiyi dördmərtəbəli villamın həyətinə
niyə indi su quyusu çəkmir" təmənnası ilə
küskünə çevrilənlər də var. Biri ona
ayrılan 6 mənzillə kifayətlənməyərək,
"mənim xidmətlərim qarşısında azından
10 evim olmalıdır" iddiasını bəyan edir. Digəri, teatrına bilet satışının təşkil
olunmamasına görə narazı qalıb. Başqa
biri, kitabının çapının dövlət
hesabına nəşr qrafikinə niyə hər il yox, iki ildən bir düşdüyündən
rəncidədir. Aralarında şəxsi bizneslərinə
gömrükdən və vergidən xüsusi güzəşt
tələb edən və bu qanunsuz istəkləri rədd
olunduqlarına görə asiyə çevrilənlər də
çoxdur.
Sabiqlərin qəzəbi isə meydanda lap cövlan edir. Vəzifə, mandat qazananadək
hansı səviyyədə (həm maddi, həm də mənəvi)
yaşamalarını anidən unudaraq, 10 il, 15 il ərzində
gördükləri maddi-mənəvi iltifatların
üstündən qapqara xətt çəkərək bir
günün içində düşmənə çevrilənlər
əslində, sübut edirlər ki, iqtidar onlarla
yollarını ayırmaqda düz edibmiş. Çünki
onların sədaqəti ancaq vəzifə və bu vəzifə
ilə qazandıqları varidatla hüdudlanır!
Bu, buqələmunluqdur!
Yəni, maddi təmənnaya görə siyasi rəngini dəyişmək!
Və bu sabiqlər vaxtilə erməni lobbisinin
qulluqçuları kimi ittiham etdikləri insanlarla artıq
qol-boyun olublar.
İndi görəsən, nə dəyişib?..
Sabiqlər, küskünlər, narazılar, radikallar,
qrant düşkünləri, işsizlər, avantüristlər,
macəraçılar... birləşiblər və Azərbaycan
iqtidarı ilə ultimatum dili ilə danışmaq istəyirlər.
Yazıqlar
olsun sizə!
Heç
sizin ağalarınız, heç ağalarınızın
ağaları belə bu iqtidara, Prezidentə nəinki səsini
qaldıra bilər, heç "sən" deyə xitab edə
bilməz!
Və
etmir də!
Sizlər
bu iqtidarla milli maraqların deyil, şəxsi mənafeyinizin
davasını aparmaq istəyirsiniz!
Siz
iqtidardan yalnız və yalnız mandat, vəzifə, yeni
imtiyazlar, güzəştlər istəyirsiniz! Bunlar ürəklərinizdən
hər saat, hər dəqiqə keçən arzular, diləklərdir,
dilinizə gətirdiklərinizə isə heç
özünüz də inanmırsınız!
Forum gündə bir bəyanat verir. Amma saysız-hesabsız bəyanatların
birində, nəinki birində, heç bir sətrində belə
Qarabağ ağrısından bəhs edilmir, 1 milyon
qaçqın-köçkünün dərdindən,
hüquqlarından bəhs edilmir!
Arşalyuz Barseqyanın gəlinin
köçürülən evi üçün yaxa cıran
"ziyalılar" bu qadına verilən külli miqdarda
kompensasiyanı yetərli saymadılar, şikayətlərini
göndərmədikləri bir Avropa təşkilatı da
qalmadı.
Amma ərazilərimizin 20 faizində dağıdılan,
yandırılan, talan edilən on minlərlə evin taleyinə
biganə qaldılar, bu məsələni bir qərbli ilə
də müzakirə etmədilər!
Əsl
ziyalı öncə millətin dərdi ilə, acısı
ilə yanar, yaşayar! Bu millətin Qarabağdan böyük
dərdi yoxdur! Başqa dərdlər isə Qarabağ
acısının yanında heç nədir! Ziyalılar
Forumu bu zülm barədə, bu milli fəlakət haqqında
bir cümlə də etiraz etməyə, on dəqiqə də
müzakirə açmağa vaxt tapmadı! Çünki bəyanatlarınızın
cümlələri də, müzakirələrinizin
mövzuları da xarici sifarişçilərinizdən gəlir!
Son günlər professor Rafiq Əliyevin ADNA-nın kafedra
müdirliyindən uzaqlaşması ilə bağlı
müzakirələr də süni ajiotaj xarakteri alıb. Rafiq müəllim
Azərbaycanın tanınmış alimlərindəndir, elmi
fəaliyyəti mövcud iqtidar tərəfindən daim rəğbətlə
qarşılanıb. Ona etimad göstərilib,
dövlətin təşəbbüsü ilə həyata
keçən bir çox təhsil layihələrində
aparıcı şəxs olub. Onun barəsində qəbul
olunan qərarı ali təhsil müəssisəsi
daxilindəki proseslər kontekstindən çıxararaq,
ümummilli siyasi problemə çevirmək cəhdi
bayağı olduğu qədər də çirkin və qərəzli
aksiyadır.
Bəli, Rafiq Əliyevi mövcud iqtidarın təəssübkeşi
saymaq olmaz. Amma buna görə onu işdən xaric etmək barədə
söylənən rəy olduqca gülünc görünür.
Azərbaycan demokratik ölkədir, insan hüquqlarının
bütün istiqamətləri, o cümlədən fikir
plüralizmi də ölkəmizdə tam gücü ilə
qorunur! Digər tərəfdən, ali məktəblərdə
bu iqtidarın siyasi fəaliyyətini dəstəkləməyən
və müxalifət partiyalarının üzvü olan onlarla
kafedra müdiri, dekan, professor var. Onlara qarşı belə
münasibət yoxdursa və müxalifətçi alimlər
bu barədə indiyədək şikayətlənməyiblərsə,
deməli, elm xadimlərinin siyasi mövqelərinə görə
sıxışdırılması barədə söylənilənlər
də yalandır, cəfəng və təsdiqini tapmayan
ehtimaldır!
Ortada ADNA
rəhbərliyinin rəyi də var. Onlar bildirirlər ki,
professor Rafiq Əliyev ali məktəbin
nüfuzlu müəllimlərindəndir, daim ona hörmət,
hətta güzəşt ediblər, amma kafedra müdiri vəzifəsini
daşıyan şəxsin hüquqi öhdəlikləri var:
iş yerində mütəmadi olmaq və iş prosesinə
birbaşa rəhbərlik etmək. Bu məsələdə
istisna olmaz. Akademiya rəhbərliyi bəyan
edir ki, indiyədək Rafiq müəllimə dəfələrlə
güzəşt ediblər, amma nəticədə
kafedranın işi iflic vəziyyətinə düşüb,
tədris prosesi ciddi ziyan görüb, müəllim kollektivi
arasında qeyri-səmimi mühit formalaşıb.
Bunlar
akademiya rəhbərliyinin rəyidir, amma etiraf edək ki,
haqlı iraddır! Azərbaycanda indi 1993-cü il
deyil ki, prezidentdən, nazirlərdən, icra
başçılarından tutmuş kafedra müdirlərinə
qədər yüzlərlə insan vəzifələrini
dondursunlar və hesab etsinlər ki, "dona" baxmayaraq
işlər yağ kimi gedəcək. Rəhbər - harada
işləməsindən asılı olmayaraq - kollektivə
birbaşa rəhbərlik etməlidir! ADNA-dan onu da bildirirlər
ki, R.Əliyev akademiyanın müəllimi, professoru olaraq
qalır, hətta mühüm bir proqram-layihədə rəhbərliyini
davam etdirəcək! Nə isə, bu mövzuda
geniş müzakirə açmağa ehtiyac yoxdur.
Çünki, ən azından Rafiq Əliyev
hüquqlarının pozulduğunu iddia edirsə, məhkəməyə
müraciət etmək haqqına sahibdir!
Amma Rafiq Əliyevin belə iddiası da yoxdur. O, bu məsələyə
heç reaksiya da verməyib. Amma əvəzində
"inqilaba", "çevrilişə" zəmin
hazırlamaq üçün milyonları alıb amma buna bəhanə
tapmayıb, indi baş sındıranlar ortaya düşüblər.
Tunisdə göyərti satanın
özünü yandırması oradakı qaragüruha necə
təsir edibsə, bizimkilər də professorla bağlı məsələni
belə həyəcan və ehtirasla dəyərləndirirlər.
Sanki bu
millətin Qarabağ dərdi, torpaqlarının 20 faizinin
işğalının ağrısı yoxdur! Sanki bu millətin
bir problemi var, o da Rafiq müəllimin 3-4 işindən birini
itirməsidir!
Bəli,
Azərbaycanda professor Rafiq Əliyevin hüquqları kobud
şəkildə pozulub və hazırda da pozulur!
Rafiq Əliyevin
doğulduğu rayon - Ağdam işğal altındadır,
professor öz doğma rayonuna, kəndinə getmək
hüququndan məhrumdur!
Rafiq Əliyevin
doğulduğu və ona məxsus olan ev təcavüzkarlar
tərəfindən talan edilib, professorun mülkiyyət
hüququ pozulub!
Rafiq Əliyevin
ailə üzvlərinin, qohumlarının, əzizlərinin də
bu cür hüquqları vəhşicəsinə tapdanıb!
Rafiq Əliyevin bu məmləkətdə bir hüququ pozulub - onun Ağdamı hələ də işğaldadır!
Ziyalılar Forumu professorun bu hüququnun təmini üçün çalışsa, əmin olun ki, Rafiq Əliyevə daha çox xidmət etmiş olar!
Fikrimizcə, Rafiq müəllimin də bizdən və sizdən ən böyük təmənnası məhz budur!
Ziyalılar daim siyasi münasibətlərin fövqündə dayanmağı bacarmalıdırlar. Qaragüruh əxlaqından, fürsətçillikdən, mövqe dəyişkənliyindən, avantürizmdən uzaq olaraq əsl vətəndaşlıq missiyasını yürütmək ziyalının yeganə fəaliyyət amalı olmalıdır! Amma cəmiyyətdə hər hansı bir yanlışlıq olarsa, mənəvi aşınma prosesi başlayarsa, ziyalı susmamalıdır! Ümumiyyətlə, ziyalılar heç vaxt susmamalıdırlar! Lakin danışmaq xatirinə qışqırmaq da ziyalılıqla uzlaşmır. Yalan danışmaq isə nəinki ziyalılıqla, heç insanlıqla da bir araya sığmır..
Ziyalılıq meyarı bunu tələb edir!
İ.HÜSEYNLİ
Azərbaycan.- 2011.-11 noyabr.- S. 6.