Azərbaycan ilə
Macarıstan arasında İqtisadi Əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
2-ci iclası keçirilmişdir
Noyabrın 11-də Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir.
İclasda Macarıstan tərəfini Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri xanım Roza Nadın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmiş, Prezident İlham Əliyevin Macarıstana, Macarıstanın Baş naziri Viktor Orbananın ölkəmizə səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını bildirmişdir. O vurğulamışdır ki, Azərbaycan ilə Macarıstan arasında iqtisadi sahədə möhkəm qanunvericilik bazası mövcuddur. Nazir diqqətə çatdırmışdır ki, bu ilin 9 ayında ötən ilin müvafiq dövründəkindən 2,46 dəfə çox ticarət dövriyyəsi olmuşdur.
Ş.Mustafayev ölkə iqtisadiyyatı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat vermişdir. O demişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini deyən nazir, ötən müddətdə bu istiqamətdə bir sıra mühüm infrastruktur və nəqliyyat layihələrinin həyata keçirildiyini vurğulamışdır. Hazırda regional əməkdaşlığın inkişafında başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 20 faiz torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan çox soydaşımız yurd-yuvasından qaçqın düşmüşdür.
Xanım Roza Nad ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu demişdir.
İclasda ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə, bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılmışdır.
Sonra iclasın
yekunlarına dair Protokol imzalanmışdır. Sənədi
komissiyanın həmsədrləri
- Azərbaycanın iqtisadi
inkişaf naziri Şahin Mustafayev və Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nad
imzalamışlar.
İclas
çərçivəsində Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
ilə Macarıstanın
Ticarət və Lisenziyalaşdırma İdarəsi
arasında metrologiya sahəsində texniki əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 12 noyabr.- S. 7.