«Der Standard»: Azərbaycan siyasi həll tələb edir
Avstriyanın nüfuzlu gündəlik
"Der Standard" qəzetində
"Dağlıq Qarabağ. Azərbaycan siyasi
həll tələb edir" sərlövhəli
məqalə dərc olunmuşdur. Məqalə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriya mətbuat nümayəndələri
ilə görüşündə
Azərbaycan-Ermənistan, Dağlıq
Qarabağ münaqişəsi,
Azərbaycanın iqtisadi
potensialı, enerji siyasəti, regionda oynadığı rola dair fikirləri əsasında hazırlanmışdır.
Məqalənin girişində Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı oxucuların diqqətinə
çatdırılır ki,
Bakının bu məsələdə tutduğu
əsas mövqe ərazi bütövlüyü
prinsipi, yəni işğal olunmuş Azərbaycan torpaqlarının
geri qaytarılmasıdır. Bununla bağlı
A.Əzimov bildirmişdir
ki, Azərbaycan münaqişənin həlli
istiqamətində müharibə
arzulamır və münaqişənin siyasi
yolla nizamlanmasına tərəfdardır. Lakin bu məsələ ilə məşğul olan ATƏT-in
Minsk qrupu indiyədək
heç bir uğura imza ata bilməmişdir.
Münaqişənin nizamlanmasında
Azərbaycanın gedə
biləcəyi güzəştli
həll heç bir halda ərazilərin
Ermənistana verilməsindən
ibarət ola
bilməz, bu güzəşt hər iki icmanın birgə yaşayışı
kimi səciyyələndirilə
bilər.
Münaqişənin hərb yolu ilə həlli
variantına dair sualı cavablandıran A.Əzimov Azərbaycanın
müharibə arzulamadığını
bir daha vurğulamışdır. Bildirilmişdir
ki, Azərbaycan siyasi həll tərəfdarı olsa da, eyni zamanda,
güclü ordu qurmalıdır. Lakin bununla yanaşı, Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında bütün
siyasi vasitələrdən
yararlanaraq ölkənin
ərazi bütövlüyünü
bərpa etməyə
çalışmaqdadır.
Ara-sıra Avropa mətbuatına
yol tapan və Azərbaycanın hərbi potensialının
güclənməsinə dair
Ermənistanın qaldırdığı
hay-küyə
sadə faktlarla aydınlıq gətirən
A.Əzimov qeyd etmişdir ki, üç milyona yaxın əhalisi olduğu halda, Ermənistan hazırda 71
min nəfərlik orduya
malikdir. Əhalisinin sayı üç dəfə çox olan Azərbaycanda isə silahlı qüvvələrin heyəti
63 min nəfərdən təşkil
olunmuşdur. Bu müqayisənin
özü kimin hərbiləşməyə daha
çox meyilli olduğuna bir misaldır. Eyni zamanda, diqqətə çatdırılmışdır ki, Ermənistan ordusunun tez-tez atəşkəsi pozması
nəticəsində Azərbaycanın
mülki əhalisi arasında çoxlu insan tələfatı baş verir.
Qeyd edilmişdir ki, münaqişənin uzanması
nəinki Azərbaycan
və Cənubi Qafqaz regionu, eləcə də Avropa üçün böyük fəsadlara gətirib çıxara bilər. Çünki neft-qaz resurslarının həm istehsalı, həm də tranziti üçün böyük potensiala malik Azərbaycanın cəlb olunduğu bu münaqişə Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasına ciddi təhlükə yaradır.
Azərbaycanın iqtisadi yüksəliş
dövrünü yaşadığını
qeyd edən nazir müavini ölkənin enerji daşıyıcıları sayəsində
yüksək səviyyəli
qlobal oyunçu olduğunu bildirmişdir. Çoxşaxəlilik prinsipini
rəhbər tutan Azərbaycan qonşu ölkələrlə yanaşı
Avropa, Amerika, Asiya dövlətləri ilə sıx iqtisadi və çoxqütblü xarici
siyasi əlaqələr
qurmuşdur. Belə bir vəziyyətdə Ermənistan nəticə çıxarmalı və
indiyədək nələr
əldə etməsi barədə özünə
sual verməlidir. Ağır iqtisadi durum şəraitində vətəndaşların
ölkəni tərk etməyə məcbur olduğu Ermənistan müstəqillik əldə
edəndən bəri
öz əhalisinin yarısını itirmişdir.
Bu vəziyyəti yalnız
bir adla qiymətləndirmək mümkündür:
milli fəlakət. Çünki əsas insan resursu olan
gəncləri Ermənistanda
qalmaqda özünə
heç bir perspektiv görmür.
A.Əzimov jurnalistlərin digər
mövzularda da suallarını cavablandırmış,
Azərbaycan dövlətinin
mövqeyini ifadə etmişdir.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2011.-12 noyabr.- S. 7.