İdeyalar, arzular şairi...
Onlar poeziya adlı bir gülüstanın qoşa qanadları idilər. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məramda, məqsəddə bir ürəyə dönürdülər. Xalq şairləri Mədinə Gülgün və Balaş AzəroğluE Uzun illər bir ocağın başında əyləşərək övladlar böyütdülər, kitablar yazdılar. Azərbaycan poeziyasına öz töhfələrini bağışladılar. Günlərin birində Mədinə xanım ömür-gün və qələm dostunu bu qovğalı dünyada tək qoyaraq əbədiliyə qovuşdu. Balaş Azəroğlu əqidəsinə, məramına, mövzularına da sadiq idi, yarına da. Xeyli müddət bu evin əşyalarına belə toxunulmadı. Mədinə xanımın sağlığındakı kimi hər şey əvvəlki tək yerində qalırdı. Mebellər köhnəlsə də, pərdələr, örtüklər saralsa da, Balaş müəllim bunların təzələnməsinə can atmadı: "Bax, o kibriti görürsünüz, son dəfə Mədinə xanımın əlində olub. Təzəsini alıb işlətmişik, amma ona toxunmamışıq. Mən bilirəm ki, ruhu burdadır. Mən heç vaxt onu incitməmişəm, küsdürməmişəm. İndi də ürəyim gəlməz ki, onun səliqəsi pozulsun". Qəribədir, amma insani duyğularıdır, bəzən də dərk olunmayan qeyri-adi hisslərdir.
Bu günlərdə qəzetdə oxuduğum bir məlumat məni yaman sarsıtdı: "Xalq şairlərinin əşyaları muzeyə hədiyyə olunub". Ey gidi dünya! Balaş Azəroğlu da Mədinə xanımın yanına qanadlanıb. Kimsəni də qınamalı deyil. Şəxsiyyətlərin əlyazmalarının, onlara məxsus əşyaların ən yaxşı qorunduğu və nümayiş edildiyi yer məhz muzeylərdir. Övladları da qınamaq olmur: mebel də yeniləşməlidir, pərdə də təzələnməlidir, mənzil də təmir olunmalıdır. Kaş, əvvəlcədən hər şey elə qurulub biçiləydi ki, şəxsiyyətlərin ev-muzeyləri öz sağlığında olduqları kimi yaradılaydı. Onlara məxsus əşyalar eləcə yerində saxlanılaydı. Bu həm də onların həyat tərzindən, məişətindən xəbər vermək baxımından da dəyərlidir. Nə isə...
2006-cı ildə Balaş Azəroğlu mənə şəklini və kitabını bağışlayaraq 90 illiyimdə məqalə yazarsan - dedi. "Niyə tələsirsiniz, hələ o günə çox var" - söylədim. "Eh, ay qızım, ömürə bel bağlamaq olmaz" - demişdi.
Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndəsi olan Balaş Azəroğlu
haqqında ədəbiyyatşünas alimlərin maraqlı
fikirləri var. Söyləyirlər ki, o, ömrü
boyu Səməd Vurğun
ənənələrinə sadiq qalaraq poeziyası ilə Vurğunun
səsini, nəfəsini xatırlatdı. Tənqidçilər
haqlıdırlar. Balaş Azəroğlunun
elə şeirləri var ki,
oxuyanda mütləq böyük
Vurğunu yad edirsən.
Məsələn, Səməd Vurğun deyirdi: "Bizim gəlinlərin
bayramqabağı fəsəli yaymağı yadıma düşdü". Balaş
Azəroğlu isə belə yazırdı:
Yenə el adəti, elin bayramı,
Axırçərşənbəsi, bahar axşamı,
Bu gün nov üstünə gedəcək hamı,
Qızların qatarı yadıma düşdü.
1960-cı ildə dərc edilmiş
"Elə oğul istəyir vətən"
şeiri ilə bağlı xalq yazıçısı və tənqidçi
Mehdi Hüseyn
yazırdı: "Sağ ol,
qardaşım, sağ ol!
Sənin bu şeirin
aydın, sərt, kəsərli ifadələrdə minlərcə,
yüz minlərcə, milyonlarca
oxucunun mənəvi dəyanətini,
mübarizə əzmini, inam və iradəsini
daha da möhkəmlətmək
məqsədi daşıyır". Mehdi
Hüseynin bəyəndiyi, dəfələrlə
öz tənqidi məqalələrində
nümunə gətirdiyi həmin poetik arzularda deyilirdi:
Elə
oğul istəyir vətən,
Dişilə
zənciri qıra bilsin.
Süngü
qabağında
Sinəsilə
dura bilsin.
Ağır
tankları əritsin nəfəsi,
Top
gülləsindən uzaq getsin
Haqq
deyən səsi...
Neçə
görkəmdə,
Neçə
adda
Milləti
toplaya bilsin
Bir
bayraq altına!..
Bir
yumruq kimi birləşsin
Sözün,
Qılıncın,
Şeirin
qüdrəti.
Azadlıq
təşnəsi milləti
Apara bilsin ardınca,
Həsrətdə saralınca!
Əlinə qələm alan gündən Balaş Azəroğlu ömrünün sonunadək
vətənpərvərlik mövzusunda, milli azadlıq ideyaları ilə bağlı çoxlu sayda əsərlər yaradıb.
Min arşın quyunun dibinə salınmış tarixi həqiqətləri üzə
çıxarmaq məqsədilə
və eləcə də həmvətənlərinin
yadına salmaq üçün ömrünü
odlara atıb. Təzyiq və əsarətin, məşəqqətli illərin
hər cür əzab-əziyyətini yaşayan
Balaş Azəroğlu
həm də Azərbaycan ədəbiyyatında
siyasi lirikanın istiqamətini təyin edən şair kimi dəyərləndirilir.
Xalq yazıçısı
Anar unudulmaz şairin bu sahədəki fəaliyyətini
belə qiymətləndirir:
"Balaş Azəroğlunun
bu tarixi xidməti Cənubi Azərbaycan ədəbiyyatına
yeni ab-hava gətirməklə bərabər,
ümumazərbaycan şeirində
də mühüm və parlaq bir səhifədir... Təbrizi tez-tez yuxusunda görən, Arazın o tayı üçün həsrət çəkən
Balaş müəllimlə
Mədinə xanımın
möhnətlərini, doğma
şəhərləri, el-obaları
üçün nə
qədər qəribsədiklərini
həmişə hiss etmişəm".
Balaş Allahbaxış oğlu Abizadə 1921-ci il
noyabrın 11-də Bakı şəhərində anadan olub. Valideynləri Cənubi
Azərbaycanın Ərdəbil şəhərinin Səlim
qışlağı kəndindən idilər. Orta təhsilini
Bakıda almışdır. İlk mətbu
şeiri "Dnepr"
adlanırdı. 1937-ci ildə Bakıda qəzetlərin birində
çap edilmişdir.
Ölkəni bürümüş repressiya bu ailənin də
bəxtinə qara günlər
yazmışdır. İran təbəəsi
olduğundan 1937-ci ildə Cənubi Azərbaycana
sürgün edilmişdilər.
"Karvan" adlı şeirində öz nisgilini dilə gətirən
Balaş Azəroğlu elə həmin ildə
yazırdı: "Karvan cənuba gedir, karvan bəzən vətəndən
uzaqlara yol
alır". Sonra da için-için ağlayaraq
əzizlərinin yana-yana söylədiyi
bayatını dinləyərmiş: "Ağ
dəvə düzdə qaldı, Yüküm
Təbrizdə qaldı..." Sonadək eşitməyə gücü çatmayaraq
qışqırarmış: "Bizim yükümüz Bakıda qaldı,
axı..." Xəzər sahilindən ayrılan ailə qədim
Babək yurduna - Savalanın ətəyinə
köçüb. Burada
ibtidai məktəbdə fars
dilində təhsil alıb. Erkən yaşlarından
milli-azadlıq hərəkatına qoşularaq
İran Xalq
Partiyasına daxil olub.
Bu
partiyanın şahlıq üsul-idarəsinin əleyhinə təşkil
etdiyi mitinqlərdə fəal iştirak edərək milləti inqilaba çağıran şeirlər yazar və onu özü səsləndirərmiş. "Azəroğlu"
imzasını da elə o
vaxtdan götürərək ilk şeirini - "İnqilab şairiyəm" adı ilə çap etdirib. Özü belə deyərdi: "Bu şeir mənim həyat
proqramımın ilk qaranquşu
idi". Bu şeir həm də Balaş
Azəroğlunu külli Azərbaycanda
tanıdan uğurlu bir
poetik məram oldu:
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan
qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş
məni,
Şeirim eldən alıbdır bu ilhamı, bu qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,
Azadlıq carçısı, inqilab
şairiyəm.
Könül dəftərinin bütün
yükünü bax belə, ilhamdan yoğrulmuş şeirlərdən
tutdu Balaş Azəroğlu. Ömrü boyu mərd
və əyilməz oldu. Ərdəbildə çıxan "Yumruq" qəzetinə redaktorluq etdi. "Vətən yolunda"
qəzeti redaksiyasının
keçirdiyi müsabiqədə
"Səttarxan" şeiri
mükafata layiq görüldü. Ərdəbildə müxtəlif vəzifələrdə
çalışan Balaş
Azəroğlu Təbrizdə
milli hökumət tərəfindən oradakı
Dövlət Radio Verilişləri
Komitəsinin sədr müavini təyin olunub. "Yazıçılar
və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçildi. Həm Ərdəbildə, həm
Təbrizdə onun şeirlər kitabları çap edilməyə başladı. 1941-1945-ci illərdə Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatında fəal
iştirakına görə
Milli hökumət tərəfindən "21 Azər"
medalı ilə təltif olundu. 1946-cı ildə "Firdovsi" medalı aldı. Amma burada da uzun müddət yaşaya bilmədi. 1947-ci ildə Bakıya
mühacirət etməyə
məcbur oldu. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində
təhsil aldı.
Ali məktəbi qırmızı
diplomla bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışan
Balaş Azəroğlu
dissertasiya yazdı, müdafiə edərək
filologiya elmləri namizədi, alimlik dərəcəsi aldı. 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinin
üzvü seçildi.
İctimai-siyasi işlərlə yanaşı, ədəbi
fəaliyyətini də
uğurla davam etdirdi. Sağlığında 40-a yaxın kitabı
işıq üzü
gördü. Bir sıra
elmi-tədqiqat və tərcümə kitabları
çap edildi. Ədəbi və ictimai fəaliyyəti dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilən Balaş
Azəroğlu hələ
sovet dövründə
bir sıra orden və medallarla
təltif edilmişdi.
1981-ci ildə Azərbaycanın
"Xalq şairi",
fəxri adına
layiq görülüb.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra "Şöhrət" ordeni
ilə mükafatlandırılan
Balaş Azəroğlu
həm də Prezident təqaüdçüsü
idi.
Gah o tayda, gah bu tayda
vətən bütövlüyünün
həsrəti ilə yanıb- qovrulan Balaş Azəroğlu yarım əsr ayrılıqdan sonra Təbriz şəhərini
görmək arzusuna da qovuşdu. Onun bu münasibətlə yazdığı şeirində
deyilir:
İnanmırdım, ana Təbriz,
Bir də səni görüm belə;
İllərimi saya-saya,
İstəmirdim öləm belə.
Cənublu şair Səməd
Behrənginin qəbri
başında çəkdiyi
ağı da Balaş Azəroğlunun illər boyu qəlbində gəzdirdiyi
dözülməz həsrətdən
xəbər verirdi:
"Bilmirəm fələyin
bizlə qəsdi nə?"
Fikir və ideya şairi olan Balaş Azəroğlu ədəbiyyat
sahəsində qələm
çaldığı gündən
öz prinsipinə, məramına sonadək əməl etdi. O, sanki bir döyuş meydanına atılaraq cəngavər kimi vuruşdu. O, əsl şair, vətəndaş
olduğunu öz şeirləri ilə dəfələrlə sübut
etdi. Azadlıq sevən, bu
yolda ən ağır məhrumiyyətlərə
dözməyi bacaran Balaş Azəroğlu xalqının taleyindən
yazmaqdan yorulmadı.
Millətin böyüklüyünü, əyilməzliyini tərənnüm
edə-edə bizə
saplanan baltaların da kimin əlində
olduğunu dəfələrlə
dürüst söylədi.
Onun şeirlərini oxuyanda həm heyrətlənirsən,
həm də içində bir qəzəb püskürür.
Bu qədər böyük və alicənab bir millətin suçu nədir ki, illər boyu dərdini Arazın sularına axıdır?
Və bu nəhrin öz günahı nədir ki, poeziyamıza ayrılıq
çayı, duyğularımıza
çəpər kimi
daxil oldu?
Balaş Azəroğlu yaradıcılığına
nəzər yetirəndə
onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan
əsərlərindən xüsusi
danışmaq gərəkdir. Şair ədəbiyyatımızın
bu coğrafi məkanına yeniliklər
gətirən, forma axtarışları
və mövzuları
ilə seçilən
bir müəllif kimi ucada dayanır.
Hələ 1937-ci ildə
16 yaşında ikən
yazdığı "Addımlar"
şeirində görün
nə deyirdi:
Körpəcə bir quşam, asiman dərin,
Mən o dərinliyə
uçmaq istərəm.
Nəğmə dəftərimin, söz
dəftərimin,
Adını "Vətən"lə açmaq istərəm!
Bu "Vətən" dəftərinin sayı çox oldu. Mətin və
igid bir oğul kimi hər cür çətinliyə dözərək
vətən sevgisini könül sözləri
ilə dilə gətirməyi, sənət
meydanında məğrur
yeriməyi, dəyanətli
yaşamağı, uca
görünməyi bacardı
Balaş Azəroğlu.
Bakıda yaşayanda Təbrizdən yazdı, Ənzəlidə məskunlaşanda
Xəzəri arzuladı!
Varlığında o tayı,
bu tayı birləşdirdi Balaş Azəroğlu!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-12 noyabr.- S. 8.