Azərbaycan dünyada müstəqil xarici siyasət aparan ölkə kimi qəbul edilir

 

Diplomatik fəaliyyətin effektivliyi ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin liberal xarakteri - hamılıqla qəbul olunmuş demokratik dəyərlərə tolerant münasibəti, beynəlxalq sülh və təhlükəsizliyə layiqli töfhə verməsi, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləməsi ilə üzvi surətdə bağlıdır. Ümumbəşəri sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində demokratikləşmə xəttini müdafiə etməyən, yaxud insan və vətəndaş hüquq-azadlıqlarına hörmət bəsləməyən hansısa dövlətin müəyyən beynəlxalq arenada və yaxud hansısa aparıcı təşkilat çərçivəsində nüfuz qazanmasından, geniş coğrafi arealda cərəyan edən proseslərə təsiretmə imkanlarından danışmaq mümkün deyildir. Daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ardıcıl addımlar atmadan diplomatiya sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyü hazırda bütün dövlətlər tərəfindən etiraf olunur.

Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, enerji resurslarından maksimum səmərəli bəhrələnməklə, hər bir  konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli üçün danışıqların aparılması, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına və ifşasına nail olmuşdur. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür.

Ölkə iqtidarının uğurlu diplomatik səyləri nəticəsində BMT Baş Assambleyasının 2004-cü il noyabrın 23-də keçirilmiş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 163 nömrəli bənd daxil edilmişdir. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılmasına münbit şərait yaratmışdır. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında - 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə" qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlatmaq lazımdır. Məlumat üçün bildirək ki, 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə etmişdir. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu sessiyada İslam Əməkdaşlıq Təşkilatının mövqeyini ifadə edən Pakistan nümayəndəsi, GUAM dövlətləri adından danışan Ukrayna nümayəndəsi, habelə Türkiyə və Uqanda təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən layihəni dəstəkləməyə çağırmışlar. Müzakirələrin sonunda keçirilən səsvermədə respublikamızın maraqlarına tamamilə cavab verən qətnamə qəbul olunmuşdur.

Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək geniş nitq söyləyən Prezident İlham Əliyev təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə, vəziyyətin ağırlaşmasına üstünlük verir və bu da gözlənilməz nəticələrə gətirə bilər.

Azərbaycanın dünya siyasətində əsas söz sahibi olan ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də tamamilə məntiqə uyğundur. Ölkəmiz 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, işğalçı Ermənistan da ilkin mərhələdə sözügedən təşkilatın Təhlükəsizlik Şurası üzvlüyünə namizədliyini irəli sürsə də, sonradan diplomatik mübarizədə Azərbaycana uduzacağını anlayaraq namizədliyini geri götürmüşdür. Bununla yanaşı, çoxsaylı seçim prosedurunda Macarıstan və Slovenya kimi Avropa dövlətləri də Azərbaycanla rəqabət imkanında olmadıqlarının açıq etirafı kimi öz namizədliklərini geri götürmüşlər. Səsvermədə 193 BMT üzvündən 155-nin Azərbaycanı dəstəkləməsi böyük diplomatk nailiyyət hesab edilə bilər.

Dövlət başçısı İlham Əliyev respublikamızın mövqeyinin dünya dövlətləri tərəfindən dəstəkləndiyini belə ifadə etmişdir: "Bu səsvermə göstərdi ki, yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış siyasət deyil. Mən bunu bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir. Biz müstəqil ölkə kimi özümüzə hörmət edirik, xalqımıza, dövlətimizə hörmət edirik. Siyasətimizi yalnız Azərbaycan xalqının maraqları üzərində qururuq. Bütün ölkələrlə onların ölçülərindən, qüdrətindən asılı olmayaraq, bərabərhüquqlu münasibətlər qururuq".

Təşkilatın Nizamnaməsinin 24-cü maddəsinə əsasən, BMT və onun üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının məsuliyyətini Təhlükəsizlik Şurasının (TŞ) üzərinə qoyurlar. Təhlükəsizlik Şurası bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə, təsir imkanlarına malik orqandır. Təşkilatın Nizamnaməsinin 27-ci maddəsində göstərilir ki, Təhlükəsizlik Şurasının 9 üzvü səs verdikdə qərarlar qəbul olunur. Nəticə etibarilə, Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbulu və s.) həlledici ola bilər. Bu isə BMT Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir.

BMT Nizamnaməsinin 7-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir. Eyni zamanda, tam və ya qismən iqtisadi sanksiyaların tətbiqi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə, Təhlükəsizlik Şurasının qərarı ilə güc tətbiqi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə əsasən, regional razılaşmaların yerinə yetirilməsi üçün Təhlükəsizlik Şurasına  məcburetmə imkanları verilir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır.

Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətinə çevrilmişdir. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum şəkildə yararlanaraq uğurlarının miqyasını artırmaqdadır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-13 noyabr.- S.  1.