Heydər Əliyev Fondunun əlil uşaqlarla bağlı kampaniyası davam edir

 

 Noyabrın 11-də "Park Bulvar" Əyləncə-Ticarət Mərkəzində Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondu (UNİSEF) uşaqlar üçün "Təcriddən inteqrasiyaya doğru" adlı tədbir təşkil etmişdir.

AzərTAc xəbər verir ki, aksiya daim uşaq və internat evləri ilə sıx təmasda olan  Heydər Əliyev Fondunun "İmkanlara məhdudiyyət yoxdur" kampaniyası çərçivəsində keçirilmişdir.

 Bakı şəhərindəki 2 saylı uşaq evi, "Müşfiq" əlil uşaqların reabilitasiya mərkəzi, "Dəcəllər" Daun sindromlu uşaq təşkilatı, kor və zəif eşidən uşaqlar üçün internat məktəbinin 50-dən çox sakini "Happyland" əyləncə mərkəzində bir araya gəlmişlər. Əlilliyi olan və sağlam uşaqlar attraksionlarda əylənmiş, xoş dəqiqələr yaşamışlar. Onlar buna görə fəaliyyətə başladığı gündən cəmiyyətdə mərhəmət və xeyirxahlıq ünvanına çevrilmiş Heydər Əliyev Fonduna minnətdarlıq etmişlər.

Qeyd edək ki, kampaniya xüsusi tədbirlər, televiziyada yayımlanacaq sosial çarxlar, elanlar və digər informasiya materialları vasitəsilə əlilliyi olan uşaqların inteqrasiyasını dəstəkləyir.

Hazırda Azərbaycanda əlillikdən əziyyət çəkən  60 min uşaq qeydiyyatdadır. Onlardan 6 mini xüsusi məktəblərdə, 11 mini isə ev şəraitində təhsil alır. Azərbaycan parlamenti tərəfindən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası 2009-cu ildə ratifikasiya olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S. 6.